Prezident Administrasiyasındakı uğur və ya kadrlar hər şeyi həll edir

Ölkədə islahatların başlanması və yeni yanaşma bütün sahələrə öz müsbət təsirini göstərməkdədir.

İlk olaraq ASAN Xidmətin yaranması ilə başlayan bu proses məmur-vətəndaş münasibətlərində də yenilik oldu. Azərbaycan vətəndaşları yeni, olduqca şəffaf bir dövlət qurumu ilə üzləşdilər. Xoş aura, gülərüz kollektiv, hörmətlə qəbul və məmurdan asılı olmayan sənədləşmə vətəndaşımızın həyatında yenilik idi. ASAN Xidmət fəaliyyəti ilə təkcə Azərbaycan brendi olmadı, həm də dünya üçün bir nümunəyə çevrildi. Buna görə də bir çox ölkələr bu təcrübəni öyrənir. ASAN Xidmət yarananda çoxlarına aydın oldu ki, bu, yeni bir sistemdir və ölkədə Prezidentin iradəsi ilə yeni sistem formalaşır. 2018-ci ilin seçkilərindən sonra isə Prezident bu kompleks yeniliklərin əsas prioritetlərini elan etdi. Bununla da ölkədə korrupsiya və rüşvətə, o cümlədən yarıtmaz idarəçiliyə, bürokratik məmur əngəllərinə qarşı qəti mübarizə başladı. Bunun fonunda yaradılan DOST mərkəzləri vasitəsilə başqa bir sahədə rüşvət və korrupsiyadan uzaq bir sistem yaradıldı. Hazırda da bütün kadr dəyişiklikləri, struktur islahatları məhz bu istiqmətdə aparılır.

Bu ilin fevralında keçirilən parlament seçkilərindən sonra da bir daha bunun şahidi olduq. Parlamentin yeni sədri Sahibə Qafarova və parlament rəhbərliyinin siyasi partiyalarla münasibəti, deputatlarla ünsiyyət yeni mərhələyə keçdi.

Bu dəyişikliklər bir daha göstərdi ki, Prezident və Birinci vitse-prezidentin başlatdığı bu islahatlar kompleks şəkildə davam edəcək.

Müxalifət partiyaları ilə yeni münasibətlər sisteminin formalaşması da məhz bu kompleks tədbirlərin tərkib hissəsidir. Təbii ki, islahatlar bir gündə nəticəsini verə bilməz. Amma ASAN Xidmət, DOST mərkəzlərində olduğu kimi, bu kompleks islahatların nəticəsinin tezliklə öz bəhrəsini verəcəyi qaçılmazdır. Bu islahatların bəzi sahələrdə tam effektini görməsək də, bir sıra strukturlarda bəhrəsi görünür. Nəticəsini göstərən strukturlardan ilk növbədə Prezident Administrasiyasını xüsüsi qeyd etmək lazımdır. Bu sahədə müsbət nəticələr artıq özünü hiss etdirir. Təbii ki, aparılan islahatlar da, əldə olunan uğurlar da ilk növbədə Prezident İlham Əliyevin iradəsi və strategiyasının nəticəsidir. Ölkə başçısının rəhbərliyi ilə islahatlar bu gün də davam etdirilir və prosesdən görünür ki, məqsəd bütün sahələrdə ən yaxşısına nail olmaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi aparılan islahatlar və yeniləşmə nəticəsində Prezident Administrasiyasında xüsusi canlanma və fəaliyyət mexanizmi tətbiq olunub. Prezident Administrasiyasının rəhbərindən şöbələrinə, Prezidentin köməkçilərinə qədər bir çox dəyişikliklər olub və bu, cəmiyyətdə bütün təbəqələrin rəğbətini qazanır. Dəyişikliklərdən sonrakı fəaliyyət də düşünülmüş islahatların müsbət effektini sərgiləyir. Təsadüfi deyil ki, Prezident Administrasiyasında struktur islahatları və kadr dəyişikliklərindən sonra ümumi fəaliyyətdə canlanma hiss olunur.

Samir Nuriyev Prezidentinin Administrasiyasının rəhbəri təyin olduqdan sonra kifayət qədər müsbət işlərə imza atıldı.

Administrasiyanın 45 yaşlı rəhbəri cəmiyyətdə kifayət qədər müsbət reputasiyaya sahibdir. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəki şəffaf fəaliyyəti ilə bağlı cəmiyyətdə müsbət imic yaradıb. Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyəti də təyinatın uğurlu olduğunu göstərir. Administrasiyadakı digər kadr dəyişikləri də sahələr üçün ciddi və aktiv fəaliyyətə səbəb olub.

Bu baxımdan, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin fəaliyyəti son zamanlar xüsusilə seçilir. Bu gün ölkənin əsas siyasi gündəminə çevrilən, siyasi səhnənin və kluarların əsas müzakirə mövzusu olan iqtidar-müxalifət dialoqunun mərkəzində məhz Ədalət Vəliyev dayanır.

Ölkə başçısı İlham Əliyevin göstərişi və tapşırığı ilə çoxpartiyalı sistemə keçid prosesini Ədalət Vəliyev uğurlu şəkildə aparır. Onun fəaliyyəti qarşıya qoyulan hədəflərə çatmaq üçün adekvatdır.

Yerində olan məmurlar siyahısında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova da yer alır.

Bu gün, xüsusilə də pandemiya dövründə media və QHT-lərin fəaliyyəti, ictimai iştirakçılıq ötən dövrlərdən xeyli dərəcədə fərqli və aktualdır. Bu sahənin inkişafı üçün son dövrlər atılan addımlar, qanunverici bazada edilən redaktə və dəyişikliklər bütövlükdə QHT-lərin inkişafına hesablanıb. Bugünkü fəaliyyət cəmiyyətin bütün institutlarına və təsisatlarına öz müsbət təsirini göstərir.

Son zamanlar hüquq-müahafizə orqanları ilə bağlı məsələlərdə də ciddi islahatlar paketi təqdim olunur. Kadr dəyişiklikləri, qanunvericilik bazasında müasir dünya standartlarına uyğun yenilənmələr ölkə başçısının bu sahə ilə bağlı tapşırıqlarının icrasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən uğurla icra edilir.

Hərbi sahədə də böyük, ölkə miqyaslı işlər görüldüyünü qeyd etmək lazımdır. Bu sahədə kadr islahatları, yeni strukturların fəaliyyəti, Müdafiə Nazirliyinin rəhbər heyətinin, həm də Prezidentin köməkçisinin tez-tez cəbhə bölgəsində olması diqqəti bu istiqamətə yönəldib.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin bu sahədə xüsusi fəaliyyətini qeyd etmək lazımdır. Müharibə şəraitində, torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin hərbi gücü ən az müstəqillik qədər önəmlidir. Ölkə başçısının bu sahəyə ayırdığı xüsusi diqqət, təyinatlar müsbət istiqamətdə dəyişikliyə rəvac verib.

Bütün bunlarla yanaşı, ölkənin xarici siyasətdəki konkret və ardıcıl mövqeyi, işqalçı Ermənistana qarşı sərgilənən dayanıqlı və faktoloji münasibət göstərir ki, Prezidentin mövqeyi və iradəsinin müvafiq şğbə layiqincə icra edə bilir. Bu məsələdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fəaliyyətini də qeyd etmək lazımdır.

Aparılan bütün bu islahatlar, kadr dəyişiklikləri vətəndaşla iş məsələsində də müsbət effekt verir. Bu mənada Prezidentinin köməkçisi Anar Ələkbərov, o cümlədən Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənovu xüsusi qeyd etmək vacibdir.

İstər Anar Ələkbərov, istərsə də Altay Həsənov xalqla, vətəndaşla daha çox işləyir, cavabdeh olduqları qurumlarda islahatların sürətlənməsinə töhfə verirlər.

Aparılan islahatların müsbət effekt verməsi, nəticəsini hər bir vətəndaşın gündəlik həyatında hiss etməsi önəmli və əsas hədəf olmalıdır ki, hazırda dövlət başçısının məhz bunun təmininə yönəlik qəti qərarlarının şahidi oluruq. Gənc, perspektivli kadrların təyinatından sonra müsbət nəticələrin əldə olunması onu söyləməyə əsas verir ki, hədəfə çatmaq üçün dərinləşmiş islahatlar davamlı olmalıdır və proses davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məhz bunu vurğulayıb və beləliklə ortada uğurun təminatıçısı olan siyasi iradənin olduğunu göstərib.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button