Politoloq: “ABŞ minalanmış ərazilərlə bağlı İrəvana təzyiq edə bilər”

“ABŞ İrəvana minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verməsi üçün təzyiq edə bilər”.

Bunu ARB24-ün “Nə baş verir?” verilişində ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubu şərh edən politoloq Şəbnəm Həsənova qeyd edib.

O bildirib ki, Co Bayden Azərbaycana münasibətində sələfindən fərqli mövqe nümayiş etdirmir:

“Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf etməyə davam edir. Sözügedən məktub əslində Baydenin bu istiqamətdə olan arzusunu özündə ehtiva edir. Azərbaycan özü də Baydenin sələfinin dövründəki Azərbaycan deyil. Müharibə zamanı ABŞ KİV-i də qeyd edirdi ki, onların başı seçki prosesinə qarışdığı müddət ərzində Azərbaycan Cənubi Qafqazda öz reallığını yaradır və ərazi bütövlüyünü bərpa edir. Təbii ki, Bayden də yeni yaranmış geosiyasi reallığın fərqindədir.

Bundan başqa, ABŞ Azərbaycanla Ermənistan arasında barışığın təşkil olunması istiqamətində öz töhfəsini verə biləcəyini qeyd edir. Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə başlasaq da, ərazilərin minalarla doldurulması bizə mane olur. Düşünürəm ki, bizə minalanmış ərazilərin xəritəsini vermədiyi üçün ABŞ-ın İrəvana bu istiqamətdə təzyiqi ola bilər. Çünki ABŞ yeni yaranan reallığı qəbul edir və bu məktubda onun sərgilədiyi mövqe 9 noyabr 2020-ci bəyanatı ilə üst-üstə düşür”.

ABŞ-la Azərbaycan arasında təhlükəsizlik baxımından böyük əməkdaşlıq mövcud olduğunu qeyd edən politoloq onu da bildirib ki, ABŞ Xəzər dənizində enerji imkanlarının inkişaf etdirilməsində son dərəcə maraqlıdır.

Hamısını Göstər

Related Articles

Back to top button