Müəmmalı partlayışlar: İran içəridən “vurulur?”
İranda son zamanlar baş verən ard-arda partlayışlar bu ölkədə rejimin çətin durumda olduğundan xəbər verir.
Belə ki, İranın İsfahan əyalətində yerləşən Natanz nüvə kompleksində iyulun 2-də baş vermiş partlayışdan sonra daha bir sirli partlayışın baş verdiyi üzə çıxıb. Natanaz nüvə mərkəzində baş vermiş partayışdan bir neçə gün əvvəl Parçin hərbi kompleksində də partlayış baş verib. Bu mərkəzdə İran ballistik raktlər və digər yeni silahlar işləyib hazırlayır.
Bu arada beynəlxalq KİV-lər İranda daha bir müəmmalı partlayış haqda xəbər verir.Məlumata görə Tehrandan cənubda, Beqarşəhrdə İnqilab Keşikçiləri Korpusuna məxsus olan neft emalı zavodunda güclü partlayış baş verib, nəticədə azı 2 işçi həlak olub.
Baş verən bütün bu partlayışlar İrana qarşı yeni mübarizə üsülü ola bilərmi?
Məsələyə münasibət bildirən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında deyib ki, İranda bu kimi hadisələr yeni deyil və gözləniləndir:
“İran İslam İnqilabından sonra bu ölkədə müxtəlif yönlü, siyasi təmayüllü təşkilatların terror aktları təşkil olunub. İranın ictimai-siyasi həyatı terrorsuz olmayıb.Hətta ölkənin Ali Dini lideri Seyid Əli Xamneyinin bir qolunun iflic olması da sui-qəsd hadisəsinin nəticəsidir.Yəni İranda İbadətgah olan İmam Rzanın məqbərəsində zaman-zaman partlayışlar törədilib.Eyni zamanda bu partlayışlar böyük məscidlərdə də baş verib. Yəni bu tip partlayışlar İranda mütəmadi şəkildə olub. Zamanında İran İslam İnqilabını təşkil edib hakimiyyətə gələnlər solyönlü insanlara qarşı terror aktı törədiblər.İndi də onun cavabını alırlar.Bir də məsələnin siyasi tərəfi var. İranın ən çox sevmədiyi təşkilat Xalq Mücahidləri Təşkilatıdır.Bu təşkilat əsasən İraqda yerləşirdi. Bir neçə il qabaq onları İraqdan çıxarıb Fransaya yaydılar. Hazırda onlar dünyanın müxtəlif yerlərində yayılıblar.Ehtimal olunur ki, onların hələ də İranda adamları var. Bu kimi partlayış hadisələri zamanı da İran hakimiyyəti düşünür ki, onu Xalq Mücahidləri Təşkilatı edib.Bundan başqa bəlucların da təşkilatı var. Çox zaman Əfqanıstanla Pakistan sərhəddi yaxınlığında baş verən hadisələrdə bəluclardan şübhə edilir.Çünki bəlucların silahlı qruplaşmaları var. Bəzən də bu kimi hadisələrdə PKK-nın İran qolu olan PJAK-dan şübhə edilir.Xuzistanda yaşayan ərəblərin də belə partlayışlarda səbəbkar olduğu haqqında məlumat yayılır”.
Ekspert partlayışlarla bildirilən bu etirazların hansı tələbdən meydana gəldiyini də izah edib:
“Bütün bu etirazların özünün tələbi var. Bu tələbin əsasında dayanan faktor İran hakimiyyətinin ölkə vətəndaşlarına qarşı olan amansız rəftarıdır. Həmin terror faktları həyata keçirən qurumlar hadisənin səbəbini açıq şəkildə bəyan etmir. Qayda belədir: İstənilən təşkilat hər hansı bir partlayış aktını həyata keçirəndə bəyan edir ki, bunu o həyata keçirib və səbəbi də açıqlanır. İranda isə baş verən partlayışlarda adətən bu tip bəyanatlar olmur. İran hökuməti bu kimi partlayışları ilk növbədə İsrailin törətdiyini düşünür.Ona da əli çatmayanda İsrailin və Amerikanın İrandakı adamlarını günahlandırır.Bu da olmayanda mücahidlərin, ərəblərin və bəlucların üzərinə yıxır.Bunun ardınca da həbslər və təqiblər başlayır.Yəni həmin partlayışdan istifadə edən İran, rejimə müxalif olan şəxsləri neytrallaşdırmağa çalışır”.
Sədrəddin Soltan bu kimi partlayışların İranın özü tərəfindən də törədilməsinin mümkün olduğunu da əlavə edib:
“Ola bilər ki, bu partlayışları xaricdən və ya daxildən hansısa qüvvələr həyata keçirsin. Burada məqsəd hakimiyyəti zəiflətmək, ölkədə xaos yaratmaq və xalqla hakimiyyət arasında olan təhlükəsizlik məsələsi ilə bağlı etimadı azaltmaqdır. Bu nəticə etibarı ilə iran vətəndaşlarına “hakimiyyət xalqın təhlükəsizliyini təmin edə bilmir” subliminal mesajını verməkdir. Bu tip aksiyalar əvvəl də olub, bundan sonra da olacaq. Çünki İranda insanların süveren huquqları boğulur.Nəticədə isə rejimin bu addımına qarşı olan mübarizə partlayışlar şəklində büruzə verib.Bu gün İran məsələsi gündəmdə olduğu üçün baş verən partlayışlar təəccüblü gəlir.Lakin bu hərzamankı kimi etiraz formasıdır və gözləniləndir.Ola bilər ki, bu partlayışları İran hakimiyyəti özü törədir ki, hansısa siyasi qüvvələri və ictimai fəalları boğa bilsin”.