Prezidentin açıqlamaları düşmənin yalanlarını darmadağın edir

Azərbaycan hazırda üç cəbhədə düşmənə qarşı amansız savaş içərisindədir… Ölkəmizin savaş meydanında, diplomatiya sahəsində və beynəlxalq informasiya məkanında qazandığı parlaq qələbələr Ermənistanı qaçılmaz məğlubiyyətə doğru sürükləyir.

Bütün dünyanın gözü Cənubi Qafqaza dikilib. Cənubi Qafqazda maraqları olan nəhəng dövlətlər, bu region barədə məlumatı olan hər kəs Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşmalarla bağlı məlumatları diqqətlə, xüsusi həssaslıqla izləyir. Və görünən odur ki, Dağlıq Qarabağ münaqişəsinin tarixin arxivinə verilməsinə qədər də elə belə olacaq.

Əslində, bu, qətiyyən təəccüblü deyil. Belə ki, Cənubi Qafqaz dünyanın önəmli regionlarından biridir. Bu regionda əksər supergüclərin maraqları kəskin şəkildə toqquşmaqdadır. Və Dağlıq Qarabağ probleminin son 30 ilə yaxın bir müddətdə həll edilməmiş, hətta müəyyən mənada, “dondurulmuş münaqişə” statusunda şöz mövcudluğunu qoruya bilməsi də məhz supergüclərin toqquşan maraqlarından qaynaqlanırdı.

unnamed.jpg (40 KB)

Ancaq bir müddət rəsmi Bakının səbri tükəndi və Dağlıq Qarabağ problemini özü həll etmək qərarına gəldi. Azərbaycan ordusu çox qısa zaman içərisində savaş meydanında öz hərbi üstünlüyünü sübut etdi. Və həm savaş meydanında baş verənləri, həm də geopolitik proseslərin inkişaf istiqamətlərini birmənalı şəkildə öz nəzarəti altına aldı.

Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev də birmənalı şəkildə təsdiqlədi və bütün dünyaya bəyan etdi: “Artıq status-kvo yoxdur. Biz onu ləğv etdik…”

Dövlət başçısı bununla Ermənistana və onun himayədarlarına sülh danışıqlarının əvvəlki məzmun və keyfiyyətdə davam etdirilməsinin mümkün olmayacağının açıq mesajını vermiş oldu. Yəni, bu, o deməkdir ki, Dağlıq Qarabağ probleminin daha 30 il uzadılması mümkün olmayacaq.

Eyni zamanda, Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına daha bir önəmli mesaj verdi: “Təmas xətti də yoxdur. Azərbaycan ordusu onu savaş meydanında dağıtdı”.

Təbii ki, bu mesaj da gələcəkdə başlaya biləcək sülh danışıqlarına yönəlik xəbərdarlıqdır. Belə ki, Azərbaycan prezidenti hər kəsə xəbərdarlıq edir ki, bundan sonra “qoşunların təmas xətti” deyərkən, ehtiyatlı və dəqiq olmaq lazımdır. Çünki artıq son 30 ildə hər kəsin “vərdiş etdiyi” təmas xətti artıq mövcud deyil.

4d9e611647c20624eff76ff5c05fcda4.jpg (129 KB)

Ancaq Azərbaycan Prezidentinin açıqlamalarında qoşunların yeni təmas xəttinə də açıq eyhamlar var. Belə ki, dövlət başçısı Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərzilərindən çıxmasına qədər hərbi əməliyyatlar davam edəcəyini vurğulayır. Bu isə o anlama gəlir ki, qoşunların yeni təmas xətti məhz Azərbaycan və Ermənistanın dövlət sərhədləri olacaq.

Bütün bunlar 27 sentyabrda Azərbaycan ordusunun antiterror əməliyyatlarına başlamasından sonra geopolitik məkanda yaranmış yeni situasiyadan xəbər verir. Belə anlaşılır ki, bundan sonra heç bir şey əvvəlki kimi – son 30 ildə olduğu kimi olmayacaq. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni və Azərbaycanın hərbi-siyasi iradəsinin ön planda olduğu mərhələnin startı verilib.

Təbii ki, rəsmi Bakı bu üstün mövqeyə asanlıqla nail olmayıb. Bunun üçün Azərbaycan eyni vaxtda üç cəbhənin səngərlərində vuruşmalı olub. Birincisi, savaş poliqonunda düşmənin ordusu sözün əsl mənasında, əməlli-başlı kötəklənib.

2cf04a3bec2088ef4dc07236799b6ec4.jpg (101 KB)

İkincisi, diplomatiya sahəsində önəmli uğurlar və üstünlüklər qazanılıb. Belə ki, bəzi önəmli dövlətlərin siyasi dəstəyi qazanılıb. Xüsusilə də, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu siyasi cəhətdən maksimum səviyyəyə yüksəldilib.

Maraqlıdır ki, Azərbaycan Prezidenti bu önəmli məqamı xüsusi olaraq, vurğulamağı həmişə vacib sayması ilə diqqəti çəkir. Dövlət başçısı bildirir ki, münaqişənin həllində Türkiyənin siyasi cəhətdən rolu əvəzolunmazdır. Və münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır.

Prezident İlham Əliyev hesab edir ki, Türkiyənin regiondakı nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir.

Belə anlaşılır ki, Türkiyənin də danışıqlar prosesində iştirak etməsiylə Ermənistan artıq masada Azərbaycanı təkləməyə nail olmayacaq. Yəni rəsmi Bakı uğurlu diplomatik manevrlərlə sülh danışıqları prosesində vəziyyəti öz xeyrinə dəyişməyə nail olub.

Nəhayət, üçüncü önəmli cəbhə məhz informasiya savaşı ilə bağlıdır. Xatırladaq ki, Ermənistan bu sahədə atətən, Azərbaycandan bir addım öndə olub. Çünki xarici ölkələrdəki erməni lobbisi öz təsir dairəsi sayəsində beynəlxalq ictimaiyyətə yanlış və yalan məlumatların çatdırılmasına nail ola bilirdi.

ilham-herb.jpg (52 KB)

Ancaq artıq bu cəbhədə də Ermənistanın “müqavimət istehkamları” demək olar ki, dağıdılıb. Və informasiya savaşında üstünlüyün Azərbaycanın tərəfinə keçməsində də Prezident İlham Əliyevin həlledici rolu danılmazdır.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti savaşdan öncə və onun davam etdiyi müddətdə dünyanın nüfuzlu media qurumları önəmli təmas nöqtələri tapa bildi. Və bu müddət ərzində dövlət başçısı misligörünməmiş informasiya fəallığı nümayiş etdirdi. Azərbaycan Prezidentinin rusdilli, ingilisdilli, türkdilli seqmentlərdə sakit, təmkinli, səlis, soyuqqanlı və ağıllı təhlil qabiliyyətlərinə paralellik təşkil edən cəsarətli iddialarla yüklənmiş açıqlamaları Ermənistanı beynəlxalq informasiya məkanında da “tərksilah” etmiş oldu.

Məsələn, Moskvada əldə olunmuş atəşkəs anlaşmasının Ermənistan tərəfindən kobud şəkildə pozulmasından sonra Prezident İlham Əliyev dərhal bu reallığı beynəlxalq ictimaiyyətə çatdırdı. Belə ki, dövlət başçısı xarici telekanallara açıqlamalar verərək, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyinin davam etdiyini və onların Moskvada baş tutmuş danışıqlara zidd hərəkətlərə yol verdiklərini və bütün dünyanın bu reallığı təkrar gördüyünü vurğuladı.

Eyni zamanda, ermənilərin yalnız faşizmlə müqayisə oluna biləcək əməllərini ifşa edən Prezident İlham Əliyev Moskva danışıqlarından sonra davam edən təxribatların əsl erməni xisləti olduğunu vurğulayıb. Dünyanın gözü qarşısında dinc şəhərlərin mülki əhalisinin hədəfə alınmasını ermənilərin faşist sifətlərini aşkarladığını qeyd edib: “Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir”.

35409_5f7dc4fc422e0.jpg (128 KB)

Xarici telekanallara müsahibəsində Azərbaycan Prezidenti rəsmi İrəvanın heç bir beynəlxalq hüquqa sığmayan qəddarlığının səbəblərini çox dəqiq açıqlayıb: “Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri, şəxsən Paşinyanın əmridir. Bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir”.

Ancaq Azərbaycan Prezidenti Ermənistanın dövlət terroruna cavabın yalnız savaş meydanında veriləcəyini də vurğulayıb: “Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik”.

Maraqlıdır ki, Prezidentin son açıqlamsında savaşın dayandırılmasının yolunu da göstərib: “Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqlardan çıxarsa, bu münaqişə də bitər”.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev öz açıqlamalarında Azərbaycan xalqına mesajlar verməyi də qətiyyən unutmur. Belə ki, ölkə Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü mütləq bərpa etməklə yanaşı, bütün məcburi köçkünlərin də dədə-baba yurdlarına qayıdacağını vurğulayır. Bu baxımdan, Azərbaycan Prezidentinin artıq ənənəvi xarakter daşıyan və qələbənin carçısı olan ÜMUMMİLLİ TWİTləri hazırda ölkə əhalisi arasında böyük maraqla qarşılanmaqdadır.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button