Müdafiə nazirinin prezidentə dediyi yalanlar ifşa olundu – Bütün rəqəmlər şişirdilib

Xaqani Cəfərli: “Rusiya ordusunun Ukraynaya məxsus 3800 zirehli texnikanı məhv etdiyi iddia olunur, halbuki müharibənin əvvəlində Ukraynanın cəmi 2416 zirehli texnikası olub”

“İki gün öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə “Luqansk Xalq Respublikasının” (LXR) “azad edilməsi” ilə bağlı hesabat vermişdi. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda Lisiçansk şəhəri və yaxınlıqdakı bir sıra iri yaşayış məntəqələrinin, o cümlədən də Beloqorovkanın üzərində tam nəzarəti bərqərar edildiyi də öz əksini tapmışdı. Bu gün Ukrayna tərəfi Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətinin Beloqorivka yaşayış məntəqəsinə işğalçıların hücum hərəkətlərini dəf edərək Rusiya ordusunu geri çəkilməyə vadar etdiyi haqqında məlumat yayıb”. Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq bildirib ki, İlan adasını “xoş niyyətlə” tərk etdiyini rəsmən açıqlamaqdan çəkinməyən Rusiya Müdafiə Nazirliyinin müharibə başlayandan 26 iyun tarixinə kimi olan bütün açıqlamalarını təhlil edən “Proekt” internet resursu Ukrayna ərazilərinin işğal edilməsi ardıcıllığı və Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatlarda ciddi uyğunsuzluqlar aşkar edib: “Proekt”in jurnalistləri müəyyən edib ki, nəzarət altına alınan ərazilərin siyahısında 25 yaşayış məntəqəsinin adı ən azı iki dəfə çəkilib. Yəni, Rusiya ordusu 25 yaşayış məntəqəsini iki dəfə işğal edib. Kremennaya şəhərinin adı 4 dəfə, Borovenki, Taramçuk və Novomayorskaya yaşayış məntəqələrinin adı 3 dəfə işğal olunan ərazilərin siyahısında çəkilib. Rusiya Müdafiə Nazirliyinin müharibə zamanı 84 “Bayraktar”ın məhv edilməsi barədə məlumat verildiyinə diqqət çəkən “Proekt”in jurnalistlərinin bildirdiyinə görə, bu rəqəm Ukraynanın malik olduğu Türkiyə istehsalı dronların rəsmi sayından təxminən, iyirmi dəfə çoxdur. Martın 3-də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Kiyev rejiminin döyüş qabliyyətli bütün aviasiyasının məhv edildiyi deyilirdi. Ukrayna ordusuna məxsus məhv edilmiş zirehli texnikanın sayı ilə bağlı açıqlaması da ciddi şəkildə şişirdilib”.

Xaqani Cəfərlinin sözlərinə görə, araşdırma aparılan müddətə kimi Rusiya ordusunun Ukraynaya məxsus 3800 zirehli texnikanı məhv etdiyi iddia olunur, halbuki müharibənin əvvəlində Ukraynanın cəmi 2416 zirehli texnikası olub: “Müharibə müddətində də Qərb ölkələri təxminən, 700 ədəd zirehli texnika verib. Aydın görünür ki, Rusiya ordusu məhv etdiyi texnikaların sayını əhəmiyyətli dərəcədə şişirdib. Rusiyanın bu yalan məlumatlarla cəmiyyəti nəzarətdə saxlamağa çalışır. Belə görünür ki, Rusiyanın rəsmi dairələri internetin mövcudluğundan hələ xəbərsizdirlər”.

Hamısını Göstər

Related Articles

Back to top button