Paşinyan: İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır
“İrəvanın tanıdığı 86,6 min kvadratkilometr Azərbaycan ərazisinə Qarabağ da daxildir”.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O deyib: “Biz Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığımızı bildirmişik. Azərbaycanın həmin ərazi bütünlüyünə Qarabağ da daxildir”.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Xankəndi formatında müzakirə edilməlidir.
N.Paşinyan Azərbaycan ilə sülh sazişinin mətni üzrə razılığın tezliklə əldə olunacağına ümid etdiyini də söyləyib.