Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir
İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatı, su ehtiyatları, meşə və biomüxtəliflik, səhiyyə, turizm və digər sahələrə ciddi təsir göstərir.
Polise.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Hüquq və iqlim” adlı beynəlxalq konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, iqlim dəyişiklikləri və onun ətraf mühitə mənfi təsirləri dünyanın əsas problemlərindən biridir:
“BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası BMT sistemində bu sahədə fəaliyyət göstərən və dünya ölkələrini birləşdirən əsas platformadır. COP adlandırılan Tərəflər Konfransı isə konvensiyanın əsas qərarverici orqanıdır. Tərəflər konfransının Azərbaycanda keçirilməsi qərarı bütün dünya ölkələrinin yekdil mövqeyi əsasında keçən ilin dekabr ayında qəbul olunub. Bununla da, Azərbaycana növbəti dəfə böyük etimad və dövlətimizə böyük hörmət göstərilib. Bu isə müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa bağlılıq və sədaqətin nəticəsidir”.
M.Babayevin sözlərinə görə, iqlim dəyişmələri Azərbaycana də təsirsiz ötüşmür.
O bildirib ki, bu təsirlər yalnız mütəxəssislər tərəfindən deyil, artıq hamı tərəfindən sadə gözlə müşahidə edilməkdədir.
“İqlim dəyişmələri ölkəmizdə kənd təsərrüfatı, su ehtiyatları, meşə və biomüxtəliflik, səhiyyə, turizm və digər sahələrə ciddi təsir göstərir. Sahilyanı zonalara olan təsiri xüsusilə vurğulamaq istərdim. Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Bunun səbəbləri həm texnogen həm də antropogen xarakter daşıyır. İqlim dəyişikliyinin təsirləri artdıqca, qanunvericiliyin rolu daha da artır. Hüquqi sistemlər yalnız emissiyaların azalmasını təmin etməklə kifayətlənməməli, həm də iqlim dəyişikliyindən ən çox zərər çəkən icmaların hüquqlarını qorumağa yönəlməlidir”, – nazir bildirib.
Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığın əsasını təşkil edir:
“Paris Sazişi dünya ölkələrinin birgə iradəsini göstərərək, qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmağı hədəfləyir. Bu hədəfə çatmaq üçün güclü hüquqi mexanizmlərin hazırlanması və tətbiqi vacibdir. Hüquq sistemlərimiz iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli və ən önəmlisi, iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir. Beynəlxalq hüquq iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir. Artıq bir çox ölkə məhkəmələrdə iqlim dəyişikliyinin təsirləri ilə bağlı iddialara baxılır və qərarlar çıxarılır. Bu hüquqi presedentlər, qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizəni dəstəkləyən hüquqi mexanizmlərin gücləndirilməsinə təkan verir.
Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Paris Sazişi üzrə öz milli töhfələr sənədini təqdim edib və bu sahədə ciddi addımlar atılır. Bu sənəd vasitəsilə istixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı dayanıqlığımızı gücləndirmək üçün hədəflər müəyyən edilib”.
Nazir deyib ki, bu hədəflərə nail olmaq üçün son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir, bu sahədə normativ hüquqi aktlar qəbul edilərək, praktiki addımlar atılıb.
Polise.az