Oman dənizində ABŞ-la İran hərbçiləri arasında neft tankerinə görə qarşıdurma
Oman dənizində ABŞ dəniz piyadalarının İranın neft tankerini ələ keçirmək cəhdinin görüntüləri yayılıb. İran dövlət televiziyası bildirir ki, ABŞ hərbçiləri bir neçə vertolyotun və gəmilərin köməyi ilə tankeri izləyiblər. ABŞ dəniz piyadaları tankerin göyərtəsinə qalxaraq onun idarəetməsini ələ keçiriblər və naməlum istiqamətə döndərərək aparmaq istəyiblər.
Bu zaman İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri sürətli katerlərlə onlara müdaxilə edib. Bildirilir ki, Keşikçilər Korpusunun qüvvələri tankeri vaxtında nəzarət altına alıblar və onu İranın ərazi sularına yönəldiblər.
Bundan sonra amerikalı hərbçilər yenidən tankerin yolunu döyüş gəmiləri ilə kəsməyə çalışıblar, amma iranlı hərbçilərin “qətiyyətli hərəkətləri” nəticəsində bu cəhdlər uğursuz olub. ABŞ tərəfi hələlik məsələni şərh etməyib.
***
İran Hərbi Dəniz Qüvvələri ABŞ qüvvələrinin Oman körfəzində İran neft tankerinə hücumunu dəf edib. Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, İran dövlət televiziyası bildirib ki, ABŞ hərbçiləri Körfəz akvatoriyasında gəmini bloklamağa çalışıb. Baş verənlər ABŞ-ın “İran neftini oğurlamaq” cəhdi kimi qiymətləndirilib. Hadisədən sonra tanker İranın ərazi sularına qayıtmalı olub.
2021-ci ilin iyulunda Ərəb dənizində Oman sahillərində İsrail neft tankeri ölümcül hücuma məruz qalıb. İki kamikadze dronu gəminin göyərtəsinə hücum edərək iki ekipaj üzvünü öldürüb. Onlardan biri Rumıniya, digəri Böyük Britaniya vətəndaşı olub.
Rumıniya, İsrail, ABŞ və Böyük Britaniya birgə bəyanat yayaraq, ölümcül hücumda Tehranı günahlandırıb. İran hökuməti ittihamların yalan və əsassız olduğunu bildirib.