Postları bir-birindən 2-3 metr aralı yerləşən Azərbaycan və Ermənistan əsgərləri
Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Çakaten kəndinin sakinləri indi Azərbaycanla dövlət sərhədlərinin bərpa edilməsindən irəli gələn yeni reallıqda yaşamalı olublar. Çünki Azərbaycan sərhədçiləri indi kəndin bilaavsitə ətrafında, əvvəllər teleqüllənin yerləşdiyi təpəlikdə mövqe tutublar. Çünki GPS koordinatlarına əsasən iki ölkənin sovet dövrü sərhədləri məhz bu təpədən keçir.
Erməni tərəfi üçün kifayət qədər ağrılı keçən və stress yaradan sərhədlərin müəyyənləşdirilməsi prosesi zamanı Ermənistan hərbçiləri Zəngilan və Qubadlı rayonlarının 10 noyabr üçtərəfli razılaşması imzalanarkən hələ də işğal altında saxladıqları ərazilərdən də geri çəkiliblər. Nəticədə Zəngəzurun bir neçə kəndi Azərbaycan sərhədçilərinin postlarının bilavasitə yaxınlığında qalıb, habelə Qafan-Gorus avtomobil yolunun bir neçə kilometrlik hissəsi Azərbaycanın nəzarəti altına keçib. Çünki həmin yol hələ sovet dövründə Azərbaycan ərazisindən keçməklə çəkilmişdi.
“Sputnik Armenia” Çakaten kəndinin başçısı səlahiyyətlərini icra edən Usik Saruxanyana istinadən bildirir ki, indi azərbaycanlılar da həmin yoldan istifadə edirlər, onlar Rusiya sülhməramlılarının müşaiyəti ilə öz postlarına təminat daşıyırlar. Tərəflərin postları isə kəndin ətrafında, teleqüllənin yerləşdiyi təpənin üstündədir, onlar bir-birindən cəmi 2-3 metr məsafədə yerləşiblər.
“Situasiya hələlik sakitdir, hər şey öz axarı ilə gedir. Lakin onlar (Azərbaycan sərhədçiləri) həddən artıq yaxın yerləşiblər. Kəndlilər onları görəndə bir qədər ehtiyat edirlər, çəkinirlər. Bax odur, qüllənin yanında türklər (azərbaycanlılar,-red.) və ermənilər bir-birindən 2-3 metr məsafədə dayanıblar”,-Saruxanyan təpəni göstərib deyir.
Teleqüllənin yerləşdiyi bina isə hazırda belə demək olarsa, heç kimə məxsus deyil, neytral ərazidə qalıb. Teleqülləni ermənilər kəndin o biri tərəfindəki təpədə yerləşdirəcəklər. Azərbaycan sərhədçilərinin postundan kəndin evlərinə qədər ən yaxın məsafə isə 250 metrdən çox deyil.
Çakaten kəndində yaşayan ermənilər onillərdir işğaldan bəhrələnərək öz mal-qaralarını Zəngilanın otlaqlarında otarırdılar və nəticədə özlərinin dediyi kimi, pis yaşamırdılar. Habelə Zəngilan meşələrini qazanc məqsədi ilə qırıb talayırdılar. İndi isə torpaqların əsl sahibləri gəlib və nəticədə Çakaten sakinləri örüş sahələrinin əllərindən çıxmasından şikayətlənirlər. Və deyirlər ki, mal-qaralarını dəyər-dəyməzə satırlar. Bu da postmüharibə dövrünün Ermənistan üçün yaratdığı yeni reallıqlardan biridir və on illərdir işğal etdiyi torpaqları talayan ölkə indi bütün bunlara görə həm cavab verməlidir, həm Azərbaycanın öz torpaqlarını azad edib ona sahiblənməsindən yaranan social-iqtisadi və siyasi reallıqlarla barışmağa məcburdur…