“Paşinyanın hədəfi Ermənistanı Türkiyənin vilayətinə çevirməkdir” – İttiham

“Ermənistan hakimiyyəti ölkəni Türkiyənin bir vilayətinə çevirməyə doğru aparır. Onların missiyası budur”.

Bunu sabiq prezident, Xocalı hərbi canisi Serj Sərksiyanın rəhbəri olduğu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu gün jurnalistlərlə görüşündə deyib.

O, hakimiyyətin proqramının Ermənistanın uydurma “erməni soyqırımı”nı tanıma tələbindən imtinadan ibarət olduğuna əminlik ifadə edib.

“Aydındır ki, Paşinyan Azərbaycan-Türkiyə tandeminin maraqlarına xidmət edir. Bunu onun bir-birimizlə niyə düşmən kimi davranmamalı olduğumuza dair növbəti açıqlaması sübut edir. Bunu o ali baş komandan deyir ki, onun hərəkətləri nəticəsində böyük “ərazi itkiləri” (dırnaqlar bizimdir – red.) bir yana, insan itkilərimiz 5 min nəfəri aşıb. Absurd ondadır ki, Paşinyan qurbanların bizə Artsax məsələsinin hələ də həll olunmadığını söyləmək üçün lazım olduğunu deyir. Onu duz və çörəklə qarşılayanlar başa düşməlidirlər ki, Əliyev və Ərdoğanın maraqlarına xidmət edən biri ilə görüşürlər. Əgər belə deyilsə, o zaman nədən Nikol Əliyevin hücumlarına cavab vermir? Tarix 100 il əvvəl Qarsı “itirdiyimiz” kimi təkrarlanır”, – deyə Şarmazanov qyed edib.

Nikol Paşinyanın Su-30 SM üçün raketlər almağa imkanı və vaxtı olmadığı ilə bağlı mübahisəli açıqlamasına diqqət çəkən sözçü deyib: “Vaxtında aldığımız hər şey 2016-cı ildə (aprel döyüşləri nəzərdə tutulur – red.) istifadə edildi və Stepanakertin (Xankəndi – red.) üzərinə bir dənə də mərmi düşmədi. Bütün dünya Nikolun yalan danışdığını bilir. Buna şəxsən mən 2020-ci ilin oktyabrında Paşinyan ona “5 + 2” formatının təklif olunduğunu söyləyəndə əmin oldum.

O zaman niyə o, yekunda Şuşanı, Hadrutu və digər əraziləri, o cümlədən Ermənistanı verərək qurbanların sayını 5000-ə çatdırdı? Hələ 2018-ci ildə demişdim ki, mövcud hakimiyyətin kursu siyasi vektorun dəyişməsi və Artsax məsələsi ilə birbaşa əlaqəlidir. Mən Avropaya səfəri zamanı Paşinyanın “soyqırım” haqda danışmadığını müşahidə etmişdim”, – deyə o əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan ötən həftəsonu bölgəyə etdiyi səfər zamanı yerli sakinlərlə görüşdə nə qədər çətin də olsa, Türkiyə və Azərbaycanla düşmənçilik səhifəsini bağlamağın zəruriliyindən danışmış, bunun bütün tərəflər üçün faydalı olacağını söyləmişdi…

Hamısını Göstər

Related Articles

Back to top button