Paşinyanın əsas rəqibi – Vazgen Manukyan: “Vəziyyət olduqca acınacaqlıdır”
Ermənistanda iqtisadi vəziyyət həqiqətən fəlakətlidir. Bu həm büdcənin icrası, həm ÜDM-in, investisiyaların həcminin azalması, həm də ərazi itkiləri sahəsində görünür.
Bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə əsas namizədi olan Vazgen Manukyan gənclərlə görüşü zamanı deyib.
Belə ki, onun sözlərinə görə, 100 min hektara yaxın əkin sahəsi (Azərbaycanın vaxtilə işğal olunmuş əraziləri nəzərdə tutulur – red.), 315 min hektar yaşıllıq sahəsi, 15 su-elektrik stansiyası və 100 meqavatt enerji itirilib.
“Yəni bizim itkilərimiz çox böyükdür, xərclər isə artıb”, – deyə Manukyan qeyd edib.
Eyni zamanda siyasətçi, heç bir normal iş adamının Ermənistana heç bir əhəmiyyətli sərmayə qoymayacağını qeyd edərək, real investisiyalar olmadan ölkənin indiki son dərəcə əlverişsiz vəziyyətdən çıxa bilməyəcəyini söyləyib.
“Ermənistan daim hərbi əməliyyatların bərpa təhlükəsi olan qeyri-sabit ölkədir. Ermənistana investisiyanı yalnız etnik erməni olan biznesmen qoya bilər, o da gəlir əldə etmək üçün yox, yalnız milli mənsubiyyətinə görə. Bu cür investisiyalarda onlar üçün əhəmiyyətli bir risk payı var. Bu cür investisiyalar böyük həcmdə ola bilməz və buna görə də vəziyyəti hansısa bir şəkildə dəyişə bilməz”, – deyə baş nazir vəzifəsinə əsas namizəd pessimistcəsinə vurğulayıb.