POLKOVNİK VƏ GENERAL ƏLBƏYAXA OLDU

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərilərinin apelyasiya şikayəti üzrə yanvarın 9-na təyin olunan məhkəmə prosesi təxirə salınıb.

“Qaynarinfo” xəbər verir ki, məhkəmədən bildirilib ki, təxirə salınma yollardakı vəziyyətlə əlaqədardır, Bakı İstintaq Təcridxanasından müttəhimlərin Bakı Apelyasiya Məhkəməsinə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlərin sözlərinə görə isə Bakı İstintaq Təcridxanasından Bakı Apelyasiya Məhkəməsinə bir neçə etap maşını gəlib və məhkəmədə baxılan digər işlər üzrə müttəhimləri gətirib.

Onların iddiasına görə, məhkəmənin təxirə salınmasının səbəbi başqadır. Zərərçəkənlər deyib ki, sonuncu prosesdə Mövlam Şıxəliyevlə Yasin Məmmədov arasında yaşanan gərginlik məhkəmədən sonra da davam edib. Bakı Apelyasiya Məhkəməsindən İsitintaq Təcridxanasına aparılarkən etap maşınında tərəflər arasında söz atışması olub. Yasin Məmmədov Mövlam Şıxəliyevi onu və digər iki müttəhimi çətin duruma salmaqda, yaxasını kənara çəkməkdə ittiham edib. Tərəflərin hətta əlbəyaxa olması, bir-birlərinin sifət nahiyyələrinə xəsarət yetirmələri haqda da iddialar var. Onların məhkəməyə gətirilməməsinin səbəbi kimi aralarındakı dava zamanı sifətlərində yaranan xəsarət izlərinin qalması göstərilir. Əlbəyaxa zamanı Mövlam Şıxəliyevin daha çox xəsarət aldığı da qeyd olunur.

Məlumat üçün deyək ki, dekabrın 26-da keçirilən məhkəmə prosesində Yasin Məmmədov Mövlam Şıxəliyevin barəsində kəskin ittihamlar səsləndirib, onun müavini olmuş Təhsin Ağayevi alçaq adlandırıb.

Məhkəmə prosesi yanvarın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs edilib. 21 sentyabr 2022-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin Elbəyi Allahverdiyevin hökmü ilə Mövlam Şıxəliyev 12 il, tabeliyində işləmiş şəxslər – Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin Mövlam Şıxəliyevin general-mayor, digərlərinin polkovnik rütbəsi və bir sıra başqa təltiflərinin alınmasına qərar verib. Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button