Prokurora, hakimə 3500-4500, polis zabitinə 1000-1500?…

Şəmsəddin Əliyev: “Polis rəisi, şöbə rəisi, polkovnik rütbəsində təqaüdə çıxanlar 1500, maksimum 1700, stajı bir az çox olanlar 2000 min manat təqaüd alır”

Məhkəmə və hüquq sistemində çalışan hakimlər, o cümlədən də Daxili İşlər Nazirliyi orqanlarında işləyən və yüksək vəzifələr tutan şəxslərin, idarə rəisləri təqaüdə çıxdıqdan sonra onlara nə qədər pensiya təyin edildiyi məsələsi müzakirə predmetinə çevrilib.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevlə ötən söhbətlərimizdən birində o bildirdi ki, məhkəmə və prokurorluq orqanlarının yüksək rütbəli zabitləri pensiyaya çıxanda ən azı 3500-4500 manat pensiya alsa da, yüksək rütbəli polis zabitləri pensiyaya çıxanda 1500 manat civarında pensiya alırlar. Ekspertin sözlərinə görə, polis gecə-gündüz işləyir, bütün sahələrə töhfələr verir, fövqəladə vəziyyətdən tutmuş asayişin qorunmasına, cinayətkarlıqla mübarizəyə qədər geniş bir fəaliyyəti var, amma maaşları prokurorluq və məhkəmə orqanları işçilərinin maşından çox azdır, eyni zamanda pensiyaya çıxanlar da onlardan az pensiya alırlar, bu sahədə də ayrı-seçkilik mövcuddur.

“Polisdən təqaüdə çıxanlarla prokurorluq, məhkəmə orqanlarından təqaüdə çıxanların pensiyası arasında çox böyük fərq var”

Məsələ diqqətimizi çəkdiyindən onu Ş.Əliyevlə müzakirə etmək istədik. O, “Bakı-Xəbər”ə “Məlumat üçün deyim ki, polis orqanları, Daxili İşlər Nazirliyi icra hakimiyyətinə mənsub olan mərkəzləşdirilmiş vahid hüquq-mühafizə orqanıdır. Dövlətin, hakimiyyətin polis orqanlarına verdiyi səlahiyyətlər heç biri digər dövlət qurumlarına verilməyib. Daxili işlər orqanlarının fəaliyyət istiqamətlərinə uyğun gələn ikinci bir fəaliyyət yoxdur. Yəni onlar bu sahədə müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçularının xüsusi növündə çalışanlardır. Bir az da dərinə gedəndə, müstəqillik dövründən üzü bəri də, müstəqillik dövrünə qədər də siyasi, mədəni səvviyyədə yerli və beynəlxalq tədbirlərin, hətta ölkə daxilində müəyyən seçkiləri də nəzərdə tuturam, bu tip konstitusion hüquqların həyata keçirilməsində Azərbaycan polisinin rolu və səlahiyyətləri danılmazdır. Sadə misal gətirim, əgər ölkədə sabitlik davamlı olmasaydı və vətəndaşların təhlükəsizliyi təmin edilməsəydi, inanmazdım ki, COP29-un Bakıda keçirilməsinə BMT razılıq versin. Mümkün olan hal deyildi. Hətta məndə olan məlumata görə, bu tədbirin Bakıda keçirilməsindən əvvəl bəzi Avropa ölkələri özlərinin burdakı diplomatik korpuslarından müəyyən mənada vətəndaşların hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin təmin olunması ilə bağlı müfəssəl arayışlar da əldə ediblər. Bundan sonra razılaşdırıldı. Gördünüz ki, doğrudan da COP29 ölkəmizdə çox yüksək səviyyədə keçdi. Yəni ilk növbədə cinayətkarlıqla mübarizə sözünü eşidəndə gözümüzün qabağına polis orqanları gəlir. Azərbaycan polisi çox iş görür. Xatırladım ki, 2024-cü ildə əvvəlki illərə nisbətən ümumi cinayətlərin sayı artımla müşahidə olunub. Amma deyək ki, rəsmi dövlət qurumları üzrə təxminən 33 min 500-ə yaxın cinayət rəsmi qeydiyyata alınıb. Onların 87, 6 faizinin açılması təmin edilib. Bu rahat başa gəlmir, bu, polis orqanlarının narahat gecələri hesabına başa gəlir. Konstitusion normalardan artıq işləmək, öz vəzifə təyinatlarından kənar vəzifələrin icrası, həyata keçirilməsi məsələləri də var. Hamıya məlumdur ki, Azərbaycan polisi 24 saat ərzində xalqa xidmətdə bulunur. Biz Azərbaycan polisini güc strukturu kimi qəbul edə bilmərik, 24 saat Azərbaycan xalqına xidmət edən dövlət qulluqçularıdır”-deyə bildirdi.

Ş.Əliyevin sözlərinə görə, polis orqanları işçiləri ilə digər hüquq-mühafizə orqanları, məhkəmə, prokurorluq işçiləri ilə müqayisə edəndə həm maaş, həm də təqaüd məsələsində fərqləri görürük. Ş.Əliyev qeyd etdi ki, söhbət Konstitusiya məhkəməsinin işçilərindən tutmuş birinci instansiya məhkəmələrin işçilərinə, hakimlərə qədər olan şəxslərdən gedir.

“Azərbaycan polisi bütün sahələrə fayda verir və Birinci Qarabağ müharibəsində polislərimiz misilsiz qəhrəmanlıqlar göstərdi. O vaxt silah-sursat, hərbi təchizat çox aşağı səviyyədə idi, amma döyüşmək əzmi, rus yüksəkliyi vardı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan polisi sırasında 67 Milli Qəhrəman (Birinci Qarabağ Müharibəsi), orden və medallarla təltif olunanlarımız var. Ulu öndər Heydər Əliyev bunları çox yaxşı bilirdi və ona görə də həmin vaxtlarda Şəhidlər Xiyabanında keçmiş daxili işlər naziri Ramil Usubovla söhbətdə “mən Azərbaycan polisinin əməkhaqqını o dərəcədə artıracağam ki, onların gözü onun-bunun əlində, cibində olmayacaq, narahat olmayın” demişdi. Bu sözə qüvvət olaraq düşünürəm ki, Azərbaycan polisinin heç kimə ehtiyacı olmamalıdır. O, işinə sədaqət nümayiş etdirir, üzərinə götürdüyü funksiyanı prinsipiallıqla, peşəkarlıqla həyata keçirir. Haşiyə çıxım. Hansı ərazidə, hansı bölgədə bir az zəiflik, səlahiyyətləri baxımından təsirsiz, yəni kriminogen duruma təsirsiz ötüşə bilən yer varsa kriminal qruplar oranı daha tez nəzarətdə saxalyır və orda öz maraqlarını həyata keçirməyə çalışırlar. Ancaq deyim ki, ötən illərdən olan 216 kriminal qrup da zərərsizləşdirilib. Bu o deməkdir ki, ölkədəki kriminogen durum kifayət qədər ciddi nəzarətdədir, o qrupların zərərsizləşdirilməsində, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılmasında, cinayətkarların şəxsiyyəti ilə bağlı hər hansı bir məlumatların əldə olunmasında vətəndaş cəmiyyətinin də, vətəndaşlarımızın da, kütləvi informasiya vasitələrinin də çox böyük rolu var.

Ona görə də düşünürəm ki, 15-20 il polis orqanlarında çalışan zabit təxminən 1000 manata yaxın əməkhaqqı alır. Bir az da düşünsək ki, bu zabitin iki uşağı ödənişli ali təhsil alır, onda bunun sosial durumunu göz qabağına gətirmək çətin deyil. Onların necə dolanması mənzərəsi kifayət qədər aydın görünür. Polis barəsində neqativ söz-söhbətlərə son qoymaq üçün bir vətəndaş kimi istərdim ki, Azərbaycan polisinin əməkhaqqı inkişaf etmiş ölkələrin cinayətkarlıqla mübarizə aparan polis işçilərinin də əməkhaqqından çox olsun.

Son dövrlər Avropada, eləcə də qonşu Gürcüstanda polis-vətəndaş qarşıdurmasını yaxından izlədik. Azərbaycan sabitlik, vətəndaşların təhlükəsizliyinin qorunması baxımından öndə olan bir ölkədir. Avropa ölkələri ilə müqayisədə bizdə yüz min əhaliyə düşən cinayətlərin sayı dinamikada 327 fakt təşkil edirsə, bu, Avropada 4 min, 5 min, 6 min faktla yadda qalır. Bizdəki bu vəziyyət Azərbaycan polisinin narahat gecələrinin məhsuludur, onlar doğrudan da fasiləsiz xidmət həyata keçirirlər. Əməliyyat axtarış tədbirlərində prinsipiallığın, peşəkarlığın, səriştənin nümayiş etdirilməsi bizə bu cür sabit ölkədə yaşamaq imkanı verir.

Çox istərdim ki, Azərbaycan polisində çalışanların maaşları prokurluq, məhkəmə sistemində işləyənlərin əməkhaqqı qədər olsun. Deyək ki, polis rəisi, şöbə rəisi, polkovnik rütbəsində təqaüdə çıxanlar 1500, maksimum 1700, stajları bir az çox olanlar 2000 min manat təqaüd alır. Bu çox nadir hallarda olur. Amma prokurluq orqanlarından təqaüdə çıxanlar isə 3500-4000 manat təqaüd alırlar. Polisdən təqaüdə çıxanlarla prokurorluq, məhkəmə orqanlarından təqaüdə çıxanların pensiyası arasında çox böyük fərq var. Əziyyət, fasiləsiz, konstituson normalardan artıq işləmək baxımından polisin əməkhaqqı çox azdır”-deyə Ş.Əliyev bildirdi.

Ş.Əliyev hesab edir ki, polisin maaşı və polis orqanlarından istefaya çıxanların pensiyası prokurorluq və məhkəmə orqanlarında işləyənlərin, eləcə də pensiyaya çıxanların maaşından, təqaüdündən az olmalı deyil, bu bərabərləşdirilməlidir. O qeyd etdi ki, öz fasiləsiz fəaliyyəti ilə polis bunu haqq edir.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button