Paşinyanla “revanşist”lərin savaşı: erməni baş nazir əks-hücumda
Ermənistanda baş verənlər Azərbaycanın diqqətində; İrəvandakı hadisələr Qarabağ anlaşmasına mənfi təsir edəcəksə, Bakı sakit oturmayacaq; politoloq: “Bundan sonra heç kim…”
Baş nazir Nikol Paşinyanın istefaya gedəcəyi barədə erməni müxalifətinin gözləntiləri növbəti dəfə puç oldu. “Vətəni xilas hərəkatı”nın Baqramyan prospektində nümayiş etdirdiyi hərəkətlilik, həmçinin parlamenti bloklaması da nəticə vermədi.
Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirən Ermənistanın baş naziri Nikol Paşinyan postundan getməyə tələsmədiyini nümayiş etdirib. Baş nazir dövlətinin və xalqının ağır sınaqlardan keçdiyini söyləyib. “Heç kim generalların, zabitlərin, çavuşların və sıravi şəxslərin ölkənin möhkəmlənməsinə verdiyi unudulmaz töhfələri qiymətləndirməyə bilməz”, – deyən Paşinyan qeyd edib ki, mövcud vəziyyətdə hərbi-siyasi rəhbərliyin bir neçə məsələni müzakirə, təhlil etməsi və cavablandırması, ölkənin silahlı qüvvələrinin inkişafı üçün ortaq bir baxış formalaşdırması lazımdır. Bu baxış ordu və xidmətin yalnız nəzəri şərtlər deyil, gündəlik iş və xidmət olduğu üçün general və zabitlərin bilik və təcrübəsinə əsaslanmalıdır.
Qanuna görə, Baş Qərargah rəhbəri kimi Onik Qasparyanın səlahiyyət müddətinin artıq başa çatdığını xatırladan Paşinyan ona çoxillik xidmətinə görə təşəkkür edib. Paşinyan bildirib ki, Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə artıq prezidentə təqdimat verib. Baş nazir əlavə edib ki, bu barədə Baş Qərargahın yeni rəisinin təqdimatı münasibətilə keçiriləcək görüşdə hərbçilərlə daha ətraflı danışacaq. (Virtualaz.org) “Mən iştirak edənlərin hamısından Silahlı Qüvvələrin sıralarında xidmətlərini generallar, zabitlər, Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edən strukturun dayaqları kimi davam etdirmələrini xahiş edirəm. Sizə inanıram, əminəm ki, indiyə qədər olan xidmətiniz səmimi olub. Bu xidmət ən yüksək tərifə layiqdir və bu qiymətləndirmə heç bir halda heç vaxt yenidən nəzərdən keçirilə bilməz”,- deyə N.Paşinyan vurğulayıb.
Onik Qasparyan
Orduda Köçəryan-Sərkisyan cütlüyünün, həmçinin digər revanşist qüvvələrin dayaqlarının olması faktdır. N.Paşinyan bir sıra gedişləri ilə ordu daxilində də parçalanmaya nail ola və qüvvələr nisbətini öz xeyrinə dəyişə bilib. Üstəlik, 44 günlük dərsdən sonra erməni ordusunun sağ qalan hissələri anlayırlar ki, “qan-qan” deyənlər Ermənistanda hakimiyyəti ələ keçirsələr, onları yaxın perspektivdə yenidən Azərbaycan əsgəri ilə üz-üzə gəlmək dəhşəti gözləyə bilər. Odur ki, onlar N.Paşinyanın siyasətini müdafiə etməyi daha optimal variant olaraq dəyərləndirirlər.
Son günlər ölkədə baş verənlərə davamlı münasibət bildirən, hətta bəzi fikirləri ilə qiyamçıların davranışlarını stimullaşdıran keçmiş prezident Levon Ter-Petrosyan növbəti açıqlaması ilə diqqət çəkib. “Müxalifətin siyasi proseslərə cəlb olunması ilə bağlı təzyiqlərinin qarşısında ordunun təmkinli olduğunu bir daha qiymətləndirərək, eyni zamanda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin istefasının hüquqi yolla mübahisə edilməsi məsələsində qərarını alqışlayıram”, – deyə, Petrosyan bildirib. Eks-prezident deyib ki, mövcud partlayış vəziyyətinin əsas və yeganə səbəbi ölkəni idarə etmək missiyasını tamamilə yerinə yetirməyən və xalqımızı alçaldıcı məğlubiyyətə uğradan bir insanın yeni və daha ağrılı təhdidlərlə dolu olan kreslosuna ağrılı bağlılığıdır. “Eyni zamanda artıq neçənci dəfədir təkrar etmək istəyirəm ki, hakimiyyətin dəyişdirilməsi məsələsi müstəsna olaraq konstitusiya yolu ilə həll olunmalı və bunun üçün ilkin şərt iqtidar və müxalifət arasında dərhal bir kompromisə nail olmaq olmalıdır. Bunun üçün fürsətin tükəndiyini düşünmürəm, çünki sərt ritorikasına baxmayaraq, müxalifət hələ də qırmızı xətləri keçməyib. Konstitusiya yolundan kənara çıxması halında Ermənistan bir daha heç vaxt normal və layiqli bir dövlət olmaq fürsəti tapmayacaq. Odur ki, yaranmış vəziyyətdən çıxış, yalnız bir məqam yox, həm də perspektivlər məsələsidir”, – Ter-Petrosyan əlavə edib. Sözsüz ki, Petrosyan hakimiyyət dəyişikliyinin ölkəni dalana salacağını anladığı üçün nisbətən məqbul yolların aranmasını zəruri sayır.
Revanşa can atan qüvvələr Ermənistan prezidenti Armen Sərkisyanı da öz tərəflərinə çəkə bilmədiklərindən məyusdurlar. Üstəlik, Administrasiyanın “Baş Qərargah rəisinin istefası məsələsi baş nazirin səlahiyyətindədir”, açıqlaması da onların məyusluğunu artırıb və etirazçıların lideri Vagen Manukyanın dediyi “bizim prezident yoxdur, varlı turist var”, qənaətini ortaya çıxarıb. Bundan əvvəl Ermənistan prezidenti Armen Sərkisyanın Administrasiyası Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsinin baş nazirin səlahiyyətində olduğunu bildirib.
Bir çox xarici ekspertlər də əminliklə hesab edirlər ki, Ermənistan daxilində kataklizmlərin davamı bu ölkənin gələcəyini şübhə altına alacaq. Söhbət Qarabağ anlaşması nəticəsində bölgədə kommunikasiyaların açılması və dalan dövlətinin də bu vəziyyətdən faydalanması perspektivindən getdiyi halda, erməni müxalifəti hakimiyyəti qəsb etməklə “proseslərə diktə etmək” iddiası ortaya qoymaq cəhdindən gedir. Ancaq hətta bugünlərdə Karnegi Avropa Fondunun baş elmi əməkdaşı, Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal bildirmişdi ki, Ermənistan özünün gələcəyi və bölgədə yaranan yeni imkanlar barədə düşünməlidir. Onun sözlərinə görə, Ermənistan üçün bu imkanlardan biri Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Ermənistan və Azərbaycan arasında sülhün qurulması ilə bağlı suala cavabında ekspert bildirib ki, bunun üçün hər iki ölkənin cəmiyyətlərində iş aparılmalıdır: “Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması, ticari-iqtisadi əlaqələrin və insanlar arasında təmasların qurulmasını gələcək hədəflər kimi müəyyən edilə bilər”, – deyən T.Vaal qeyd edib ki, Ermənistan cəmiyyətində nəyisə kifayət qədər sürətlə dəyişmək imkanı var, belə ki, ölkə kiçikdir və üç milyon insanın həyatını transformasiya etmək daha asandır. O, müharibədən sonra Azərbaycanın mövqeyinin daha da gücləndiyini, Ermənistanın mövqeyinin isə çox zəiflədiyini əlavə edib.
Elə bugünlərdə 200 min erməninin Ermənistanı tərk etmək istədiyi barədə professor Aşot Tavadyanın açıqlaması sensasiya yaratdı. Əksər ermənilər artıq siyasi oyunların girovuna çevrilməkdən beziblər və özlərinə normal yaşayış məskəni axtarışındadırlar. Bir çoxları anladılar ki, artıq Qarabağa dair iddialara son vermək, Azərbaycana meydan oxumaq kimi xülyalardan əl çəkmək lazımdır. Ancaq həm Qarabağ terrorçularının girovluğunda qalan ermənilər, həm də Ermənistan vətəndaşları hələ də fərqli mövqelərini nümayişkaranə şəkildə ortaya qoya bilmədiklərindən çıxış yolunu baş götürüb getməkdə görürlər.
İrəvanda baş verən gərginliklərin fonunda ortaya çıxıb ağıllı yol göstərən tanınmış adamlar da gözə görünmür, çünki tam ümidizlikdir. Görün nə günə qalıblar ki, Qarabağdakı terrorçuların başçısı Araik Arutyunyan İrəvana gedərək Nikol Paşinyanla müxalifət arasında vasitəçilik etmək istəyir. Xatırlayırsınız yəqin, Gəncə şəhərinə raketlər atılanda İrəvan “xəbərimiz yoxdur” bəyanatını yaymışdı, Arutyunyan isə “Gəncəni vurmağı mən əmr etmişəm”, söyləmişdi. Yuxuda olan körpələri öldürmək əmrini verəcək qədər qaniçən olan birisi tullana-tullana İrəvana, “vasitəçiliyə” gedibsə, təbii ki, burnu ermənisayağı əzilməliydi, əzildi də. İndi belə birisi “barışdırıcı” missiya sərgiləmək istəyir.
Politoloq Məhəmməd Əsədullazadə Ermənistanda siyasi müstəvidə xaosun davam edəcəyinə əmindir: “Baxmayaraq ki, Nikol Paşinyan 1 mart mitinqində müxalifət üzərində siyasi üstünlüyü ələ aldı, amma müxalifət geri addım atmır. Vətənin xilası naminə hərəkata daxil olan 17 partiyanın mövqeyi əsasən, Paşinyanın istefasına nail olmaqdır. Amma proses onların əleyhinədir və düşünürəm ki, bundan sonra onlar yalnız terror-təxribat hallarına gedə bilərlər. Demək olar ki, ordunu prosesə cəlb etsələr də istəklərinə nail ola bilmədilər. Baş qərargah rəisi Onik Qasparyan vəzifəsində qala bilməyəcək. Paşinyan çalışır ki, müxalifətlə seçkiyə getsin”. M.Əsədullazadə hesab edir ki, tezliklə seçki olmaya bilər: “Çünki müxalifət məğlub olacaq. Artıq ordudan istifadə edilməsi də mümkün olmayacaq. Ardınca Köçəryan, Sərkisyan və Manukyana qarşı siyasi-cinayət tətbiqləri başlayacaq. Sadəcə, müxalifət mitinqə ona görə ara vermir ki, öz mövqelərini və mövcudiyyətlərini qorusunlar. Bu kimi mitinqlər artıq Paşinyan üçün qorxulu deyil. Amma ordu sıralarında təxribatçı generallar var. Onlar Köçəryana yaxın şəxslərdi.
Məhəmməd Əsədullazadə
Aydın oldu ki, ordunun yüksək rütbəli zabitləri Sərkisyan və Köçəryana yaxın isimdirlər. Hətta baş qərargah rəisi də onların təlimatlari ilə hərəkət edir. Ona görə də bu çevriliş cəhdini xalq dəstəkləmədi ki, onların hakimiyyəti Ermənistanı növbəti bataqlığa aparıb çıxarmasın”. Politoloq hesab edir ki, Paşinyan prosesləri nəzarətinə alacaq: “Oktyabrda referenduma gedib, prezident postuna gələ bilər. Generalların ölkədə terror və təxribatlara əl atması da istisna deyil. Lakin onlar da asanlıqla zərərləşdirilə bilər. Artıq Ermənistan cəmiyyəti müxalifətin dağıdıcı missiyaya malik olmasının fərqindədir. Ona görə də imkan verməyəcəklər müxalifət terrora əl atsın”. Ancaq onun fikrincə, Qarabağdakı erməni hərbi birləşmələrindən proseslərdə istifadə edilməsi mümkündür: “Onların arasında da müxtəlifətin adamları var. Azərbaycan hazır olmalı, əgər belə hal baş verərsə, antiterror əməliyyatları keçirməlidir. Paşinyan Ermənistandakı hadisələri yoluna qoyacaq. Azərbaycan prosesləri izləməli və yalnız Qarabağda məsələlərdə diqqətli olmalıdır ki, təxribat baş verərsə, hərəkətə keçib, prosesləri nəzarətinə alsın. Ermənistanin indiki hakimiyyəti Azərbaycanla qarşıdurmada maraqlı görünmür, çünki məğlub olub. İndi Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Əgər revanşistlər hakimiyyətə gəlsə, artıq bu, yeni problem olacaq. Regionda təhlükəsizlik risk altına düşəcək”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədov isə “Yeni Müsavat”a dedi ki, müharibədə məğlub olan dövlətlərdə və cəmiyyətlərdə hakim partiyaların və generalların hakimiyyətdən getməsi normal haldır: “Lakin biz görürük ki, erməni cəmiyyəti hazırda müharibədə məğlubiyyəti hakim partiyadan daha çox, indiyə qədər Ermənistanda tüğyan edən yanlış ideologiya ilə bağlayır. Hazırda Ermənistan üçün tarixi məqamdır. Ya onlar ”Böyük Ermənistan” konsepsiyalarından əl çəkməli, dövlət atributlarından Ağrıdağ simvollarını silməli, tarix kitablarını təzələməli, ya da intiqam almaq üçün hazırlıqlara başlamalıdırlar. Birinci yol, erməni cəmiyyəti sağlamlaşdıra bilər, ikinci yol isə erməni cəmiyyətini və Ermənistan dövlətini ləğvə aparan yoldur. Onsuz da Ermənistanın iki real yolu var. Ya bu dövlət 5 il sonra Rusiya dövlətinə daxil olmalı, ya da Türkiyə və Azərbaycanla sıx inteqrasiya etməlidir. O ki qaldı Qarabağa, Xankəndinin gələcəyi ilə bağlı proseslər Ermənistandan asılı deyil. Bu birbaşa Moskva-Bakı-Ankara dialoqundan asılı olan məsələdir. Azərbaycanın güclü ordusu var, beynəlxalq hüquq da ölkəmizin yanındadır”. Z.Məmmədov bir məqamı da xüsusi vurğuladı: “Heç kim unutmasın kı, 44 gün ərzində dünya tarixinə adını yazan ordumuz əldə edilən razılaşmaların həllini tapmaması vəziyyətində diplomatiyadan güc yoluna keçə bilər. Hər halda, gedişat Azərbaycanın xeyirinədir. Biz regionda 200 ilə yaxın davam edən erməni məsələsi adı altında Rusiya, Fransa və ABŞ-ın siyasətlərini alt-üst etdik. Bundan sonra heç kim erməni qullarından istifadə edərək bölgədə Türkiyəyə və Azərbaycana qarşı siyasət apara bilməyəcək”.
Beləliklə, İrəvanda cərəyan edən hadisələr Azərbaycanda həssaslıqla izlənilir. Əgər düşmən ölkədəki revanş tərəfdarları Qarabağ ətrafında oyunlar qurmaq istəsələr, o halda növbəti dəfə “Dəmir yumruq” deyəcək sözü, buna kimsə şübhə etməsin.