“Polisə Dəstək” İctimai Birliyi İnsan Alverinə qarşı növbəti tədbirini keçirmişdir

29 sentyabr 2026-cı ildə Azərbaycan Milli Konservatoriyasının Sumqayıt Musiqi Kollecində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan Alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda mühazirə-seminar-maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə layihə rəhbəri, “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev, Sumqayıt Şəhər Polis İdarəsinin şöbə rəisi, polis mayoru Mahir Qurbanov, layihə üzrə ekspert, hüquqşünas Aydın Kərimov, Kollecin direktoru Natəvan Həsənova, Kollecin YAP sədri Nicat Məlikov, psixoloq Güllü Nəsirova iştirak etmişlər. Məqsəd ali və orta ixtisas təhsil müəssisələrində insan alverinə qarşı mübarizə istiqamətində məlumatlılığın artırılması, gənclərin hüquqi biliklərinin gücləndirilməsi və həssas qrupların vaxtında müəyyən edilərək qarşısının alınmasından ibarət olmuşdur.
Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Həsənova çıxış edərək, insan alverinə qarşı mübarizənin əhəmiyyəti, maarifləndirmə işinin vacibliyindən və davamlılığından, təhsil müəssisələrinin Milli Fəaliyyət Planı üzrə vəzifələrindən bəhs etmişdir.
Tədbirdə, həmçinin Kollecin YAP sədri Nicat Məlikov, psixologiya fənni üzrə pedaqoq Güllü Nəsirova da çıxış edib fikirlərini bildirmişlər. Sonra “Polisə Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Şəmsəddin Əliyev çıxış etmişdir. O, insan alverini doğuran səbəblərdən, bu cinayətlərin qurbanlarının təhsil səviyyəsindən, sosial müdafiə, əmək bazarında ayrı-seçkilik və gender bərabərsizliyi hallarından, BMT-nin Narkotika və Cinayətkarlıq üzrə İdarənin, Respublika DİN-nin İnsan Alveri üzrə Baş İdarəsinin peşəkarlığı ilə davam edən fəaliyyəti barədə iştirakçıları məlumatlandırmışdır. Layihə rəhbəri insan alveri ilə əlaqəli kriminal biznesin illik məbləğinin təxminən 240 milyard ABŞ dolları məbləğində olması ətrafında da məlumat vermişdir.
Sonra layihə üzrə ekspert, hüquqşünas Aydın Kərimov, Sumqayıt Şəhər Polis İdarəsinin şöbə rəisi, polis mayoru Mahir Qurbanov çıxış edərək, bu cinayətləri şəxsiyyətin inkişaf səviyyəsi, vətəndaş mövqeyi, şəxsi siyasi düşüncəsi ilə əlaqəli olması,İnsan alveri cinayətlərinin özünü təsdiqləməsi üçün sənədlərin saxtalaşdırılması, əxlaqsız yuvaların saxlanılması, fahişəliyə cəlb edilməsi halları barədə fikir və tövsiyələrini iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirdə tələbələr fəal iştirak etmiş, mövzu ilə bağlı ekspertlərə ünvanlanan suallara aydınlıq gətirilmişdir. Qarşılıqlı fikir mübadiləsi və diskussiya şəraitində davam edən müzakirə iştirakçıların insan alveri ilə bağlı məlumatlılığının artırılması baxımından əhəmiyyət kəsb edib.







Polise.az



