Prezidentdən qəti mesaj: Azərbaycan daha da güclənəcək

Mayın 27-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı mərasimdə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.

Prezident İlham Əliyevin nitqində diqqət edilməli məqamlardan biri müstəqil siyasət vurğusu olub.

Dünyada bir çox dövlətlərin müstəqil siyasət yürütmək imkanından məhrum olması danılmaz həqiqətdir. Müstəqil siyasət yürüdə bilmək sözün əsl mənasında bütün sahələrdə tam azad olmaqdan, həmçinin iqtisadi müstəqilliyə nail olmaqdan asılıdır.

Azərbaycan isə məhz Prezident İlham Əliyevin uğurlu siyasi xətti sayəsində tam müstəqilliyə nail olub. Burada Azərbaycanın inkişaf strategiyasının çoxşaxəli olması, iqtisadiyyatın yüksək templə inkişafının ölkəmizə iqtisadi cəhətdən də müstəqillik qazandırması mühüm rol oynayıb.

Prezident İlham Əliyev haqlı olaraq, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayıb:

“1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”.

Bu sözlərlə dövlət başçısı İlham Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düçar olduğu ağır durumdan xilas edən Heydər Əliyevin fəaliyyətinin bugünkü müasir və müstəqil Azərbaycanın formalaşmasındakı misilsiz rolunu bir daha xatırladıb.

Çünki müstəqilliyin ilk illərində Azərbaycan böyük bəlalarla üzləşib, verilmiş səriştəsiz qərarlar ölkəni daha da ağır vəziyyətə salmışdı. Bu durumun aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin siyasi məharəti həlledici rol oynadı. Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursuna bağlılığı və böyük uzaqgörənliklə həmin siyasəti inkişaf etdirməsi, strateji həmlələri isə Azərbaycanı bu gün sahib olduğu layiqli mövqeyə çatdırdı. Bu gün Azərbaycan artıq qlobal miqyasda sayılıb-seçilən və mövqeyi ilə hesablaşılan qüdrətli bir dövlətə çevrilib.

Prezident İlham Əliyevin çıxışında həm də Azərbaycanın sahib olduğu qüdrətin geosiyasi müstəvidəki önəminə toxunulub. Prezident haqlı olaraq vurğulayıb ki, bu gün beynəlxalq hüquq işləmir, bu da güc amilinin ön plana çıxmasına gətirib çıxarır.

44 günlük müharibəni doğuran səbəblər arasında da məhz beynəlxalq hüququn işləməməsi, təsir və təzyiq mexanizmlərinin təcavüzkar Ermənistana qarşı tədbir görməməsi yer alırdı. Bu amil isə dövlətin tam müstəqil, qüdrətli və nüfuzlu olmasının nə dərəcədə önəmli olmasını ortaya qoyur.

Azərbaycanın məhz Prezident İlham Əliyevin liderliyində nail olduğu qüdrət və güc, beynəlxalq hüququn təkidlə görməzdən gəlməyə cəhd göstərdiyi məsələlərin həllinə zəmin yaratdı. Prezidentin vurğuladı güc amili Azərbaycanın qələbəsini şərtləndirdi.

İlham Əliyev öz çıxışı ilə həm də Azərbaycanın bundan sonra da eyni kursa sadiq qalacağını vurğulamış oldu.

Prezidentin nitqindəki daha bir xüsusi məqam sülh müqaviləsi ilə bağlı etdiyi qeyddir:

“Digər məsələ, biz demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik”.

Dövlət başçısının fikirləri 44 günlük müharibədə qazanılmış mütləq Zəfərin siyasi müstəvidə yansımasını bizə göstərir. Belə ki, artıq yeni reallıqlar bütün dünya tərəfindən qəbul olunub. Azərbaycanın öz gücünə yaratdığı yeni durum aparıcı güclər tərəfindən etiraf edilib. Ermənistan üçün bu cür geosiyasi konyunkturda heç bir müqavimət ehtimalı qalmayıb. Şərtlər tamamilə Bakı tərəfindən diktə olunur və Azərbaycan burada həm də özünün regiondakı söz sahibi mövqeyini və nüfuzunu ortaya qoyur. Beynəlxalq təşkilatlar tərəfindən məhz Azərbaycanın müəyyən etdiyi gündəlik əsas olaraq götürülür. Ermənistan isə Azərbaycanın sülh üçün təklif etdiyi beş maddəlik prinsipləri qəbul edib.

İlham Əliyev öz çıxışı ilə sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk görüşünün əhəmiyyətinə də vurğu edib. Belə ki, sərhədlərin müəyyən edilməsi birmənalı olaraq Ermənistanın ərazi iddialarına son qoyulması anlamına gəlir. İrəvanın hər hansı iddia ilə çıxış etmək cəhdlərinin qarşısı alınır və Azərbaycan bu müstəvidə də öz mövqeyini diktə edir.

Eyni zamanda Azərbaycan liderinin Zəngəzur dəhlizi ilə bağlı da fikirlərə diqqət yetirmək lazımdır:

“Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik”.

Prezidentin verdiyi mesaj olduqca səlis və açıqdır: İrəvan nə qədər əngəl yaratmağa cəhd göstərsə də, Bakı öz istəyinə nail olub. Ermənistan hökumətinin buna qədər etdiyi pafoslu çıxışlar isə sadəcə daxili auditoriyanı ələ almaq üçün edilmiş gedişlərdən başqa bir şey olmayıb.

Azərbaycanda yaşayan ermənilərə gəlincə, Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul edilən bir həqiqəti xatırladıb:

“Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir”.

44 günlük müharibədən sonra ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan ənənəvi sürətli inkişaf tərəqqi yolunu davam etdirir. Azərbaycan xalqı Vətən müharibəsindəki parlaq Zəfərdən sonra müzəffər xalq kimi yaşayacaq. Ancaq bununla belə ölkəmiz özünəxas tolerantlığını, bəşəri dəyərlərə sadiqliyini yenə də nümayiş etdirəcək. Bu mənada Azərbaycanda dinc və rifah içində yaşamaq imkanı Qarabağda yaşayan ermənilərə də şamil olunur. Azərbaycan dövləti hər bir vətəndaşının olduğu kimi erməni əhalinin də təhlükəsizliyini təmin etməyə hazırdır.

Postmüharibə dövründə Azərbaycan dövləti dinc inkişaf yolunu davam etdirir və quruculuq sahəsində böyük addımlar atır. Bu addımların nəticələri isə işğaldan azad edilmiş ərazilərdə görülən işlərin timsalında qarşımıza çıxır. Azərbaycan liderinin verdiyi mesajlardan aydın olur ki, dövlətimiz xalqın rifahı və gələcəyi naminə atılan addımları daim diqqətdə saxlayır, Azərbaycanın gələcəyinin təmini, qüdrətinin daha da artırılması üçün zəruri addımları atır. Azərbaycan dövləti heç kimlə düşmənçilik etmədən dinc inkişafa meyl edir, bununla belə, mümkün təhlükələrə qarşı özünümüdafiə mexanizmlərini də daim təkmilləşdirir.

Orxan Tağıyev

Hamısını Göstər

Related Articles

Back to top button