Prezidentin Vasif Talıbova şok xəbərdarlığı
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında apardığı antikorrupsiya əməliyyatları fonunda Prezident İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu 3 il öncə qəbul edərkən, dediyi fikirlər yenidən aktuallaşıb.
Prezident 2019-cu il üçün çox vacib məsələ – Naxçıvanın təhlükəsizliyi, ordu quruculuğu sahəsinə diqqət ayırdığını açıq şəkildə bildirir. Həmin dövrdə Azərbaycan torpaqlarının işğalda olduğunu nəzərə alaraq, Prezident bu istiqamətə xüsusi diqqət yetirdiyini nəzərə çatdırır.
Daha sonra elektrik enerjisi təchizatı, yol infrastrukturana ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi haqda suallarına cavab alır.
Nəhayət, Prezident İlham Əliyev büdcə məsələsinə toxunaraq, bildirir:
“Naxçıvan büdcəsinin cəmi 22%-i, yəni 383 milyondan cəmi 83 milyon yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, yerli gəlirlərin büdcədə faiz nisbəti artsın. Bu halda daha da böyük imkanlar yaranacaq ki, sosial və sənaye layihələri icra edilsin. Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahədə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin (2019-cu il nəzərdə tutulur – red.) büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bu 850 milyon sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin rəqəmlərinə baxdıqda həm yerli gəlirlərin mütləq rəqəmlərinin artırılması, eyni zamanda ümumi büdcədə yerli gəlirlərin faizini artırmaq üçün əlavə addımlar atılmalıdır”.
Bu, Prezident İlham Əliyevin birbaşa göstərişi idi və Naxçıvanda maliyyə və iqtisadi sahədə tam şəffaflığın olmasını tələb edirdi.
Naxçıvanın büdcəsi 2020-də 482 milyon, 2021-ci ildə 502,3 milyon, 2022-ci ildə 606,1 milyon manat olub: 2020-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya 370 580 000 manat, 2021-ci ildə 378 131 000 manat, 2022-ci ildə isə 457 580 000 manata qalxmışdır.
Beləliklə, 2019-ci ildə, Prezidentin xəbərdarlıq etdiyi zaman Bakıdan ayrılan dotasıya Naxçıvan büdcəsinin 78 faizə qədəri idisə, 2020-ci ildə təxminən 77%-ə, 2021-ci ildə isə təxminən 75,2 faizə yaxın olmuşdur.
Prezidentin yerli gəlirlərin büdcədə faizinin artırılması barədə göstərişinə Naxçıvan Ali Məclisi hər il, təxminən, 1-2% əməl edirdi. Ancaq 2022-ci ildə Bakıdan ayrılan dotasiya yenidən 76%-ə qalxmışdır.
Nəzərə alsaq ki, Azərbaycan torpaqlarını işğaldan azad edib və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün 2021 və 2022-ci illərdə 5,2 milyard, 2023-cü ildə isə daha 3 milyard ayrılır və büdcənin yükü artır, onda Naxçıvanın büdcəsində yerli gəlirlərin faizinin artmaması (başqa sözlə desək, şəffaflığın olmaması) narahatedici, üstəlik, Prezident göstərişinə əməl edilməməsi deməkdir.
DTX-nin əməliyyatı zamanı isə gördük ki, qısamüddətli araşdırma nəticəsində maliyyə naziri 144, Gömrük Komitəsində isə 132 milyon manatlıq oğurluq olub. Bu, hələ iki qurumdakı yoxlamadır. Böyük ehtimalla, Naxçıvan Ali Məclisinin büdcədə yerli gəlirləri artırmamasının əsl səbəbləri hələ üzə çıxacaq.
Qeyd: Prezidentin sözügedən məsələ ilə bağlı çıxışı 11-ci dəqiqədən başlayır: