Paşinyan sülh prosesini pozdu – Avropa Birliyi məyusdur, bundan sonra nə baş verəcək?
“Azərbaycan Ermənistanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi ilə bağlı təklifini hələki qəbul etməyib”.
Bunu Brüsseldə səfərdə olan Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, Qarabağ məsələsinin bağlandığını demək hələ tezdir: “Biz sülh prosesinə dair baxışımızı bildirmişik. Biz bildirmişik ki, Azərbaycanın bizə verdiyi təkliflərdə bizim üçün qeyri-məqbul sayılacaq heç nə yoxdur. Bununla belə bu təkliflər gözlənilən sülh müqaviləsinin gündəliyi üçün heç də bütün məsələləri əhatə etmir. Bizim üçün əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyi və müvafiq olaraq Qarabağın statusu məsələsidir”.
Mirzoyan bildirib ki, İrəvan müzakirələrin davam etdirilməsinə tərəfdardır: “Biz bunu da hesab edirik ki, sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun, həmsədrlərin mandatının çərçivəsində aparılması mühümdür. Biz hələki bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir ki, bu danışıqlar mümkün olsun”.
Ararat Mirzoyan deyib ki, İrəvan Bakı ilə münasibətlərin normallaşdırılmasına tərəfdardır, lakin bunun üçün həm də qarşı tərəfin razılığı lazımdır.
Qeyd edək ki, Mirzoyan Avropa İttifaqının xarici işlər komissarı Josep Borrellə görüşüb. Borrell bu görüş zamanı bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir. Lakin o əlavə edib ki, tərəflər hələ bundan çox uzaqdırlar.
Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistanın liderləri sülh müqaviləsinin imzalanmasına hazırlıq barədə razılığa gəlmişdilər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün müştərək komissiyanın yaradılmasına dair razılıq əldə etmişdilər.
Ermənistanın Xarici işlər naziri bu komissiyanın ilk iclasının bu həftə Mosvada keçiriləcəyini bildirmişdi. Lakin Bakıdan bu barədə hər hansı təsdiqləyici açıqlama səsləndirilməyib və nəticə etibarı ilə bu danışıqlar bu həftə baş tutmayıb. Ararat Mirzoyan deyib ki, bu məsələdə də fikir ayrılıqları var.
Politoloq Fərhad Məmmədov hesab edir ki, sülh danışıqlarının pozulması Ermənistanın müharibədən sonra sistemli demarşlarının nəticəsidir. Onun sözlərinə görə, İrəvan prosesi dalana dirəyib və Azərbaycandan adekvat addımlar gözləniləndir.
F.Məmmədov daha sonra Ermənistanın danışıqları necə pozulduğunu təsdiq edən arqumentləri sıralayıb:
– Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 4-cü bəndini pozaraq, silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmayıb;
– Ermənistan kommunikasiyaların açılması ilə bağlı 11 yanvar 2021-ci il tarixində Moskvada əldə olunmuş razılaşmanı pozub. Bu bəyanat 10 noyabr üçtərəfli bəyanatın 4 bəndinin icrasını nəzərdə tuturdu. 1 mart 2021-ci ildə bu razılaşmanın həyata keçirilməsindən imtina edilib;
– Ermənistan 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin icrasını pozaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların bərpasına zəmanət verməkdən imtina edir;
– Ermənistan Qarabağda qətlə yetirilmiş azərbaycanlıların kütləvi dəfn olunduqları məzarlıqların koordinatlarını vermir, eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş minlərlə azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir;
– Rəsmi İrəvan Ermənistanda Azərbaycan mədəni irsinin vəziyyətinin izlənilməsinə razılıq verməyərək UNESCO-nun fəaliyyətini sabotaj edir;
– Ermənistan Zəngəzur dəhlizi boyunca avtomobil yolunun koordinatlarını vermir. Baxmayaraq ki, keçən il avtomobil yolunun tikilməsi ilə bağlı təsdiq bəyanatı olub. -Bununla yanaşı dəmir yolunun tikintisinə başlamır;
– Ermənistan Şarl Mişelin aprelin 30-dək sərhəd komissiyalarının yaradılması və sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq barədə bəyanatlarda göstərilən tarixləri pozdu;
– Ermənistan təqdim etdiyi “6 prinsipi”ndə Qarabağın statusu məsələsini yenidən qaldırdı və beləliklə, Azərbaycana ərazi bütövlüyünə qarşı mövqeyindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirdi.
Politoloq sonda qeyd edir ki, tendensiyanın davamına Azərbaycan Prezidenti İlham Əliyevin “Ermənistan artıq iki dəfə sərhəd komissiyasının iclasını dayandırıb” bəyanatını əlavə etməli olacağıq.