Paşinyana son xəbərdarlıq – erməni baş nazirin “müstəqillik oyunu” Kremli bezdirib

Diplomatiyanın incəliklərin sənəti olduğu bəllidir. Burada yarı-tonlar və eyhamlar bəzən kameralar altında rəsmi açıqlamalar, jestlər və əl görüşmələrdən daha çox məlumat və siyasi “yük” daşıyır. Moskva ilə İrəvan arasındakı mövcud münasibətlər bunun klassik nümunəsidir. 

Zahirən burada hər şey qaydasındadır: dostluq haqda zəmanət, əl sıxmalar, telefon zəngləri və danışıqlar. Ancaq daha yaxından “nəzər salanda” buna heç bir şübhə qalmır: əslində iki ölkə arasındakı münasibətlərdə, belə deyək, “elan olunmasa” da, ciddi bir böhran yaşanır. Və əgər rəsmi çıxışlarında Ermənistan və onun lideri Nikol Paşinyan hələ ki, “rusofoblar” kimi qeyd olunmasa da, Rusiyadakı Kremlə kifayət qədər loyal media açıq şəkildə Nikol Paşinyana çox ağrıdıcı “informasiya iynələri” vurur, o cümlədən Ermənistan üçün ağrılı olan Tovuz istiqamətində iyul döyüşləri və bunların “diplomatik” nəticələri mövzusunda.

Məsələn, Rusiyanın “Nezavisimaya qazeta”sı açıq və eyhamsız şəkildə bildirir: “İrəvan Bakı ilə münaqişəni gərginləşdirmək üzərində oynayır”. Qəzet Paşinyanın avqustun sonunda, məhz Qubadlı rayonun işğalının ildönümündə işğal altındakı Dağlıq Qarabağa səfərini xatırladaraq qeyd edir: “Eyni zamanda, İrəvan Rusiyanı və digər KTMT ölkələrini öz tərəfində münaqişəyə cəlb etməyə çalışır. Lakin hələlik uğursuz şəkildə”.

Bu haqda mətbuatda dəfələrlə deyilib, amma yenə xatırlatma edək: Tovuz istiqamətindəki erməni təxribatının bir çox məqsədi, o cümlədən KTMT üzrə müttəfiqləri, öncəliklə də Rusiyanı Azərbaycanla münaqişəyə açıq-aşkar şəkildə cəlb etmək olub. Təəccüblü deyil: İrəvanda bu barədə yüksək səslə danışmağı sevmirlər, amma Azərbaycanın hərbi üstünlüyü aşkar həqiqətdir. Ermənistan liderləri özləri üçün ən uyğun olmayan şərtlərdə sülhə razılaşmaq istəmirlər. Demək, bircə variant qalır – Ermənistanın maraqlarına naminə başqalarını da müharibəyə “yazmaq”. Ancaq bu planlar iflasa uğradı.

Tovuzdakı döyüşlərdən bəhs edən Lenta.ru Ermənistanın Rusiyadakı səfiri Toqanyanın hamıya və kimə gəldi etdiyi müraciətini xatırladaraq yazır: “Biz KTMT-dən olan həmkarlarımızın reaksiyasına ümid edirik, çünki söhbət Ermənistan sərhədinin KTMT üzvləri tərəfindən tanınan hissəsindən gedir”. Di gəl, Moskva təmkin nümayiş etdirdi. Rusiya Xarici İşlər Nazirliyi isə tərəfləri atəş açmamağa və danışıqları davam etdirməyə çağırdı – və yalnızca bu, başqa bir şey olmadı. Özümüzdən əlavə edək: KTMT sərhəddəki vəziyyəti “nəzərə aldı”, lakin təcili iclas belə keçirəsi olmadı.
Sergey Lavrovla Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov arasında aparılan danışıqlarda Rusiya XİN başçısının Tovuz istiqamətində döyüşlərin başlamasında erməni tərəfini günahlandırması isə İrəvandakı qaynar başlar üçün əsl “soyuq duş” effekti yaratdı.

19_21597995370.jpg (45 KB)

Üstəlik, Lavrov danışıq formatlarının dəyişdirilməsi (oxu: İrəvanın Ermənistanın Xankəndində yaratdığı işğalçı rejiminin nümayəndələrini danışıqlar stoluna “itələmək”) cəhdlərinə qarşı çıxdı. Bu məqamlar həm “NQ”, həm də Lenta.ru tərəfindən vurğulanır. Sadə dildə desək, Ermənistan Rusiyadan ümid etdiyi miqyasda və həcmdə dəstək almadı.

Rusiyanın bu davranışı başadüşüləndən də artıqdır. Əvvəla, Ermənistanda daha incə ifadə eləsək, Rusiyadan çox şey umulduğu aydındır. Moskva isə yaxşı fərqindədir ki, İrəvana açıq dəstək Bakı və Ankara ilə münasibətlərə ciddi ziyan vura bilər. Azərbaycan və Türkiyə treklərində əldə olunan hər şeyi tamamilə məhv etmək isə Kremlin planlarına daxil deyil. Üstəlik, beynəlxalq aləmdə gedən və ən azı, birmənalı olmayan proseslər fonunda Rusiya rəhbərliyi Azərbaycana qarşı təcavüzü dəstəkləmək məsuliyyətini öz üzərinə götürə bilməz. Və nəhayət, Kremldə açıq şəkildə “ikili oyun” oynamağa və həm Rusiyanın, həm də Qərbin rəğbətini qazanmağa çalışan Paşinyana məlum bir inamsızlıq var.

Burada Nikol Vovayeviçin növbəti “xətası” düşünmək üçün gözəl qida verir. Söhbət onun BBC-nin Hard Talk proqramına verdiyi müsahibədən Lenta.ru-nun gətirdiyi sitatdan gedir.

Aparıcı Stiven Sakurun Ermənistanın Qərblə, yoxsa Rusiya ilə olması barədə sualını cavablandırarkən Ermənistan baş naziri əvvəlcə Rusiyanın Ermənistan üçün “təhlükəsizlik sahəsində strateji tərəfdaş” olduğunu əzbər söylədi, lakin ardınca dərhal hamını özünün Qərbə loyallığına inandırmağa başladı: “Yeri gəlmişkən, Avropa Birliyi indi islahat proqramının həyata keçirilməsində bizim əsas tərəfdaşımızdır. Bizim NATO ilə effektli iş birliyimiz var və biz NATO- nun Əfqanıstan, Kosovo, Livan, Malidəki missiyalarında iştirak edirik. Bizim həmçinin ABŞ-la kifayət qədər effektli hərbi əməkdaşlığımız var”, – deyə Paşinyan sadalayıb.

sg.jpg (28 KB)
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Avropa Birliyində (AB) Nikol Paşinyana əslində hansı münasibətin olduğunu bilərəkdən bir kənara qoyaq. Məsələ ondadır ki, AB-də iyul təxribatı zamanı Ermənistanın əsas hədəfinin sərhəd yaxınlığından keçən və Avropanın enerji təhlükəsizliynin asılı olduğu Azərbaycanın strateji ixrac boru kəmərləri olduğunu çətin ki, diqqətə almasınlar. Bunu da xatırlatmağa lüzum yox ki, Paşinyan ABŞ-la işbirliyi çərçivəsində hazırlanan minalar əleyhinə mütəxəssisləri Rusiya hərbi missiyası tərkibində Suriyaya göndərməsinə Vaşinqton necə sərt reaksiya vermişdi.

Daha mühüm olan başqa şeydir: Paşinyanın növbəti “qərbyönlü sıçrayışı” yüzdə yüz Moskvanın görmə sahəsinin xaricində qalmayıb. Lenta.ru-dakı məqalə buna bariz sübutdur. Harada ki, erməni hökumətinin Moskva üçün rus dilinin statusu və əhatə dairəsi kimi çox incə və həssas bir sahədə atdığı son addımlarla dərhal əlaqələndirilir. Başqa bir rus portalı, Ermənistana simpatiyası ilə tanınan “Regnum” bu barədə bildirir: Ermənistanda Rusiya kanallarının, rus dilinin tədris saatlarını artırmağın bir mənası olmadığını söyləyirlər (Ermənistanda əslində heç bir “rus sektoru” mövcud deyil), hətta Rus Dram Teatrının mövcudluğu təhlükə altındadır… Biz hələ Rusiya hərbi bazasının və sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı açıq çağırışları və eyhamları demirik.

Nəticə etibarilə “NQ”-nin xatırlatdığı kimi, Rusiya prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Köçəryanı ad günü münasibətilə təbrik edir, özü də Paşinyanı əvvəl təbrik etdiyindən daha isti şəkildə. İrəvanda indi həm də Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, hazırda “Vətən” partiyasının lideri və Ramzan Kadırovun şəxsi dostu Artur Vanetsyana Moskvanın verdiyi dəstək barədə də pıçıldaşırlar. İş o yerə çatıb ki, Qarabağın oyuncaq başçısı – Paşinyan özü tərəfindən bu posta oturdulan Araik Arutunyan da Moskva ilə oynamağa başlayıb. Beləcə, “kabab fatehi”nin altındakı kreslo açıq-aşkar titrəyir və laxlayır. Üstəgəl, inqilabın tozu artıq çəkilib, seçiciləri vədlərlə yemləmək alınmır, real nailiyyətlər yoxdur və gözlənilmir.

Belə bir vəziyyətdə Azərbaycanla cəbhə xəttində yeni təxribatlar və yeni döyüşlərin baş verməsi – Nikol Paşinyan üçün həm də öz vətəndaşlarını xoşagəlməz daxili siyasi reallıqlardan yayındırmaq, “mühasirədə olan qala” ideologiyası əsasında oynamaq cəhdidir. Paşinyanın işlərinin ölkə daxilində yaxşı getmədiyi haqda Lenta.ru olduqca ətraflı yazıb. Bu zaman həm Ermənistanın koronavirusla mübarizə strategiyasının uğursuzluğu və iqtisadi problemlərə, həm də rəsmi məlumatların saxtalaşdırıldğını bildirən müxalifət nümayəndələrinə istinad edilir.

Nəşr o sırada “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmond Marokyanın Facebook-da yaydığı bir statusa istinad edir: “Ermənistanın Statistika Komitəsi tərəfindən dərc olunan 2020-ci ilin birinci yarısının sosial-iqtisadi vəziyyətinə dair məlumatlara görə, ölkədə iqtisadi azalma 4,7% olub, sənaye istehsalının həcmində 1,5% artım, ümumi kənd təsərrüfatı məhsulu həcmində 1,7% artım, inşaatda 23,4% azalma, ticarət dövriyyəsində 11,1% azalma, xidmətlərin həcmi (ticarət xaric) 6,4% azalma, ixracatda 6,5% azalma, idxalda 12,9% azalma qeydə alınıb. Bunlar rəsmi məlumatlardır və qısaca desək, bu rəqəmlərə inanmıram, çünki ölkə dərin iqtisadi böhran içindədir və böhranın sonucları rəsmi rəqəmlərdə əksini tapmır”.

f5e46854baad0c_5e46854baad1b.thumb.jpg (43 KB)

Aydındır ki, söhbət ayrı-ayrı KİV-lərin, ayrı-ayrı əməkdaşlarının mövqeyindən getmir. Moskva sadəcə, Paşinyana birmənalı şəkildə mesaj göndərir.

Bu da aydındır ki, “hüquqi sübyektliliyin bərpası” və “real müstəqilliyə nail olmaq” barədə söhbətlər cəlbedicidir. Di gəl, real siyasətdə yalnız birini seçməlisən: ya Rusiyadan digər ölkələrlə müqayisədə misli görünməmiş şəkildə hərbi, siyasi və iqtisadi dəstək alaraq əvəzini öz loyallığın və sədaqətinlə ödəyəcəksən, ya da müstəqillik oyunu oynayacaqsan. Bu iki siyasi trend bir flakonda mövcud ola bilməz. Əgər Nikol Vovayeviç bu qaydanın erməni brendi butulkası üçün keçərli olmadığına əmindirsə, o halda belə təkəbbür ona baha başa gələ bilər. Xüsusilə də əgər o, “kəskinləşməyə hesablanmış oyunu” davam etdirirsə.

Bəlkə də “küçə kababları kralı” və onun Sorosçuları üçün belə bir fikir dahiyanə görünə bilər: müharibə iqtisadiyyatı, Amulsar mədənini və siqaret qaçaqmalçılığı ilə bağlı qalmaqalları hər kəsə unutdurmaq üçün etibarlı bir yoldur, “qələbə”nin dividentləri isə Nikol Vovayeviçin hesabına yazılacaq. Yox, məğlubiyyəti gizlətmək mümkün olmazsa, onda bütün məsuliyyəti Ermənistanı qorumayan, ona kömək etməyən Rusiyanın, deməli, həm də Paşinyanın rusiyapərəst düşərgədəki rəqiblərinin ayağına yazılacaq.
Amma bir şey var. Görəsən, Paşinyan “kəskinləşməyə hesablanan” oyunda “qırmızı xətt”i keçərsə, məğlubiyyətin hansı miqyasda olacağını anlayırmı? Xüsusən də bunu nəzərə almaqla ki, Rusiya onun xilasını çətin ki, özü üçün birinci dərəcələ vəzifə saysın…

Mənbə
musavat.com/
Hamısını Göstər

Related Articles

Back to top button
Close