Nikol Sərkisyanı aldatdı və istefaya məcbur etdi

Ermənistan Prezidenti Armen Sərkisyan istefa verdi və beləliklə, Armen-Nikol mübarizəsində ikinci qalib gəldi.

44 günlük müharibədən sonra Armen Sərkisyan xüsusilə aktivləşmişdi və Paşinyan üçün qərarların qəbul edilməsində problemlər yaradırdı. Qasparyan qiyamı zamanı bu, açıq müstəvidə özünü göstərirdi. Paşinyan Armeni “yola gətirmək” üçün prezident səlahiyyətlərinin artırılmasını təklif etmişdi. Proseslərin inkişafı göstərdi ki, qapalı görüşdə tərəflər razılaşdılar, amma Nikol böhranı həll etdikdən, xüsusilə də parlament seçkilərində qalib gəldikdən və gücləndikdən sonra vədinə əməl etmədi.

Paşinyan Konstitusiya islahatlarına hazırlaşır və yeni dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Lakin o, bunu Armen Sərkisyan üçün yox, öz gələcəyinə hesablayıb: Nikolun hakimiyyətini “geniş səlahiyyətə malik prezident” kimi davam etdirmək planı var.

Armen Sərkisyanın səlahiyyət müddətinin (2025-ci il) başa çatmasına qədər gözləmək zaman alacaqdı və görünür, Paşinyan prezidenti istefaya məcbur edib. Bu fikri Sərkisyanın müraciətindəki bir qeyd xüsusilə gücləndirir. Armen bildirir: “Reallıq budur ki, dövlət başçısı, bəzən ailəsi müxtəlif siyasi qrupların hədəfində olur”. İstisna deyil ki, Armenə istefası üçün ailəsi üzərindən də təzyiq edilib.

A.Sərkisyan istefa müraciətində bildirir ki, prezident səlahiyyətləri faktiki nə daxili, nə də xarici məsələlərdə həlledici qərar verməyə imkan verir. Armen bununla müharibədəki məğlubiyyətə və hakimiyyətin siyasətinə görə məsuliyyət daşımadığını da deməyə, gedərkən “təmizə çıxmağa” çalışır.

“Niyə indi istefaya getdi” sualının iki tərəfi var.

Birinci tərəfi Armenin son dövrlər atdığı addımlar və Paşinyanın bundan narahat olmasıdır:

– Sərkisyan xarici səfərlərini intensivləşdirmişdi, xüsusilə ərəb ölkələri ilə münasibətlərin qurulmasında, ölkəyə investisiya cəlb edilməsində müəyyən nəticələr əldə edirdi; Paşinyan prezidenti indi göndərə bilməsəydi, sonra daha çətin ola bilərdi;

– Armenin prezident postunda qalması hakimiyyətin Konstitusiya islahatlarını sürətləndirmək istəyi ilə paradoks təşkil edirdi.

İkinci tərəfi Armen Sərkisyanın hakimiyyətin yeni qərarlarının məsuliyyətini bölüşmək istəməməsidir.

O, müraciətində “radikal siyasi dəyişikliklərə”, gözlənilən “problemlərə” işarə vurur. Və mümkündür ki, bununla Paşinyan hakimiyyətinin atacağı addımlara “ortaq olmaq” istəmədiyinin mesajını verir:

– Ermənistanın Azərbaycanla imzalayacağı mümkün müqavilələr;

– Ermənistan-Türkiyə münasibətlərinin normallaşması.

Sərkisyan hadisələrin iki mümkün istiqamətdə inkişafını gördüyü üçün istefa verib, yaxud Paşinyanın istefa tələbinə razı olub. Bu o demək deyil ki, Armen proseslərin bu istiqamətdə inkişafına qarşıdır: bir neçə gün öncə “Sky Nyus Arabia” telekanalına müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşmasının doğru siyasət olduğunu bildirmişdi.

Armen istədiyini ala bilmədiyi – daha çox səlahiyyətə malik olmayacağı təqdirdə “niyə məsuliyyəti bölüm” məntiqi ilə hərəkət edir.

Burada erməni diasporunun da mövqeyi həlledici amildir və Armen Ermənistanda istədiyini ala bilməcəyini anladığı üçün diasporla münasibətləri də pisləşdirmək istəmir. Həmin müsahibəsində 2009-cu il Sürix protokollarına toxunur və qeyd edir ki, “Ermənistanın prezidenti və ya baş naziri diasporun dəstəyi olmadan necə saziş imzalaya bilərdi?” Və bununla hazırda Ankara-İrəvan münasibətlərinin normallaşması prosesində də diasporun dəstəyinin əhəmiyyətli olduğu mesajını verirdi.

Armenin gedişi Paşinyanın daxildə siyasi gücünü daha da artıracaq, hərçənd, diasporun ona qarşı mübarizəsi daha da güclənə bilər, xüsusilə Ankara-İrəvan münasibətlərinin normallaşması və qondarma “erməni soyqırımı” məsələsinin arxa plana keçməsi prosesi sürətləndikcə, belə perspektiv güclənir.

Hamısını Göstər

Related Articles

Back to top button