Putin dünyanı yenidən təhdid etdi – nüvə müharibəsi təhlükəsi qalır?
Rusiya çərşənbə günü (20 aprel) nüvə arsenalına yeni əlavə olan “Sarmat” qitələrarası ballistik raketinin sınaqdan keçirildiyini bildirib. Bununla bağlı prezident Vladimir Putin keçirdiyi onlayn konfransda çıxış edib. Putin deyib ki, bu raketi havada zərərsizləşdirmək mümkün deyil və dünyada analoqu yoxdur, uzun müddət də olmayacaq.
Putin dünyanı, daha doğrusu kollektiv Qərbi açıq şəkildə təhdid edir, hədə-qorxu gəlir. Bəs Qərbin, xüsusilə də ABŞ və NATO-nun bu bəyanata cavabı nə olacaq?
Politoloq Arzu Nağıyev istənilən halda belə bir müharibənin baş verəcəyinə inanmır: “Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsində NATO tərəfindən müxtəlif silahların Ukraynaya gətirilməsi konteksində təbii ki, Rusiya da ciddi silahlarının nəyə qadir olduğunu mütləq şəkildə ortaya qoymaqdadır. Bu birinci dəfə deyil, son vaxtlar ”Sarmat” raketləri ilə bağlı müəyyən danışıqlar var idi. Onun müzakirəsi gedirdi. Maraqlı olan ondan ibarətdir ki, “Sarmat” raketləri Rusiya istehsalı olan qitələrarası ballistik raketdir ki, 10 min kilometrdən uzaq məsafəni vura bilir. Bu şaxtalarda gizlədilmiş raketlərdəndir. Beşinci mərhələli raketdir. Bu raketlə Rusiya bir daha dünyaya göstərmək istəyir ki, onun hərbi sənaye kompleksi inkişaf etməkdədir. Bu kompleksin inkişafı nə qədər də NATO Ukraynaya silah yığsa, onun qarşısını almağa qadirdir. Lakin Qərb ekspertləri bunun nə olduğunu qeyd edirlər. Nə qədər bundan istifadə etsələr də, Rusiya fikirləşir ki, Amerikada “Sarmat”ın qarşısını ala biləcək 30 kompleks var. Bilmək olmaz ki, Amerikanın silah bazasında hansı növ silahlar var ki, bunların qarşısını ala bilər.
Arzu Nağıyev
Çox sakit bir tərzdə buna reaksiya verilir. Böyük Britaniyanın bir sıra mütəxəssisləri də belə hesab edirlər ki, tək “Sarmat” raketləri istifadə olunsa belə heç bir vaxt onun qarşısının alınmaması məsələsi dünyada gedən prosesləri dəyişdirə bilməz. Bu dünyaya bir güc nümayiş etdirməkdir ki, bizim qarşımızda hər hansı bir silah olsa da, bizdə də belə ciddi silahlar var. Nüvə məsələsinə gəldikdə isə, nüvə müharibəsinə başlamaq yaxud hansısa bir düyməciyi basmaq tək Rusiya rəhbərliyi üçün deyil. Bu böyük bir komissiyadır. Dünyaya təhdid demək olar. Bu bütün proseslərə aid olan məsələdir. Bunun qərarını qəbul etmək çox çətindir. Hansısa bir dövlətin rəhbərinin istəyi ilə bu həyata keçirilə bilməz. Düzdür, II dünya müharibəsi vaxtı Naqasaki və Xrosima kimi ərazilərində nüvədən istifadə olundu. Bunu dünya unutmayıb. Lakin indi Rusiyanın birbaşa nüvə silahından istifadə edəcəyi inandırıcı görünmür. Çünki bütün dünyaya sübut etmək istəyirdilər ki, bizim çox döyüşkən ordumuz var, zirehli texnikalara, raketlərə sahibik, dənizdə vuruşmaq üçün hər cür vasitələrimiz mövcuddur. İndi sadəcə güc nümayiş etdirməklə nüvədən danışmaq olar”.
Kənan Rövşənoğlu
Siyasi yazar Kənan Rövşənoğlu Rusiya tərəfinin qəzəbindən bu cür açıqlamaların doğduğunu düşünür: “Məlumdur ki, nüvə silahı çəkindirici mahiyyətdədir. Yəni nüvə silahına malik olan ölkə bir mənada xarici təcavüzə qarşı təminat əldə edir. Aydın məsələdir ki, indi heç bir NATO ölkəsi Rusiyaya hücum etməyə hazırlaşmır. Çünki bu, son nəticədə 3-cü və belə desək sonuncu dünya müharibəsi ola bilər. NATO əvvəldən bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə birbaşa hərbi güclə cavab verməyəcək. İkinci tərəfdən, uzaq məsafəli, səsdən sürətli və radarlardan gizlənə bilən raket sistemlərinin yaradılması son illərdə dünyanın böyük dövlətləri arasında əsas yarışdır. Bura bir də kosmosdakı hərbi rəqabəti də əlavə etmək olar. Vaxtaşırı müxtəlif dövlətlər bu cür silahların sınaqlarını keçirir. O da məlumdur ki, Rusiyanın ”Sarmat” raketlərinin hələlik analoqu yoxdur. Amma məsələn, səsdən sürətli raketlərin istehsalında Çin son illərdə ciddi uğur əldə edib. Amerikalılar isə bu prosesə bir qədər gec qoşulub, amma onlar da artıq bu cür silahların istehsalı üzərində çalışırlar. Silah sənayesi belədir. Bir ölkə yeni silah yaradanda rəqib dövlətlər ya onun analoqunu, ya da ona qarşı müdafiə silahlarını inkişaf etdirir. Belə demək olarsa bu, dünyanın alışdığı mənzərədir. Amma dediyim kimi, bunun nüvə müharibəsinə və ya Rusiyanın hansısa Qərb ölkəsinə zərbə endirəcəyi kimi başa düşmək lazım deyil. Sadəcə indiki vəziyyətdə Ukraynada əməliyyatların uğursuzluğu fonunda Putinin bu şəkildə aqressiv ritorikası gözləniləndir. Rusiya rəhbəri anlayır ki, onu rəqibləri çox böyük bir oyuna salıblar, ona görə də qəzəblidir”.