Politoloq: “Laçın yolunu bağlamağa tam ixtiyarımız və əsasımız var”

“Biz Ermənistana Laçın dəhlizindən istifadə etməyə icazə veririk. Lakin bu o demək deyil ki, Zəngəzur dəhlizinin açılmamasına göz yumacağıq. Ermənilər bu məsələ ilə əlaqədar problem yaratmağa davam edəcəklərsə, Laçın yolunu bağlamağa tam ixtiyarımız və əsasımız var. Ermənistan tərəfi Prezident İlham Əliyevin xəbərdarlığını yaxşı dərk etməlidir”.

Bunu Oxu.Az-a açıqlamasında siyasi ekspert Fikrət Sadıxov deyib.

Ekspertlə Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışı, həmçinin Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə əlaqədar söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

– Prezident İlham Əliyev separatçıların iyun ayında Qarabağdan çıxarılması ilə əlaqədar Rusiyanın söz verdiyini, lakin bu sözün yerinə yetirilmədiyini deyib. Bildirib ki, ya razılaşma icra edilməlidir, ya da atacağımız addımları bilirik. Sizcə, burada hansı addımlardan söhbət gedir?

– Dövlət başçısı birmənalı şəkildə erməni tərəfinə işarə etdi ki, problemin həlli üçün bütün yollardan istifadə olunur. Bundan sonra da diplomatik və siyasi yollardan istifadə olunacaq. Lakin bu heç də o demək deyil ki, sözügedən üsullar əbədi olaraq tətbiq olunacaq. İmkanlarımız kifayət qədər genişdir. Potensialımız da göz qabağındadır və onları erməni tərəfi görür, bilir.

Burada Prezident həmçinin xəbərdarlıq etdi ki, əgər 10 noyabr tarixində imzalanmış bəyannaməyə əməl etməyəcəksinizsə, biz artıq siyasi və diplomatik üsulları arxada qoyacağıq. Azərbaycan 44 günlük müharibədə nəyə qadir olduğunu göstərib. Göstərilən tarix artıq geridə qalıb. Bundan müəyyən müddət sonra separatçılar yenə də Qarabağda qalsalar, həmin üsullardan yenə istifadə edə bilərik və edəcəyik.

– Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib ki, Qarabağın statusu iddiasını davam etdirsələr, Zəngəzurun statusu barədə tələblər irəli sürəcəyik. Rəsmi Bakı bu tələbini beynəlxalq arenada qaldıra bilərmi? Bunun üçün hansı vasitələrdən istifadə etmək mümkündür?
 

– Əslində, Prezident çox yaxşı bir ifadə işlətdi və dedi ki, Ermənistan statusla bağlı müxtəlif bəyanatlar verir, amma bizim Zəngəzur regionu ilə bağlı tarixi faktlara söykənən iddialarımız kifayət qədər genişdir. Zəngəzurun 1920-ci ildə bizdən qoparılması ilə bağlı iddialarımızı irəli sürə bilərik.

Biz heç kimin torpaqlarına göz dikməmişik. Bizim olan bizə qaytarılmalıdır. Bunu da bütün beynəlxalq təşkilatlar bilməlidir. Ərazi bütövlüyümüzü bərpa etmək istəyiriksə, onda ermənilər bunu tam mənada başa düşməlidirlər. Eyni zamanda İrəvan və digər şəhərlərlə bağlı da iddialarımız ola bilər. Bunlar hamısı Azərbaycan şəhərləridir. Ermənilər bizə qarşı başqa şərtlər sürməyə çalışanda yaxşı fikirləşsinlər.

Ola bilər, beynəlxalq təşkilatlarda kimsə bunun əleyhinə olsun və ya hansısa narazılıq bildirsin. Lakin Azərbaycan tərəfi o qədər dəqiq, konkret və peşəkar səviyyədə işləyir ki, onların bizim arqumentlərimizə etiraz etməyə heç bir əsasları yoxdur. Çünki əldə olan faktlara görə, sözügedən ərazilərin hər biri tarixi və geosiyasi baxımdan Azərbaycan əraziləridir. Bütün bu məsələlərin həlli üçün xəbərdarlıq, lazım gəldikdə diplomatik və hərbi vasitələrdən istifadə edirik və edəcəyik.
 

– Müşavirədə Zəngəzur dəhlizi ilə bağlı tələb də səsləndi. Bu istiqamətdə Ermənistanı məcbur etmək üçün hansı praktiki üsullar seçilə bilər?

– Dəhlizlə bağlı mühüm bir məqam var. Belə ki, biz Ermənistana Laçın dəhlizindən istifadə etməyə icazə veririk. Lakin bu o demək deyil ki, Zəngəzur dəhlizinin açılmamasına göz yumacağıq. Ermənilər bu məsələ ilə əlaqədar problem yaratmağa davam edəcəklərsə, Laçın yolunu bağlamağa tam ixtiyarımız və əsasımız var. Ermənistan tərəfi İlham Əliyevin xəbərdarlığını yaxşı dərk etməlidir. 

– XİN başçılarının Tbilisidə keçirilən görüşündə Ararat Mirzoyan yenidən Minsk qrupunu gündəmə gətirib və münaqişənin bitmədiyini iddia edib. İlkin nəticə belədir ki, Ermənistan sərsəm iddialarından əl çəkmir. Prezidentin həmin görüşün nəticəsindən asılı olaraq addımların atılacağını bildirməsi fonunda Azərbaycan siyasi və hərbi müstəvidə nə edə bilər?

– Təəssüf ki, XİN rəhbərlərinin görüşü heç bir normal, müsbət nəticə vermədi. Görünür, ermənilər köhnə taktikalarından qalmayaraq yenə öz mülahizələrini irəli sürürlər. Ola bilsin ki, kiməsə arxalanır və kömək gözləyirlər. Lakin hər halda nazirlərin görüşündə Ermənistan tərəfi tələblərimizi eşitdi. Təsadüfi deyil ki, Ermənistan baş naziri Nikol Paşinyan artıq bizim maraqlarımıza cavab verən bir sıra bəyanatlar da verib. Bu da müxalifətdə qıcıqla qarşılanıb.

Ancaq Azərbaycan tərəfi bu məsələdə prinsipial mövqeyindən geri çəkilmir və rəsmi Bakı lazımi addımları bundan sonra da atmağa hazırdır. Bunu həm erməni tərəfi, həm onları dəstəkləyən qüvvələr və beynəlxalq təşkilatlar eşitsin-bilsin və nəticə çıxarsınlar.

Hamısını Göstər

Related Articles

Back to top button