“Patı” – Gözəgörünməz ölüm kabusu
Narkomaniya – müasir dünyamızın ən ciddi problemlərindən biridir və bəşəriyyət bu gün də ondan əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyil. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılıb, öz ərazisini genişləndirib, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxıb.
Hazırda dünyada 2 milyondan artıq narkotik istifadəçi var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir.
“Patı”, “Şüşə” – “Metamfetamin” adlı ölümcül narkotik vasitələrdən biri. Artıq bir neçə müddətdir ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında “patı” adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Ən dəhşətlisi də budur ki, “patı” istifadəçilərinin arasında azyaşlılara və qadınlara tez-tez rast gəlinir. Həkimlər bildirir ki, qadınlara çox vaxt metamfetamini arıqlamaq adı ilə təklif edirlər. Qadınlar “patı”dan arıqlamaq üçün istifadə edir, daha sonra onun aludəçisinə çevrilirlər. Metamfetamin enerji parçalanmasını, metabolizmi sürətləndirir. Ona görə də, bunu istifadə edənlər tez arıqlayır. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddə, psixostimuliyator olduğundan bədənin enerji potensialını beyinin iş fəaliyyətinə yönəldir. Beyin bu maddəni istifadə etdikdən sonra aktiv qalır. Beləcə yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir. Amma təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq yaranır. Davamlı istifadədən sonra maddə insanın depressiyaya düşməsinə səbəb olur və bu da intihara belə gətirib çıxarır.
Yaxşı, bəs narkotik maddədən istifadənin və aludəçilərin günü-gündən artmasının kökündə nə dayanır? Valideynlər nə etməlidir ki, övladları belə zərərli vərdişlərdən uzaq dursun?
Olaylar.az-a danışan Klinik Psixoloq və Psixoterapevt Xanım Quliyevanın sözlərinə görə, ailə tərəfindən sağlam ünsiyyəti formalaşmayan usaqlar bu biznesin qurbanına çevrilir:
“Məncə, bunun bir neçə aspektdən təsirləri var. İlk əvvəl yeniyetmə və gənclər üçün təlimdən sonra görülə biləcək fəaliyyət sahəsi o qədər azdır ki, o yaş dövründə olan insanların həyatlarına maraq qatmaq istəməsi və bunu olduqca təhlükəli vasitələrlə etməsi çox üzücü haldır. Belə tip asılılıqların qarşısının alınması üçün adətən yeniyetmə və gəncləri idman, intellektual oyunlar və yaxud yalnız əyləncəli fəaliyyətlərə cəlb edirlər. Belə hallarda dünya təcrübəsində də əhəmiyyətli dərəcədə istifadədə azalma müşahidə olunur. Məncə, onlara nələrisə qadağan etməkdən daha çox həyata daha sağlam səbəblərlə tutunmalarına şərait yaratmalıyıq.
İkinci tərəfdən bizim ailə sistemimiz o qədər natamam və qeyri-sağlam qurulub ki, yeniyetməlik dövründə uşaqların belə və yaxud başqa davranışlar sərgiləməsi qaçılmaz hal alır. Ailədə uşaqları sıxışdıraraq, yalnız və yalnız məktəb nailiyətlərini qiymətləndirərək, onların fərdi xüsusiyyətlərini görmədən böyüdürük. Həmin uşaqlar nə özlərini ifadə etməyi, nə də güclü və zəif tərəflərini kəşf etməyi bacarmırlar. Əksər ailələr qayğının yalnız fiziki tələbatları ödəmə mərhələsini keçir. Yeniyetmə və uşaqlar üçün isə ən vacibi hörmət hissinin onlara aşılanmasıdır. Söhbət özünə hörmət, sosial statusuna hörmət və digər məsələlərdən gedir. Bunu valideynlərindən görməyən uşaq öz-özündə formalaşdırması üçün çox əziyyət çəkir və yaxud heç formalaşdıra bilmir. Ailə tərəfindən sağlam ünsiyyəti formalaşmayan uşaqlar isə bu biznesin qurbanına çevrilir. Artıq məsələnin maddi vəziyyətlə əlaqəsi yoxdur. Bizi nəzarətdə saxlaya biləcək duyğu anlaşılmaq və qəbul edilməkdir. İstifadəçi olan şəxslərin isə əksəriyyəti müxtəlif şəkildə bundan məhrum qala bilirlər.
Təbii ki, bunu bütün istifadəçilərə şamil edə bilmərik, məsələnin asılılığa meyilli olma göstəricisi də var. Ancaq mən valideynlərin bir addım geriyə çəkilib yenidən sağlam sevgi və sayğı dolu ünsiyyət formalaşdıraraq əksər problemleri həll edə biləcəklərinə inanıram.
Dəstək üçün isə bu əsla utanc məsələsi olmamalıdır. Problem varsa, onun yalnız üzərinə gedərək həll edə bilərik. Narkomaniya virus kimi yayıla bilir və adətən referent qruplardan yan keçmir. İstifadəçilər günahkar kimi görünsə də, biz əsasən onları qurban adlandıra bilərik. Onları zəif edən isə olduqları yerdə özlərini ifadə edəcək bir şeylərin olmamasıdır. Hətta anlayışlı bir müəllim belə, belə uşaqları istifadəçilikdən yayındıra bilər. Bu yaş dövründə insanlar güvənilir, anlayış və qayğı dolu insanlardan asanlıqla ilhamlana bilirlər. Elə insanlar olmadıqda isə bu tip vərdişlər özlərini daha rahat göstərə bilir. Məqsəd, maraq və həvəs olmayan insanlar üçün belə qısamüddətli həvəs və həzzlər ən asan yoldur. Biz isə, istər ailədə, istər məktəbdə öz məqsədlərini formalaşdırmaq üçün onlara yol göstərməliyik”.
Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir. Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bütün hallarda narkomaniya və narkobiznes təhlükəli cinayətlərdir. Odur ki, buna qarşı ümummilli mübarizə mütləq lazımdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir.
Röyalə Xəyal