Moskvanın Laçın yolu ilə bağlı planı dəyişdi – Yeni oyun hazırlanır

Ermənistan vandallıqda, soyqrım törətməkdə öz “bacısı” və “adaxlısından” heç də geri qalmır. Sanki bu dövlətlər söküb-dağıtmaq, məhv etmək üçün var və onlara tapşırılan xüsusi missiya da elə bundan ibarətdir. Bunu tək mən yox, tarixi faktlar da belə deyir. 

Amma Ermənistanın tək bacardığı da bundan ibarət deyil. Ermənilər eyni zamanda şantaj etmək, dezinformasiyalar yaymaqda da misilsizdirlər. Onlar bunu müxtəlif yollarla, müxtəlif kanallarla edirlər. Biz bunu 44 günlük Vətən müharibəsində daha yaxşı görmüşdüksə, Laçın yolunun bir neçə günlük sülhməramlılar tərəfindən bağlanması hadisəsini Azərbaycan edibmiş kimi dünya ictimaiyyətinə çatdırmaqla da bir daha ən yaxşı bildikləri işin nə olduğunu yenidən nümayiş etdirdilər. 

Xüsusilə bu məsələdə erməni lobbisinin pulu yenidən işə düşüb. O pullar isə hazırda ən çox Rusiyadan Azərbaycana qarşı “silah tuşlanmasını” artırıb. Hər kəs bilir ki, Rusiyada ermənilərin pulla satın aldığı çoxsaylı “ekspert” və politoloqlar var. Onlar bu ölkənin Kremlə bağlı olan mərkəzi kanallarına çıxaraq Ermənistanın maraqlarını onların istədiyi şəkildə təbliğ edirlər. 

Bəzən pul onların gözünü o qədər kor edir ki, Kremlə zidd də açıqlamalar verməkdən belə çəkinmirlər. Amma bu süjet xətti Bakı üçün sürpriz deyil. Qeyd etdiyim kimi, ən azı 44 gün ərzində Azərbaycan özünə qarşı belə təhdid və qarayaxma kampaniyalarına şahid olmaqla bu cür situasiyalarda ona ən çox “zərbənin” haradan gəlmək ehtimalını artıq öncədən düzgün proqnozlaşdırmaqda ustalaşıb. 

Rusiyanın Xarici işlər nazirliyinin rəsmi təhsil ocağı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Mixail Aleksandrovun Bakını, onun mərkəzini və neft buruqlarını, neft yataqlarını vurmağın mümkünlüyü ilə bağlı açıqlamalarla Azərbaycana barmaq silkələməsi bir daha deməyə əsas verir ki, Rusiyadakı erməni probokandası Laçın yolunda Azərbaycanın ekoloqlarının, QHT nümayəndələrinin, vətəndaş cəmiyyəti üzvlərinin sivil etirazından daha böyük təxribatlara zəmin hazırlamaq üçün ciddi səylə çalışır. 

Keçən ilin 22 fevral tarixindən Rusiya ilə Azərbaycan arasında strateji münasibətlərlə bağlı əgər saziş varsa və müttəfiqinə Rusiyada bu cür şəxslərin dil uzatmasına imkan yaradılırsa, buna görə həmin şəxs qədər ən azı rəsmi Moskva da məsuliyyət daşıyır və bu qeyri-rasional addımdır. 

Azərbaycanlıların Laçın yolundakı aksiyası belə görünür ki, Rusiya üçün gözlənilməz idi. Öncə yola dəmir arakəsmələr çəkən, modul yataqxanalar düzərək gediş-gəlişi əngəlləyən sülhməramlılar dünəndən etibarən qəfil mövqelərində dəyişiklik ediblər.

Belə ki, ilk gündən indiyə qədər etirazçılarla üzbəüz dayanan sülhməramlılar aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıblar. Onlar eyni zamanda yola düzdükləri modul yataqxanalarını da ərazidən uzaqlaşdırıblar.

Kontingentin bu addımının müxtəlif səbəbləri ola bilər:

Hər kəsin rus hərbi kontingentinin yolu daha uzunmüddətlik bağladığını düşündüyü bir vaxtda sülhməramlıların belə bir gediş etməsi Qarabağdakı ermənilərin həqiqəti öyrənməsi ilə əlaqədardır.

Yəni bu zamana kimi separatçılar və sülhməramlıların davranışı vasitəsi ilə Qarabağın yerli ermənilərinə “Azərbaycanlılar sizi öldürəcək, bunun üçün yolu bağlayıblar” deyirdilərsə, ermənilər açıq şəkildə gördülər ki, sülhməramlıların müvəqqəti nəzarət zonasında qazı kəsən də, Xankəndinə gələn yolu bağlayan da bu vaxta kimi onlara Azərbaycana qarşı nifrəti aşılayan cinayətkar qrupun özüdür. 

Əslində sülhməramlıların azərbaycanlı aksiya iştirakçıları ilə üz-üzə, göz-gözə dayandıqları yerdən birdən-birə geri çəkilməsi Azərbaycanın dünya ictimaiyyətinə “yolu biz yox, sülhməramlılar bağladı” informasiyasını doğru-düzgün ötürməsi ilə də əlaqədar olmaq ehtimalı yüksəkdir. Kontingent məcburiyyətdən belə bir gediş edərək həm ermənilərə, həm də dünya ictimaiyyətinə nümayiş etdirmək istədi ki, “biz yoldan çəkilmişik, bizim yolu bağlamaq kimi fikrimiz yoxdur”. Amma ay Andrey Volkov, ay Ruben Vardanyan, iş-işdən keçib, gecdir.

9 gündür aksiyanın davam etdiyini nəzərə alsaq, qarşı-şaxtalı hava şəraitinə rəğmən Moskva Bakının fikrindən dönməyəcəyinə əmin olduqdan sonra sülhməramlıların komandanlığına belə bir ytapşırıq verə bilər. Və nəticədə aksiyada iştirak edənlərin sayının azalmaq yerinə günbəgün artması Rusiyanı bunun qarşısını ala bilməyin mümkünsüz olacağına inadırdı. Xüsusilə də etirazların ilk günündə Vladimir Putinin İlham Əliyevə zəng etməsinə rəğmən Bakı olduqca qətiyyətli və qərarlı mövqeyindən bir addım geri çəkilmədi.

O səbəbdən də aksiya iştirakçılarının yeni tələblərlə çıxış etməyə başladığını gördükdən sonra bu geri çəkilmə Rusiyanın mümkün təxribata hesablanmış bir planının tərkib hissəsi də hesab edilə bilər. 

İstisna edilmir ki, Qarabağda xüsusi hazırlanmış “mülki erməni” qruplarının əraziyə gəlməsi və mümkün qarşıdurmanın yaranması halında “etnik toqquşma” bəhanəsi ilə sülhməramlılar prosesə fiziki müdaxilə etsinlər və aksiya davam edəcəyi halda bu cür təxribatlar hər gün burada təkrarlana bilər. İstər Rusiya, istərsə də qondarma rejimə havadarlıq edən digər beynəlxalq oyunçular Bakı qarşısında tələb irəli sürmək üçün bu fürsəti zəmin bilərək “Əgər bölgədə sülh istəyirsənsə aksiyaya ara verməlisən” tələbini qaldırmağı da ağıllarının ucundan keçirərlər. 

Amma Rusiya və Ermənistan anlamır ki, Azərbaycanın qızıl yataqlarını talamaqla necə ki, öz işlərini çətinə saldılar və indi də bu vəziyyətdən çıxış yolu tapmaq üçün necə ki, çıxmadıqları oyun qalmayıb, belə təxribatyönlü planlar da qurmaqla Bakının daha bir adekvat addım atmasına səbəb ola bilərlər.

Bununla da Azərbaycan həm rus hərbi kontingentinin, həm də qondarma rejim mənsublarının bölgədəki ömrünü daha da qısalda bilər və nəticədə separatçıların və onların himayədarları sülhməramlı kontingentin Azərbaycan tərəfinin Laçın yolunda qurduğu çadırları necə konteynerlərlə əvəzləməsini izləməkdən başqa əllərindən heçnə gəlməyəcək.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button