NDU-nun müəllimi DTX-nı bu ali məktəbin fəaliyyəti ilə bağlı araşdırmağa çağırdı
Naxçıvan Dövlət Univesitetinin rektoru Elbrus İsayevin fəaliyyəti barədə facebook səhifəmizdə dərc etdiyimiz məlumatlar ciddi rezonans doğurub. Məlumatlarda ittiham olunan şəxslər daş atıb başını tuturlar ki, belə hadisələr onların dünya şöhrətli və “Azərbaycanın ən nüfuzlu ali məktəbi”nə yad hallardır, NDU-da qurd quzu ilə otlayır. Hətta bu iddiaların irəli sürüldüyü məktubları yayımladığı üçün saytımızın Baş redaktoru Heydər Oğuzun facebook səhifəsi şikayət edilərək bağlanılıb.
İddialarla razılaşanlar da az deyil. Ovqat.com-un redaksiyasına göndərilən məktublardan birində ali məktəbin müəllimlərindən biri yazır:
“Heyder Oguz bəy, təəsüf ki, bir ziyalı insan kimi qeyd etmək istəyirəm ki, Sizin NDU-da qeyd etdikləriniz həqiqətdir, universitet bir qrup adam tərəfindən rüşvətxorluq ,keyfi qadağalar yuvasına çevrilib. Amma bunun əsasını indiki rektor qoymayıb. Bu, hər zaman olub, indi də davam edir. İndiki vəziyyətlə əvvəlki durum arasında sadəcə bir fərq var: rüşvət əvvəllər ayrı-ayrı şəxslər vasitəsilə yığılırdısa, indi bu iş sistemləşdirilib. Əvvəllər qabiliyyət və ikinci təhsilə qəbul olmaq üçün rüşvət rektora akademik İsa Həbibbəylinin baldızı Mətanət Quliyeva vasitəsilə çatdırılırdısa, indi bu işə Həmkərların sədri Nicat, “Kirvə” Cavid (dekan) də cəlb olunub.
Məndə olan məlumata görə artıq Universitetdən bəzi kadrlar gizli şəkildə DTX tərəfindən dindirilib. Mən özüm də bəzi əsaslı faktları lazımı təşkilatlara ötürmüşəm. Mən Sizin vasitənizlə DTX-nı Naxçıvan Dövlət Universitetində baş verən rüşvətxorluqları, qanunsuzluqları araşdırmaq üçün Naxçıvan Dövlət Universitetinə dəvət edirəm”.
Ötən il NDU-nu bitirən məzunlardan biri də NDU rəhbərliyindən xeyli narazıdır. Məzun yazır (olduğu kimi):
İmkansızlıq, məcburiyyət qarşısında qalıb sizə yazıram. Mən və mənim kimi yüzlərlə tələbə ötən il NDU-dan məzun olduq. Məzun olmağa 3 ay qalmış “hörmətli rektorumuz” Elbrus müəllimin xeyir duası ilə IELTS mərkəzi açıldı. Ilk öncə biz buna çox sevindik. Lakin sonradan bunun nə üçün edildiyini başa düşəndə artıq iş işdən keçmişdi.
“Hörmətli rektorumuz” Elbrus müəllim IELTS imtahanına girmədiyimiz təqdirdə universitetdən məzun ola bilməyəcəyimizlə hədələmiş və imtahana girəcəyimizi məcbur tələb etmişdir. Bir neçə dəfə səsimizi yuxarılara çatdırmaq istəsək də “Hörmətli rektorumuz” Elbrus müəllim və onun TƏBLIĞAT MAŞINI” , üzdə özünü “ziyalı, mütəfəkkir ” göstərən, üzdə özünü Dövlətə , Dövlətçiliyə sadiq birisi kimi göstərən ARZU ABDULLAYEV tərəfindən bizlə söhbət aparılaraq yenə hədə-qorxu yolu ilə imtahana girməyimiz tələb edildi.
Heç yadımdan çıxmır..(((((
Birinci ay idi işləyirdim, sevinə-sevinə gözləyirdim maaş alıb xaricdən bəzi kitablar sifariş verəcəkdim. Ancaq bu xırda “elm” adamlarına görə 300 AZN maaş alıb üzərini borc-xərc düzəldib IELTS-ə verdim. Mənim kimi yüzlərlə tələbənin cibinə girildi, Allah bunu cəzasız qoyarmı?!?!?!
Burda digər bir məsələ Azərbaycanda IELTS imtahanlarının rəsmi təmsilçisi “British Council” öz hesabına IELTS mərkəzi açmalı olduğu halda, onun “Hörmətli rektorumuz” Elbrus müəllim və “Xanzadələrin” təşəbbüsü ilə Dövlət hesabına tikilmiş “NDU sinxron tərcümə mərkəzində” açılmağı DÖVLƏT ƏMLAKINI TALAMAQ ” deyilmi?!?!
Burda qurbanlar təkcə tələbələr deyil, eyni zamanda müəllimlərdir. Onlar da eyni hədə-qorxu ( işdən azad olunmaq) yolu ilə imtahana girməyə məcbur edildi. Bu dünya praktikasında müşahidə edilməmiş bir şeydir. Camaat IELTS alıb Universitetə girir, biz IELTS alıb məzun oluruq.
Sizdən xahişimiz odur ki bunun barəsində bir hüququ tədbir görülsün və NDU-nun müəllim , tələbə kollektivinə vurulmuş maddi ziyan ödənilsin.