Nazirlikdə koklü islahatlar başlayacaq: Ceyhun Bayramov üçün yeni mərhələ

Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən çıxarılması nə qədər gözlənilən idisə, Ceyhun Bayramovun bu posta təyinatı bir o qədər təəccüb doğurdu. İctimaiyyət diplomatiya sahəsinə yad olan Təhsil nazirinin xarici siyasət institutunun rəhbərliyinə gətirilməsinin məntiqi izahını tapa bilmədi. 

Əslində isə Ceyhun Bayramovun təyinatının səbəblərini Prezident İlham Əliyevin çıxışından anlamaq mümkündür. Ölkə başçısı Ceyhun Bayramovu videoformatda qəbul edərkən etdiyi çıxışda yalnız Elmar Məmmədyarova deyil, bütövlükdə Xarici İşlər Nazirliyinə (XİN) etimad etmədiyi aydın sezilirdi. Bunun üçün tutarlı səbəblər də var. Ən azı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də keçirdiyi xüsusi əməliyyat göstərdi ki, bu qurumun “update” olunmasının vaxtı çatıb. 

Təsəvvür edin, DTX-nın əməliyyat nəticəsində bəlli olur ki, ölkənin xarici siyasətinə cavabdeh olan qurum korrupsiya ocağına çevrilib. Nazirliyin Konsulluq idarəsinin rəisinin həbsi isə korrupsiya zəncirinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qədər uzandığına şübhələri artırır. Prezidentin bəzi diplomatları xəyanətdə suçlaması bu faktın təzahürü ola bilər. Bəlkə də əlavə informasiyalar da var. Amma xarici ölkələrdəki diplomatik nümayəndələrin fəaliyyətinə şübhə ilə yanaşmaq üçün elə bu fakt da kifayət edir. 

Beləliklə, XİN-də təmizləmələrin aparılması zərurətə çevrilib. Prosesi lazımi səviyyədə, heç bir korporativ maraq nəzərə alınmadan həyata keçirmək üçün isə qurumun rəhbərliyinə bu sahəyə tamamilə yad adamın gətirilməsi başadüşüləndir. Bu, həm də hakimiyyətin elan etdiyi islahat kampaniyasına uyğundur. Müşahidələr göstərir ki, hansısa qurumda kadr dəyişiklikləri həyata keçirilən kimi ilk iş orada təmizləmələrin aparılması olur. Köhnə komanda demək olar ki, bütövlükdə yeni kadrlarla əvəzlənir. Oxşar prosesin XİN-də də aparılacağı şübhə doğurmur. Yuxarıda qeyd etdik ki, Ceyhun Bayramovun təyinatı da zatən bunun üçündür.

Təsadüfi deyil ki, mərhum Prezident Heydər Əliyevin köməkçisi işləmiş, politoloq Eldar Namazov da saytımıza müsahibəsində Ceyhun Bayramovun təyinatını XİN-də təmizləmələrin həyata keçiriləcəyi ilə əlaqələndirib. Hakimiyyət mətbəxinə bələd olan politoloq hesab edir ki, bu prosesi həyata keçirmək üçün Ceyhun Bayramov ən uyğun kadrdır. 

Beləliklə, yaxın vaxtlarda xarici siyasət institunda ciddi kadr dəyişikliklərinin şahidi ola bilərik.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close