“O gəlirsə, bu, pis əlamətdir…” – “Bu, Ermənistan üçün sonuncu xəbərdarlıq ola bilər”
“ABŞ İrəvanı İran, Rusiya və Belarusla bir siyahıya sala bilər”
“Rusiyanın Cənubi Qafqaza təsiri zəifləyir, Ermənistan üçün yeganə böyük ümid yeri qalır – İran”
“Cənubi Qafqazda kifayət qədər təhlükəli proseslər gedir. Ermənilər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi başçısının səfərinə qətiyyən sevinməli deyillər. Onun Ermənistana səfəri dostluq səfəri deyil”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq və hərbi ekspert Pavel Felgenhauer Ermənistan mətbuatına ABŞ MKİ-nin başçısı Uilyam Börnsün İrəvana səfərini şərh edərkən deyib.
Felgenhauer müsahibəsində olduqca maraqlı məqamlara toxunub və qeyd edib ki, ABŞ İrəvanın Rusiya və İranla münasibətlərindən narazıdır. MKİ şefinin İrəvana səfəri isə heç də yaxşı əlamət deyil: “O, müharibədən(Rusiya-Ukrayna müharibəsi-red.) az əvvəl Moskvaya gəlmişdi. Mən onunla Moskvada görüşmüşəm. O gəlirsə, bu, pis əlamətdir. Bu, o deməkdir ki, vəziyyət böhran ərəfəsindədir. Bu, Ermənistan üçün sonuncu xəbərdarlıq ola bilər – əgər Ermənistan Rusiya və İranla yaxın münasibətləri saxlasa, bu, ABŞ-la münasibətlərin ciddi şəkildə soyuması ilə nəticələnəcək. MKİ başçısı yalnız adi diplomatik kanallar işləməyən zaman səfərlər edir. O, vəziyyəti qiymətləndirir. O, Moskvaya səfər etmişdi və görünür, belə fikrə gəlmişdi ki, müharibə qaçılmazdır. Buna uyğun olaraq, münasibətlər kəskin şəkildə pisləşdi”.
“ABŞ İrəvanı İran, Rusiya və Belarusla bir siyahıya sala bilər”, –deyə bildirən Felgenhauer qeyd edib ki, Ermənistan ABŞ üçün heç vaxt Azərbaycanı və xüsusilə də Türkiyəni əvəz edə bilməz: “ABŞ Azərbaycanla və belə görünür ki, Türkiyə ilə münasibətləri gücləndirməyə başlayacaq. Çünki regional vəziyyətdə Türkiyə əlbəttə ki, hansısa Ermənistandan daha vacibdir. Ermənistan üçün bəla ondadır ki, onun müttəfiqləri Rusiya və İrandır, başqa müttəfiqləri yoxdur… Rusiya indi bir çox səbəblərdən o qədər də Cənubi Qafqazda deyil. Onun Cənubi Qafqaza təsiri zəifləyir. Çünki onun gücü başqa yerə cəmləşib. Bu gücün çox hissəsi orada istifadə edilib və edilməkdədir. Ona görə də Ermənistan üçün bu regionda qalmaq və bir təhər də olsa mövcud olmaq çətin olacaq. Belədə Ermənistan üçün yeganə böyük ümid yeri qalır – İran. Başqası yoxdur. Ermənistanın vəziyyəti çox ağırdır. Onun hərbi imkanları yoxdur, diplomatik imkanları isə çox məhduddur”.
Xatırladaq ki, MKİ-nin baş direktoru Uilyam Börns ötən həftənin sonunda gözlənilmədən Ermənistana səfər edib. MKİ şefi İrəvanda baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüşlərin təfərrüatı məlum deyil.
Ermənistan hökumətinin mətbuat xidməti yalnız quru bir xəbər yayıb ki, baş nazir Nikol Paşinyan və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Börns “beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini”, eləcə də Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər.
Onu da qeyd edək ki, bu, MKİ rəhbərinin Güney Qafqaza ilk səfəri olub. Ancaq maraqlıdır ki, bu səfər niyə məhz Rusiyanın forpostu olan Ermənistana və niyə məhz indi baş tutub?
Nəzərə alınmalıdır ki, Börns İrəvandan sonra Bakıya və ya Tiflisə getməyib. Onun ziyarəti həmçinin İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvan səfərindən az sonraya təsadüf edib. Bütün bunlar nəzərə alındıqda P.Felgenhauerin yuxarıda qeyd etdiyi fikirlər kifayət qədər əsaslı görünür…