Narkotik vasitələrin satışı ilə məşğul olan iki qardaş saxlanılıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.
Bu barədə Polisə.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub. Həmin şəxslər – Tural Bayramlı və qardaşı Orxan tutularaq Polis İdarəsinə gətiriliblər. Onların üstündən və yaşadıqları evdən 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədilə aldıqlarını bildiriblər.
Aşkar edilən faktla bağlı idarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.