Prokuror azyaşlı uşağı oğurlayan qadına ağır cəza istəyib
Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Gültəkin Muradovanın verilmiş ittihamla təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
İttiham olunan şəxsin vəkili müdafiə çıxışında təqsirləndirilən şəxsə şərti cəza verilməsini xahiş edib. Məhkəmə Gültəkin Muradovaya son söz üçün sabaha qədər vaxt verib.
İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.
2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.
Qeyd edək ki, ttihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz edib. O, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib.
Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyatı üzrə təhvil verilib.
Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanmışdı.
Hazırda yalnız təqsirləndirilən şəxs qismində Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.