Ombudsman erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr – Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə insan tələfatı ilə nəticələnən hərbi təxribatına dair beynəlxalq təşkilatlara və onun rəhbərlərinə müraciət edib.

Müraciətdə deyilir:

Beynəlxalq və ölkə miqyasında insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiə edilməsi üçün sülh və təhlükəsizliyin təmini ən mühüm amillərdən biridir. Bu gün dünyada sülh qlobal çağırış qismində çıxış edir və dövlətlərin suverenliyinin qorunması, birgəyaşayışın təşviq edilməsi fonunda ölkələr, konfessiyalar və sivilizasiyalar arasında genişlənən ziddiyyətlər, davam edən münaqişələr və yaranan yeni müharibə ocaqları sülhün təmin olunmasına birbaşa maneə törədir. Hazırda bu cür silahlı münaqişə və müharibələrin hələ də davam etməsi nəticəsində milyonlarla insan, o cümlədən uşaqlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər öz doğma yurdlarından didərgin salınır.

Sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükədir. Azərbaycana qarşı Ermənistanın 30 ildən çoxdur davam edən ərazi iddiaları ilə bağlı hərbi təcavüzü nəticəsində hərbi qulluqçularla yanaşı mülki şəxslər də qətlə yetirilmiş, insanların yaşamaq, mülkiyyət, sərbəst hərəkət etmək və digər hüquqları kobud şəkildə pozulmuşdur. Bu təcavüz Dağlıq Qarabağ və ətraf ərazilərimizin 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmişdir.

1994-cü ildən Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunmasına və hazırda dünyada COVID – 19 pandemiyasının tüğyan etməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini mütəmadi olaraq pozması, kütləvi yanğınlar törətməsi, sərhədyanı kəndlərə müxtəlif növ silahlardan atəş açmaqla mülki əhaliyə, yaşayış məntəqələrinə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır.

Təəssüflə bildiririk ki, BMT tərəfindən qəbul olunmuş və dünya ictimaiyyətinin hər il Beynəlxalq Sülh Günü kimi qeyd etdiyi bir tarixdə – bu gün sentyabrın 21-də saat 09:20 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozmuş və Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olmuş, daha bir əsgərimiz Qurbanov Qurban Azad oğlu isə yaralanmışdır.

Bütün bunlar mülki əhalinin – uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına dair beynəlxalq sənədlərin, o cümlədən BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsi”nin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyalarının, habelə 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnir. Bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaratmaqla, insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin təhlükədə qalmasına şərait yaradır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri icra edilməli, BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsinin tələbləri yerinə yetirilməli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaqla həll edilməlidir.

Ermənistan tərəfindən sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır ki, bütün bunlar dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir.

Bu baxımdan BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsinin, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyini vurğulayaraq, beynəlxalq və humanitar hüquq normalarının kobud şəkildə pozulmasına görə cəzalandırmanın labüdlüyünü qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpası və bununla da, regionda davamlı sülh və təhlükəsizliyin təmini istiqamətində bütün imkanların səfərbər olunması təşəbbüsü ilə çıxış edərək,  BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli sülhün və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını nəzərə alaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları sabitliyə, sülhyaratma proseslərinə dəstək verməyə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların tezliklə və dinc yolla azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmaqla ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində yardımçı olmağa çağırırıq.

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button