PREZİDENT ONLARA “GENERAL-MAYOR” ALİ HƏRBİ RÜTBƏSİ VERDİ – Fotolar + DOSYELƏR (Yenilənib)

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

AzPolitika” xəbər verir ki, sənədə əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmov;

polkovnik Vasif Tofiq oğlu Xəlilov;

polkovnik Elnur Sadıq oğlu Kazımov;

polkovnik Elgün Aqil oğlu Əliyev”

Dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun hərbi hissələrdən birinin komandiridir.

O, 10 iyun 1975-ci ildə Qubadlı rayon Çaytumas kəndində anadan olub. 1982-ci ildə Çaytumas kənd tam orta məktəbinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib.

 

 

Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində polkovnik Məhərrəmov İdris işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində böyük şücaət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Məhərrəmov İdris Mustafa oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 

General-mayor rütbəsi verilən digər hərbçi Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir. Uzun müddət tabor komandiri, hərbi hissələrdən birinin qərərgah rəisi kimi fəaliyyət göstərib.

Elnur Kazımov isə Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elnur Kazımov ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovun qardaşıdır. Elnur Kazımov Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən 1998-ci ildə məzun olub.

Rütbəsi artırılan Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə baş idarəsinin rəisidir. O da İdris Məhərrəmov kimi 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən məzun olaraq “leytenant” hərbi rütbəsi ilə təltif edilib. Uzun müddət rabitə qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib. Qeyd edək ki, onun qardaşı da zabitdir. Polkovnik Nazif Xəlilov isə Heydər Əliyev adına Hərbi İnstitutunun qərərgah rəisidir. Vasif Xəlilov əslən Qubalıdır.

Prezident İlham Əliyevin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsi verilən Mürsəl İbrahimovun  1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

 

 

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.

2023-cü ilin aprelində Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button