Partiya sədrinin əlinin altında işləyən prezidentlər

1977-ci ilin iyun ayında SSRİ Ali Sovet Rəyasət Heyətinin sədri vəzifəsini tutan Nikolay Podqornının yerinə Sov.İKP MK-nın baş katibi Leonid Brejnev seçiləndə, bu, sovet xalqı üçün gözlənilməz olub.

İlk növbədə ona görə ki, Brejnev və Podqornı həm həmyerli, həm də gənclik dostu olublar və bir-birinə vəzifə pillələrində irəliləmək üçün yardım ediblər. Üstəlik, daha sonra Podqornının vəzifədən götürülən digərləri kimi “vurulmaması”, yenə də Ali Sivetin deputatı və Mərkəzi Komitənin üzvü olaraq qalması, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülməsi, “Qızıl ulduz” medalı və “Lenin” ordeni alması təsdiq edib ki, Brejnevin sovet parlamentin ali rəhbəri seçilməsi köhnə dostların razılığı, anlaşması əsasında baş verib.

Bu dəyişikliyi zəruri edən səbəb haqqında bir rəvayət vardı. Əslində o söhbətin gerçəklik əmsalı olduqca böyük idi. Danışırdılar ki, qüdrətli Qərb ölkələrindən birinin rəhbəri Moskvaya gəlibmiş, onunla Brejnevin görüşünü təşkil etmək istəyiblər, adam deyib ki, mən partiya sədri ilə görüşmək istəmirəm, legitim hakimiyyətin rəhbəri ilə görüşmək niyyətindəyəm, çünki dövlətlərarası sazişlər dövlət və partiya arasında yox, iki dövlətin seçilmiş, qanuni rəhbərliyi arasında bağlanmalıdır.

Ondan sonra sovet tərəfi məcbur olub ki, Sov. İKP MK-nın baş katibi vəzifəsini tutan şəxsin dövlət rəhbəri kimi legitimləşdirilməsini təşkil etsinlər. Stalinin dövründə isə o Nazirlər Sovetinin sədri vəzifəsini tutaraq qanunən dövlət başçısı olub.

Brejnevdə sonra hakimiyyətə gələn Yuri Andropov və Konstantin Çernenko və Mixail Qorbaçov da kompartiyanın baş katibi vəzifəsi ilə paralel SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsini də götürdülər.

Hətta 19888-ci ildə Azərbaycanda KP MK-nın birinci katibi təyin edilən Əbdürrəhman Vəzirov xalq qarşısında mitinqdə çıxış edərkən Ali Sovetin Rəyasət Heyətinin o zamankı sədri Süleyman Tatlıyevi xalqa “bizim prezidentimiz” kimi təqdim etdi.

Amma bütün hallarda SSRİ-də ölkəni partiya və onun strukturları idarə edirdi, qanunverici və icraedici dövlət vəzifələri formal xarakter daşıyırdı.

İndi Mixael Kavelaşvilinin Gürcüstanın prezidenti seçilməsi ona görə diqqətə şayandır ki, o da, baş nazir vəzifəsini tutan İrakli Kobaxadze də, ölkənin qanunlarına uyğun olaraq dövlət rəhbərləri olsalar da, əslində bütün səlahiyyətlər heç bir dövlət vəzifəsi tutmayan Bidzina İvanişvilinin əlindədir. Çünki o, təxminən Brejnev kimi hakim partiyanın – “Gürcü arzusu”nun lideridir.

2012-ci ildən bəri hakimiyyətdə olan partiyanın qurucusu olan İvanişvili 1 il 1 ay (2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər) Gürcüstanın baş naziri olub, sonra vəzifəsindən könüllü şəkildə çəkilib, yerini silahdaşlarına verib.

Davranışından görünür ki, o, prezident və ya baş nazir statusu daşıyaraq, xarici dövlətlərdən olan həmkarları görüşməkdən, beynəlxalq sammitlərə qatılmaqdan, rəsmi səfərlərə yollanmaqdan ötrü əldən getmir. Ona hətta partiya sədri vəzifəsi də lazım deyil, 2021-ci ildə hakim partiyanın sədri postunu da Kobaxidzeyə verib. Adam malik olduğu böyük sərvətlə hakim partiyanın qurucu lideridir və bu, ona bəsdir. Əvəzində İvanişvili istədiyi şəxsi prezident, baş nazir, parlament sədri vəzifəsinə gətirə və zamanları çatanda götürə bilir. Həm də onun ölkədə iqtisadi, siyasi böhranların yaranmasında dolayısı ilə heç bir “məsuliyyəti yoxdur”. İş başında başqalarıdır, yarıtmaz işləyirlərsə də onlar işləyir.

Bu 12 ildə İvanişvilinin sözünün qabağından söz deyən, onun iradəsinə boyun əyməyən və ona problem yaradan yeganə şəxs 5-ci prezident Salome Zurabişvili olub. O da ona görə ki, Zurabişvilinin arxasında Fransa, eləcə də Qərb durur.

İndi Kavelaşvili də Bidzina İvanişvilinin istədiyi, güvəndiyi adamdır. Onun elə bir arxa-dayağı olmadığına görə heç vaxt İvanişvili ilə öcəşə, ona adicə “mən ölkə prezidentiyəm” deyə bilməyəcək. İlk növbədə ona görə ki, Kavelaşvilini bu vəzifəyə xalq yox, Gürcüstan parlamenti seçib və bu parlament İvanişvilinin parlamentdir, orada onun bir sözü iki deyil. Kavelaşvili dikbaşlıq etsə və ya xəyanət yoluna düşsə, İvanişvili onu bir neçə günün içində postundan kənarlaşdıra, hətta həbsxanaya saldıra bilər.

Bu baxımdan Kavelaşvilinin prezidentliyi 2008-2012-ci ildə Rusiyanın hakim partiyası “Vahid Rusiya”nın lideri olan və baş nazir vəzifəsi turan Vladimir Putinin yanında RF prezidenti işləyən Dmitri Medvedyevin prezidentliyini yada salır. O zaman federasiyada əsas söz sahibi baş nazir Putin idi. 2012-c ildə dostlar vəzifələrini yenidən dəyişdilər, Putin prezident, Medvedyev baş nazir oldu. Amma yenə də söz sahibi Putin olaraq qaldı.

Bənzər hadisə qardaş Türkiyədə də yaşanıb. Rəcəb Tayyib Ərdoğan baş nazir olanda ölkədə əsas iradə yiyəsi özüydü, prezident vəzifəsini Abdulla Gül tutsa da, həmişə Ərdoğanın ağzına baxırdı. Sonra Ərdoğan özü prezident seçildi, bu dəfə baş nazir vəzifəsi ikinci dərəcəli posta çevrildi, sonra isə ümumiyyətlə, ləğv edildi ki, xalqda çaşqınlıq yaranmasın.

Belə ölkələrdə əsas məsələ kimin hakim partiyanın real lideri olmasıdır. 1977-ci ildə kompartiyanın rıçaqları Brejnevin əlində olmasaydı, o, legitim hakimiyyətə sahib olan Podqornını vəzifəsindən getməyə razı sala bilməzdi. Eləcə də Putin və Ərdoğan öz ölkələrində hakim partiyaların liderləridir deyə, iradələri hər zaman keçərlidir.

Bu səbəbdən Kavelaşvilidən bəhs edərkən, “elə edəcək, belə edəcək, planı budur, məramı belədir” kimi fellərlə bitən cümlələr qurmağın yeri yoxdur. O, İvanişvilinin növbəti marionetkalarından biridir, onun əlinin altında prezident işləyəcək, yaxşı maaş alacaq, özünə babat biznes qura biləcək. Vəssalam.  /Musavat/

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button