NİYƏ HƏR İL YENİSİNİ ALMAQ TƏLƏB OLUNUR? – Valideynləri xərcə salır, qazananlar isə…

Hər il abituriyentlər Azərbaycanda qəbul imtahanına hazırlaşan zaman bəzən hər il, bəzən də il ərzində bir neçə dəfə yenilənən dərs vəsaitləri üçün əlavə xərc çəkməli olurlar. İmtahan mövsümü yaxınlaşdıqca valideynlər övladlarının hazırlığı üçün test kitabları, mövzu topluları, sınaq imtahanları və digər vəsaitlər almağa məcbur qalırlar.

Məsələnin diqqət çəkən tərəfi isə yeni nəşrlərlə əvvəlki nəşrlər arasındakı fərqin hər zaman ciddi olmamasıdır. Kitabların yeni versiyalarında ayrı-ayrı sualların, tapşırıqların və ya bəzi bölmələrin dəyişdirilməsi müşahidə olunsa da, əsas məzmunun böyük hissəsinin əvvəlki nəşrlə eyni qaldığı hallara tez-tez rast gəlinir.

Xüsusilə qəbul imtahanına hazırlaşan şagirdlərin onsuz da repetitor, kurs, sınaq imtahanı və digər hazırlıq xərcləri olduğu nəzərə alınarsa, dərs vəsaitlərinin tez-tez yenilənməsi ailələrin büdcəsinə əlavə yük yaradır. Bir neçə fənn üzrə hazırlıq keçən abituriyent üçün isə bu xərc daha da artır.

Bəs abituriyentlər üçün hazırlanan dərs vəsaitləri niyə hər il yenilənir?

Təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya bildirib ki, abituriyentlər üçün nəzərdə tutulan dərs vəsaitlərində cüzi, kosmetik dəyişikliklər edilərək kitabların yeni nəşr adı ilə yenidən satışa çıxarılması nə maarifçilik, nə də təhsilin inkişafına xidmət edir.

 

 

Onun sözlərinə görə, bu yanaşma şagird və valideynlər üçün əlavə maliyyə yükü yaradır: “Abituriyent vəsaitlərində hər cür cüzi, kosmetik dəyişikliklər edilib, yeni nəşr adı ilə yenidən satışa çıxarılması və müəllimlərin də abituriyentlərə köhnə kitabı kənara qoyub yenisini almağı tövsiyə etməsi nə maarifçilikdir, nə də təhsilə xidmətdir. Bu, sadəcə olaraq, təhsil biznesinin şagird və valideynlərin cibinə yönəlmiş əlavə maliyyə yüküdür. Bir-iki sualın yerini dəyişməklə, yaxud müəyyən redaktə aparmaqla kitabın mahiyyəti, proqramı və tədris metodikası dəyişmir. Təəssüf ki, bəzi nəşriyyatlar bu addımı süni tələbat yaratmaq və hər il sabit qazanc əldə etmək üçün atırlar. Hazırlıq müəllimlərinin bir qismi də prosesin dərinliyinə varmadan, sırf səhifə və sual nömrələri üst-üstə düşsün deyə valideyni yeni kitab almağa məcbur edir”.

Ekspert hesab edir ki, bu yanaşma həm sosial baxımdan ədalətsizdir, həm də təhsilin mahiyyətinə ziddir: “Bunun tənzimlənməsi üçün müəyyən mexanizmlərin qurulması tamamilə mümkündür. İlk addım kimi kitabların nəşr və təkrar nəşr statusunun müəyyənləşdirilməsi üçün aydın meyarlar tətbiq oluna bilər. Əgər kitabda dəyişiklik müəyyən faizdən, məsələn, 20-30 faizdən azdırsa, ona yeni nəşr statusu və yeni qiymət indeksi verilməməlidir. Nəşriyyat sadəcə olaraq bunun təkrar nəşr olduğunu dürüst şəkildə qeyd etməlidir. Əgər proqrama həqiqətən 10-15 yeni sual və ya kiçik qeydlər əlavə olunubsa, nəşriyyatın buna görə kitabı tamamilə yenidən satması əvəzinə, həmin dəyişiklikləri ayrıca təqdim etmək mümkündür”.

“Üstəlik, nəşriyyatlar öz saytlarında və sosial şəbəkə səhifələrində bu yenilikləri PDF formatında təqdim etməyə borclu olmalıdırlar. Köhnə kitabı olan şagird həmin 2-3 səhifəlik əlavəni yükləyib istifadə edə bilməlidir. Müəllimlər də anlamalıdırlar ki, tədrisin keyfiyyəti kitabın nəşrində deyil, biliyin şagirdə necə təqdim olunmasındadır. Səhifə və sual nömrələrindəki fərqə görə valideyni yeni kitab almağa məcbur etmək əvəzinə, müəllim mövzunu izah etməyi və biliyi düzgün şəkildə çatdırmağı bacarmalıdır. Nəşriyyat sektoru, məncə, tədricən rəqəmsal platformalara keçməlidir. Şagird kitabı rəqəmsal abunəliklə əldə etdikdə, hər il yenilənən suallar avtomatik olaraq həmin tətbiqə yüklənə bilər. Beləliklə, valideyn hər il sıfırdan yeni kitab almaq məcburiyyətində qalmaz”, – deyə ekspert bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button