Pəncşir Şirinin oğlu taliblərlə mübarizə aparacağına söz verir

Müəllif: Leonid Şvets

Kabilin praktik olaraq bir güllə də atılmadan süqutundan sonra taliblər hamını öz sülhpərvər niyyətlərinə inandırmağa davam edir. Bütün məmurlara amnistiya elan olunub, onlara işlərini davam etdirməyi təklif  ediblər. Əslində dövlət öz orqanlarının fəaliyyətinin heç olmasa cüzi əlamətlərini nümayiş etdirməsə, yeni hakimiyyətdən danışmağa dəyməz.

Bununla birlikdə, dövlət funksiyalarının sürətlə bərpası məsələsi çətinləşir. Buna iki səbəb var. Əfqanlar 1996-2001-ci illərdə “Taliban” hakimiyyətinin İslam dəyərlərinə qarşı hörmətsizlikdə şübhələnlərə qarşı hökm sürən terroru çox yaxşı xatırlayırlar. İslam Əmirliyinin hazırkı versiyasında qaydalar yumşala bilərmi? Üstəlik, ABŞ üzərində qazanılan parlaq qələbə fanatiklərin özlərinə inamlarını daha da möhkəmləndirə bilər. Yalnız daha sərt, daha ardıcıl! Bu çərçivədə amnistiya tələ kimi görünür.  

Əfqanlar “Taliban” hakimiyyətini çox yaxşı xatırlayır

İkinci səbəb taliblərin hakimiyyətinin dəqiq vertikalının yoxluğudur. Bu çeşidli konqlomeratda kimsə keçmiş əfqan məmurlarına vədlər verə bilər, ancaq bu, həmin vədləri bölüşməyənlərə onlara əməl etmək öhdəliyi vermir. Beləliklə, amerikanpərəst rejimin məmurlarının artıq sabah işə çıxacağına ümid bəsləmək olmaz. Onların xəyanət müqabilində taliblərdən pul almış hissəsi (belələri isə az deyil) təqiblərdən çəkinərək həmin vəsaiti imkan düşən kimi ölkədən çıxmağa sərf etmək istəyir. Əvvəl-axır, taliblərin ideologiyasında bərabərlik və ədalətə canatma var, satqın əfqan məmurluğu isə həmin prinsiplərin tapdalanmasını simvolizə edir.

“Taliban”ın öz dövlət sistemini hələ qurmadığı, əvvəlki rejimin nümayəndələrinin isə ölkədən getmək üçün Kabil hava limanına hücum çəkdiyi bir vaxtda, gec də olsa müqavimət çağırışları səslənməyə başlayır.

Əfsanəvi Əhməd Şah Məsudun oğlu Əhməd Məsud taliblərin ölkədəki və xaricdəki düşmənlərini onun yanında, Pəncşirdə toplanmağa və mübarizəyə başlamağa çağırıb. «Biz tək qalmışıq. Biz heç vaxt təslim olmayacağıq … Bizim döyüşçülərimiz, gənc və yaşlı mücahidlər Pəncşirdə silahlanırlar. Qəlbən və ya birbaşa yardım etməklə bizə qoşulun … Mən Fransada, Avropada, Amerikada, ərəb dünyasında və digər ölkələrdə olan, keçmişdə Sovetlərə, 20 il əvvəl “Taliban”a qarşı azadlıq mübarizəmizdə yardım edən hər birinizə müraciət edirəm. Azadlığın əziz dostları, bizə yenə kömək edərsizmi?»

Əhməd Şahın oğlu atasının məzarına and içdi

Hamı qeyd edir ki, amerikalılar öz əməliyyatlarına məhz 11 sentyabr 2001-ci il terror hücumlarının 20 illiyi ərəfəsində tələsik son verirlər. Yada salmağın əhəmiyyəti var ki, həmin əməliyyatların başlanmasından 2 gün əvvəl – sentyabrın 9-da Sovet qoşunları ilə mübarizədə qətiyyəti və məğlubedilməzliyinə görə Pəncşir Şiri ləqəbini qazanmış Əhməd Şah Məsud kamikadzelərin hücumu nəticəsində həlak olmuşdu.

O, taliblərin hakimiyyətindən əvvəl Əfqanıstanın müdafiə naziri idi, sonralar “Taliban”ın ələ keçirə bilmədiyi bir neçə əyalətdən ibarət, “Məsudistan” adlandırılan əraziləri nəzarətdə saxlayan Şimal alyansına rəhbərlik edirdi. Taliblər bu dəfəki ekspansiyaları zamanı Əfqanıstanın milli qəhrəmanının keçmiş evini ələ keçirdilər, Şimal alyansının qalıqları isə onlara müqavimət göstərmədi. Və budur, indi Məsudun oğlu qisas almağa və atasının işini davam etdirməyə söz verir. Ehtimal ki, bu, quru iddia deyil, çünki Məsudun təmsil etdiyi taciklərin taliblərlə münasibəti mürəkkəbdir.

Bu müraciətin hansı əks-sədanı doğuracağını indidən söyləmək çətindir, ancaq taliblərə müqavimət göstərəcək qüvvələr var. Yeri gəlmişkən, Əhməd Məsud Kabilin döyüşsüz süqutunu müsbət dəyərləndirir – yəni, insanları sonrakı mübarizələr üçün qorumaq mümkün olub. O, anlayır ki, son 20 ildə Qərbin total təsiri nəticəsində dəyişilmiş 5 milyonluq paytaxt öz ruhuna və həyat tərzinə görə islam fundamentalizminin normalarını qəbul etməyəcək və müxalif qüvvələrin mənbəyinə çevriləcək.

Hələlik hamı sarsıntı vəziyyətindədir – kimi gözlənilməz asan qələbədən, kimi də biabırçı məğlubiyyətdən. Ancaq bir müddət keçəcək, yeni hərbi-siyasi bölgünün mənzərəsi yaranacaq. Və bu vaxt necə unudasan ki, Əfqanıstanda 40 ildir sülh yoxdur, sülhü əldə etmək təcrübəsi də heç kəsdə yoxdur. Xüsusən də taliblərdə.

Hamısını Göstər

Related Articles

Back to top button