Müharibəyə bir addım?-“Rusiya üzük qaşı kimi mühasirəyə alınır”

Amerika ilə Rusiyanın münasibətlərindəki gərginlik həm Qərbdə, həm də Şərqdə özünü kəskin şəkildə göstərir. Avropadakı NATO ölkələri və Amerikanın Rusiyaya qarşı mövqe tutması, Kremlin Türkiyəni qıcıqlandıran addımları Moskva üçün heç də yaxşı nəticələr vəd etmir. Rusiya hazırda gözləmədiyi ölkələrdən də zərbə almağa başlayır.

Onun böyüməklə yetinməyən, daim genişlənmə siyasəti yürüdən “siyasi acgözlüyü” başına gələcək bəlaların ən birinci səbəbidir. Rusiyanın küncə sıxışdırılması Suriyada da vəziyyəti qarışdırıb. Belə ki, Əsəd rejiminin aktivləşməsi, Rusiyanın İdlibi bombardman etməsi Amerikaya güc nümayişi kimi görünür.

Lakin o, bu dəfə demək olar ki, bütün Qərbə qarşı duruş gətirə biləcəkmi?

Cebhe.info-ya açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, ABŞ və NATO ölkələri artıq ciddi şəkildə Rusiyaya qarşı təzyiq mexanizmi sərgiləyir:

“Ola bilsin ki, Suriyada vəziyyətin qarışmasında Amerika ilə Rusiyanın bir-birinə əzələ nümayişi elementləri var. Amma Rusiyanın Amerika və NATO ilə qarşıdurması ən çox Avropa qitəsində özünü sərt şəkildə göstərir. Məsələn, NATO üzvləri olan Norveç, İsveç, Finlandiya Rusiya təcavüzündən danışaraq, hərbi xərci artırır. Polşa Ukraynanın Rusiyaya qarşı öz torpaqlarını azadetmə mübarizəsini hər mənada dəstəkləyir və bu mübarizənin başlayacağı anda Ukraynaya bütün yardımları edəcəyini, hətta lazım gələrsə, qoşun yeridəcəyini açıq bəyan edib. Üstəlik də, ABŞ artıq Ukraynaya öldürücü silahlar verməyə başlayıb. Bundan başqa, Amerika özünün “D-56″ tipli bombardmançı təyyarələrini Norveçə yerləşdirib. Yəni hərbi hazırlıq hərtərəfli şəkildə aparılır. Eyni zamanda, 21 martda İngiltərə Rusiyanı özünün əsas düşməni elan edib. Bu, Rusiya üçün gözlənilməz olub və şok effekti yaradıb. Hətta Rusiya sanki geriyə çəkilirmiş kimi, yalvarıcı tonda bəyanat yaydı. Rusiya İngiltərəyə ünvanlanan çıxışda “Biz İkinci Dünya Müharibəsində və ondan əvvəl sizinlə əməkdaşlıq etmişik, bu mövqeyinizi yaxşı qarşılamırıq və Rusiya hər zaman İngiltərə ilə əməkdaşlığa maraqlıdır” vurğulanıb”.

Politoloq hesab edir ki, Rusiyanın atdığı addımlar Türkiyəni də çox qəzəbləndirib və rəsmi Ankara cavab tədbirləri üzərində düşünür:

“Hesab edirəm ki, kifayət qədər mürəkkəb proseslər cərəyan edir. Bu proseslərdə Rusiya həm əzələ nümayiş etdirir, həm də çaşqınlıqdan yanlış addımlar atır. Məsələn, Suriyada İdlib bölgəsinin bombardman edilməsi, Türkiyə ilə sərhəddə hərbi qüvvə yerləşdirməsi Ankaranı çox qəzəbləndirib. Türkiyə artıq cavab tədbirləri barədə düşünür. Yəqin ki, bunun özü də Rusiya üçün xoşagələn sürpriz olmayacaq. Bir sözlə, Rusiya üzük qaşı kimi mühasirəyə alınır. Onunla sərhədlərə artıq qoşun yerləşdirilir. Bu prosesdə əsəblər nə qədər sakit saxlanılmağa çalışılsa da, Rusiya siyasi elektratının əsəbləri gərgin olacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button