Müttəfiqlik Bəyannaməsi Azərbaycana hansı imkanları təqdim edəcək? – ARAŞDIRMA + FOTO

Politoloqların fikrincə, Müttəfiqlik Bəyannaməsi Rusiyanın Azərbaycana siyasi dəstək verməsinə, ərazi bütövlüyünün tanınması ilə bağlı ermənilərin müəyyən fitnə-fəsadlarının aradan qaldırılmasına təsir göstərəcək.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə fevralın 21-də Moskvada səfərdə olub. Səfər çərçivəsində hər iki dövlət başçısı Kremldə əvvəlcə təkbətək görüşüb, ardınca “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. V.Putin Bəyannaməni dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidi kimi dəyərləndirib. Prezident İlham Əliyev ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazasının olduğunu, indiyə qədər 245 sənədin imzalandığını xatırladaraq, həmin sənədlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bu Bəyannamə Azərbaycan-Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır, böyük imtiyaz və məsuliyyət yaradır.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov sözügedən Bəyannamənin əhəmiyyətini şərh edərək deyib ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması Ermənistanı məyus edib:

“Erməni lobbisi hesab edir ki, 44 günlük müharibədən sonra Ermənistan əvvəlcə İranı, məlum Bəyannamənin imzalanmasından sonra isə Rusiyanı Azərbaycana uduzub. Həqiqətən də, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Azərbaycan üçün böyük əhəmiyyəti var. 44 günlük savaşdan sonra istədiyimizin 90 faizinə hərbi yolla nail olmuşduq. Yerdə qalan 10 faizə nail olmaq üçün diplomatik-siyasi yolla addımlamağımız vacib idi. Bax bu 10 faizə nail olmaq, diplomatik-siyasi yolla addımlamaq üçün Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması mühüm əhəmiyyət daşıyır. İndiyə qədər erməni lobbisinin əlində yeganə bir arqument qalmışdı. Hər dəfə Rusiyada ölkəmizin haqlı mövqeyi müdafiə ediləndə rusiyalı ekspertlər deyirdilər ki, Azərbaycan beynəlxalq hüquqa görə haqlı olsa da, faktiki olaraq Ermənistan Rusiyanın müttəfiqidir. Azərbaycan imzalanan Bəyannamə ilə Rusiyadakı erməni lobbisinin təsiri altında olan bəlli dairələrin əlindən son arqumentlərini də aldı”.

Bəyannamədəki 43 bəndin hamısını nəzərdən keçirdiyini, başqa sənədlərlə müqayisələr apardığını xatırladan politoloq söyləyib ki, burada Azərbaycan üçün vacib olan bir çox məqamlar var:

“Sənədin birinci bəndində açıq şəkildə göstərilib ki, tərəflər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır, bir-birinin daxili işlərinə qarışmamaq, separatizm və terrorçuluğa qarşı birgə mübarizə öhdəliyi götürür. Eyni zamanda Bəyannamədə sərhədlərin toxunulmazlığı və sair kimi vacib prinsiplər əks olunub. Bu, Azərbaycan qarşısında geniş imkanlar açır. Prezident İlham Əliyev Moskvada mətbuat qarşısında çıxış edəndə də bu bəndi xüsusi vurğuladı. Ümumilikdə, Bəyannamənin ruhunda, orada yazılan hər bir bənddə Azərbaycanın maraqları əksini tapıb. Bu, fundamental məsələdir. Həm Rusiyanın, həm də Azərbaycanın yüksək səviyyədə beynəlxalq əlaqələri var. Hər iki dövlət imzaladığı Bəyannamə ilə müstəqil xarici siyasətini, beynəlxalq əlaqələrini məhdudlaşdırmır. Yəni Azərbaycan indiyə qədər xarici ölkələrlə imzaladığı hər bir müqaviləyə sadiqdir və bu çərçivədə qurulan əlaqələr bundan sonra da davam etdiriləcək. Bu sənədlərdən biri də Türkiyə ilə Azərbaycan arasında Şuşada imzalanan hərbi ittifaq barədə Bəyannamədir”.

Şuşa və Moskva bəyannamələrini müqayisə edən E.Namazov bildirib ki, bu sənədlərin birincisi hərbi-siyasi ittifaq, digəri müttəfiqlik hüququna malikdir:

“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında imzalanan hərbi-siyasi ittifaq sənədidir. NATO-nun nizamnaməsinin məşhur 5-ci bəndi var. Həmin bənd NATO üzvü olan dövlətlərin bir-birinə hərbi dəstəyini, müdafiəsini nəzərdə tutur. Bu, Alyansa üzv dövlətlərin öhdəliyidir. Şuşa Bəyannaməsi də məhz bu baxımdan həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Türkiyə və Azərbaycana qarşı kənardan hər hansı təhlükə olduğu təqdirdə, hansı addımların atılacağı, hansı müdafiə tədbirlərinin görüləcəyi konkret şəkildə yazılıb. Moskvada imzalanan Bəyannamədə isə qeyd olunur ki, tərəflərdən birinə qarşı hər hansı təhlükə olarsa, əgər bu, BMT-nin Nizamnaməsinə, müttəfiq ölkənin imzaladığı digər sənədlərə zidd deyilsə, bir tərəf digər tərəfə müraciət edə bilər, qarşı tərəf bu müraciətə baxa bilər. Hər iki sənədin fərqi açıq şəkildə ortadadır. Bu baxımdan, Şuşa Bəyannaməsi hərbi-siyasi ittifaq, Moskva Bəyannaməsi müttəfiqlik sənədidir”.

Politoloq Qabil Hüseynli hesab edir ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsi Azərbaycana bölgədəki bir sıra məsələlərin həllində Rusiyanın siyasi dəstəyindən yararlanmaq imkanı yaradır. Onun sözlərinə görə, hazırda Azərbaycan üçün ən vacib məqamlardan biri Ermənistanla sülh müqaviləsinin bağlanması, ərazi bütövlüyünə dəstək verilməsi, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat, kommunikasiya əlaqələrinin açılmasıdır:

“Bu proseslərə təsir imkanı olan ən birinci ölkə Rusiyadır. Bu ölkənin Ermənistan üzərində təsiri böyükdür. Müttəfiqlik Bəyannaməsi Rusiyanın Azərbaycana siyasi dəstək verməsinə, ərazi bütövlüyünün tanınması ilə bağlı ermənilərin müəyyən fitnə-fəsadlarının aradan qaldırılmasına təsir edəcək. Digər tərəfdən, Rusiya Azərbaycanla həm quruda, həm də Xəzər dənizində sərhədi olan ölkədir. Rəsmi Moskvanın xarici siyasətində müəyyən xoşagəlməz məqamlar olsa da, Azərbaycana münasibətdə Rusiyanın dəstəyindən, potensialından istifadə edilməsi vacibdir. Bu, bölgədəki hər hansı zərərli prosesin qarşısını almağa xidmət edəcək. Bu baxımdan da Moskva Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır”.

Hamısını Göstər

Related Articles

Back to top button