NATO-nun sonu: Avropanın müharibə və suverenlik mübarizəsi

“Son dövrlərdə Tramp rəhbərliyi ilə bərabər, transatlantik ittifaq çökməkdədir. Avropa ölkələri, təhlükəsizlik və sərmayə tədarükü məsələlərində Amerikaya güvənməməyə başlayıb. NATO-nun İkinci Dünya Müharibəsindən sonra yaradılmış imkanlarının artıq sona çatmaq üzrə olduğu görülməkdədir”
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq Hüsümmətin İnanç deyib.
Türkiyəli politoloqun sözlərinə görə, Fransa və İngiltərənin rəhbərlik etdiyi Avropa ölkələri, NATO-nun sadəcə Amerikaya xidmət edən bir aparat olduğu fikrində birləşiblər və bundan sonra Amerikanın yerinə yeni bir təhlükəsizlik qüvvəsinin yaranması və yeni bir ordu qurulması məsələsində həmfikirdilər. Beləliklə, Ukraynaya münasibətdə yeni bir təhlükəsizlik anlayışı formalaşıb:
“Xüsusilə Ukraynanın son dövrlərdə atəşkəsə məcbur edilməsinin arxasında heç bir keçərli geopolitik əsas yoxdur. Çünki ABŞ prezidenti Tramp, sadəcə Ukraynaya təzyiq edərək sanksiyalarla təhdid edir, geri çəkilməyə məcbur edərək atəşkəşə məcbur etmək istəyirdi. Bununla yanaşı, Tramp işğal altındakı ərazilərin Rusiyaya verilməsini, strateji əhəmiyyət kəsb edən Zaporojedəki nüvə obyektləri kimi elementlərin Amerikaya verilməsinə çalışırdı. Amerikanın bu davranışı Avropada ciddi narazılıq yaratdı. Digər tərəfdən, Tramp Putinə çox güvənirdi və onunla atəşkəsin əldə edilə biləcəyini düşünürdü. Buna görə də, Trampın nəzərində Putini razı salmaq və atəşkəs əldə etmək mümkün idi. Çünki o bildirdi ki, Putin razı olmasa, onu sanksiyalarla razılığa gətirəcək. Amma buna qarşılıq olaraq, Putin açıq şəkildə bildirdi ki, mən Zelenski deyiləm, üstəlik Rusiya da Ukrayna deyil. Bu, Rusiyanın gözləntilərinin nə olduğunu göstərdi. Rusiya, atəşkəsdən daha çox müharibənin davam etməsini istəyir, çünki ərazilərini daha da genişləndirmək və Avropaya daha geniş bir dərs vermək niyyətindədir. Fransa və İngiltərə arasında Avropanın liderliyi məsələsində ciddi bir rəqabət mövcuddur. 2019-cu ildə İngiltərə Avropa Birliyindən çıxmış və Fransa, liderlik boşluğunu doldurmaq üçün ciddi mübarizə aparır.
Avropa, öz ordusunu gücləndirmək üçün böyük büdcə ayırmağa çalışır. 850 milyard avroluq büdcəni təqdim edən Avropa Komissiyası, bununla yanaşı, İngiltərə, Amerika və Türkiyə kimi Avropa Birliyinə üzv olmayan ölkələrin bu büdcəyə qatılmayacağını açıqlayıb”.
Politoloq qeyd edib ki, Fransa və İngiltərə, ABŞ-ın istəklərini və atəşkəs təklifini rədd edirlər:
“Onlar müharibənin davam etməsi barədə həmfikirdirlər və xüsusilə, bundan sonra ABŞ-ın dəstəyindən asılı olmadan, Ukraynanın mübarizəsini davam etdirməsi və itirilən torpaqları geri alması məsələsinə önəm verirlər. Britaniya, 1800-cü illərdə Rusiya ilə çox ciddi bir rəqabət yaşamışdı və bu tarixi fon bu gün də mövcuddur. Həqiqətən də, müharibənin əsaslı şəkildə davam edəcəyini və Trampın atəşkəs təklifinin nəticə verməyəcəyini görəcəyik. Ən əsası, ABŞ ilə 30 ölkə arasında əlaqələrin gündən-günə daha da pisləşəcəyini gözləmək mümkündür. Çünki Amerikanın istəyi Avropanın özünə qarşı alternativ bir güc olaraq ortaya çıxmasının qarşısını almaq və Avropanı zəiflətməkdir. Tramp, həm Rusiyadan aldığı qazı kəsərək, həm də Çin ilə ticarəti əngəlləyərək Avropanı zəiflədir. Bu vəziyyət artıq Avropada ciddi geriləməyə səbəb olmuşdur, xüsusən də dünyanın ən böyük iqtisadiyyata sahib ölkələrindən biri olan Almaniyada ciddi iflaslar və müflisləşmələr başlamaqdadır. Bu prosesin davam etməsi ilə, yaxın gələcəkdə Avropanın ciddi zəifləmə dövrünə daxil olması gözlənilir. Ancaq digər tərəfdən, Rusiyanın qorxusu olan Almaniya ordusunun yenidən qurulmasını da görə bilərik. İkinci Dünya Müharibəsindən sonra Almaniya və Yaponiyanın əsas qanunlarında öz ordularını qurmayacaqları qeyd edilmişdi. Lakin artıq bu məhdudiyyətlərin ortadan qalxmağa başladığını və xüsusilə Amerikanın, Avropanın öz təhlükəsizlik strukturlarını qurmasına mane olduğunu görürük. Buna əsaslanaraq, artıq NATO-nun sonuna gəldiyini və Avropanın öz təhlükəsizlik strukturunu yaratmaq istədiyini görməkdəyik. Bununla yanaşı, Ukraynada yeni Zelenskiyə təzyiq edərək müharibənin davam etdirilməsini istəyən bir vəziyyət meydana gəlib. Bu müharibə əslində Avropanın öz suverenliyini Amerikanın təsirindən qurtarmaq üçün mübarizə aparması deməkdir. Bu, Avropanın gələcəyini müəyyən edəcək ciddi bir mübarizə ola bilər”.
Polise.az