“PUTİN ERMƏNİLƏRİ KÜÇƏLƏRƏ TÖKMƏK İSTƏYİR…” – Kreml Soçidə tərəflərə nəyi qəbul etdirməyə çalışır?

Rusiya Prezidenti Vladimir Putin Valday klubunda Azərbaycan və Ermənistan arasında davam edən sülh müzakirələrindən danışıb və gözlənilməz açıqlamalar verib. 

Putin deyib: “...Vaşinqton variantı deyilən versiya, mənim anladığım qədər, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik. Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus özəllikləri var və bu xüsusiyyətlər nəzərə alınsın və gələcək sülh müqaviləsində bu müzakirə olunsun, bu da mümkündür. Amma əlbəttə ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır. Bu sazişlərin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu çətin sualdır. Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz təbii ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün təklifini böyük ölçüdə rəhbər tutacağıq”.

Kreml rəhbərinin bu açıqlamaları Azərbaycanın ekspert cameəsində necə qarşılanır?

İlham İsmayıl: “Rusiya Azərbaycanı Qarabağı öz nəzarətində saxlayacağı ilə hədələyir”

Təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, müharibədən sonra bəzi hərbi, diplomatik uğurlarımız nikbin notlara səbəb olsa da, problemin yekun həllinə aparmadığı şüuraltı hiss olunur. Onun sözlərinə görə, başda Rusiya olmaqla Ermənistanın havadarlarının hansısa şəkildə ən azı problemi dondurmağa çalışdıqları ortada idi. Ekspert vurğulayır ki, Valday klubunda çıxış edən Rusiya Prezidenti bunu açıq şəkildə bəyan etdi.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi haqqında Vladimir Putinin dediklərinin ana xəttini bu fikir təşkil edir: “Biz Qarabağa görə erməni xalqının istənilən qərarını dəstəkləyəcəyik”. Guya ermənilərin Qarabağ haqqında nə qərar istədiklərini Putin bilmir? Ermənilərin Qarabağ istəyinin qeyri-rəsmi vaxtı yüz ildən çox olsa da, 1988-ci ilin fevralın 13-dən rəsmən bəllidir. Bu günədək Rusiya da bu istəyi dəstəklədiyindən Azərbaycan hələ də Xankəndinə nəzarəti bərpa edə bilmir. Putinin ardınca “Azərbaycanla da razılaşmaq lazımdır ki, şərtlər qarşı tərəf üçün də məqbul olsun” deməsi Azərbaycanın marağından çox Rusiyanın Cənubi Qafqazda təsirini saxlamağa hesablanıb. Prioritet hansı tərəfdir – “Ermənistanı dəstəkləyəcəyik”, yoxsa “Azərbaycan üçün də məqbul olsun”? Dəstəklə, məqbulun fərqini bilirik”.

İ.İsmayıl əlavə edir ki, Putinin məsələ ilə əlaqədar dediyi hər bir fikir, cümlə Rusiya siyasətinin daha çox Ermənistanda apardığı və aparacağı xətlərdir. 

“Amma bu mövqenin arxasında ana xətt kimi Qarabağın gələcək taleyi dayanır. “Ermənistan bizim müttəfiqimizdir və biz istiqamətimizi əhəmiyyətli dərəcədə Ermənistanın özünün təklif etdiyinə yönəldəcəyik” deyən Putin həm Paşinyana, həm də erməni cəmiyyətinə mesaj göndərmiş oldu. 

31 oktyabr növbəti Soçi görüşməsi ərəfəsində Paşinyana açıq şəkildə bildirildi ki, Azərbaycanın ərazi bütövlüyünü “Vaşinqton variantı” ilə tanımış olsa, erməni cəmiyyətini ayağa qaldıracaq və bütün vasitələrdən, o cümlədən sui-qəsd variantından da istifadə etməklə onu hakimiyyətdən uzaqlaşdıracaq. 

Paşinyan da bu təhdidi gecikmədən dəyərləndirdi və gecə ilə “Tvitter”də Putinlə razılaşacağını bu şəkildə ifadə etdi: “Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya özünün təkliflərini dəstəkləyəcək”.

Maraqlıdır, “Rusiya Federasiyasının təqdim etdiyi” variant “Vaşinqton variantı”ndan nə ilə fərqlənir? Fərqlənirsə və bu, çox güman belədir, deməli Azərbaycanın əleyhinədir. Aydın məsələdir ki, maraqlarına cavab verməyən sülh təklifini Azərbaycan qəbul etməyəcək. Putin Soçidə tərəfləri inandırmaq üçün diplomatik reveranslar edəcək və təklifini ən yaxşı variant kimi sırımağa çalışacaq”, – təhlükəsizlik eksperti vurğulayıb.

İ.İsmayılın sözlərinə görə, Putinin dediklərindən məlum olur ki, Vaşinqton Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edir, amma Rusiya bununla razı deyil və Qarabağı öz nəzarətində saxlayacağı ilə Azərbaycanı hədələyir: “Bəs iki ölkə arasında sülhün yaranmasından narahatlıq keçirən Rusiya Prezidenti oktyabrın 31-də hansı təkliflə çıxış edə bilər ki, “Vaşinqton variantı”ndan daha cəlbedici olsun? “Vaşinqton variantı”nı qəbul etməyən Putinin keçmiş “dağlıq Qarabağa” Azərbaycanın tərkibində xüsusi status təklif edəcəyini və ermənilərin təhlükəsizliyinə Rusiya sülhməramlı qüvvələrinin zəmanət verəcəyini, müddətsiz olaraq Azərbaycan ərazisində qalacağını və bunun sülhə xidmət etdiyini vurğulayacağını indidən Rusiya və erməni mediası proqnozlaşdırmağa başlayıb. Separatçı liderlərin Moskvada yüksək səviyyədə qarşılanacağı barədə mətbuatda gedən məlumatlar təsadüfi sayıla bilməz. Paralel olaraq Rusiya mətbuatında guya Azərbaycanın Ukraynaya silah yardımı etməsi barədə heç bir sübut göstərmədən Azərbaycana qarşı qaralama kampaniyasının sistemli xarakter alması da sübut edir ki, Putin Qarabağ probleminin yekun variantının həlli istiqamətində Azərbaycanı təhdid edir”.

Ekspert vurğulayır ki, Valdayda deyilənlərin əsas məqsədi Azərbaycan və Ermənistanı Rusiya çətirinin altına salmaq və sülh danışıqlarında hər iki tərəfi Qərbin moderatorluğundan imtina etməyə məcbur etməkdir. Onun sözlərinə görə, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyən Putin Azərbaycanı hədəfə almaqla onu Qərbdən uzaqlaşdırıb, tam öz çətirinə salmaq niyyətindədir. 

“Bunun üçün erməni cəmiyyətini də şantaj edir”, – o qeyd edir.

Valday klubunda deyilənlər Soçidə hansı variantda üzə çıxacaq?

İlham İsmayıl bu suala cavabında bildirir ki, bu gedişlə “Vaşinqton variantı”na alternativ “Soçi variantı” Azərbaycanın maraqlarına cavab verməsə, qəbul olunmayacaq. 

“Nə Rusiya əvvəlki Rusiya deyil, nə də Azərbaycan. İndi başqa zamandır. Qalib dövlət zamanı dəyərləndirməli və Qarabağ probleminin yekun nöqtəsini tez qoymalıdır”, – təhlilçi əlavə edib.

Elxan Şahinoğlu: “Soçi görüşünün də Azərbaycan üçün faydası olmayacaq”

Politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir: “Mən onun Valday diskussiya kulubunda Qarabağla bağlı suallara verdiyi cavabdan bu qənaətə gəldim. Kreml sahibi Qarabağı mübahisəli ərazi kimi dəyərləndirir. Belə olan halda digər görüşlər kimi liderlərin Soçi görüşünün də Azərbaycan üçün faydası olmayacaq”.

Fərhad Məmmədov: “Rusiya regionda yalnız müharibə cinayətkarı Araikə etibar edə biləcək mövqedədir”

Politoloq Fərhad Məmmədov isə V.Putinin çıxışını belə dəyərləndirir: “Rusiya Prezidentinin cavabından belə başa düşürük ki, onu qane edən sülh yolu belədir:

– Rusiyanın təklif etdiyi variantda Vaşinqtondan fərqli olaraq, Qarabağdakı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə Azərbaycanın suverenliyi nəzərdə tutulmur;

– Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırlaşdığını qeyd edir. Bəs Rusiya özü Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımır?!

Beləliklə, Rusiya regionda yalnız müharibə cinayətkarı Araikə etibar edə biləcək mövqedədir. Rusiya uzun müddətdir ki, əsasən bu istiqamətdə hərəkət edir. Əlbəttə, Rusiyanın planlarının necə çökdüyünü, gələcəkdə ABŞ və Fransanın Qarabağla bağlı layihələrinin necə həyata keçəcəyini görmək xoş olardı…”

Fuad Çıraqov: “Rusiya Azərbaycanda olmayan nüfuzuna və yumşaq gücünə zərbə vurdu”

Politoloq Fuad Çıraqov bildirir ki, əvvəllər Putin öz dili ilə mövqe qoymaqdan çəkinirdi. O xatırladır ki, müharibədən sonra – 2020-ci ilin dekabrında “Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir” demişdi: “”Sağ ol” demişdik. Dildə bir şey deyib, əməldə başqa şey etdiklərini yaxşı anlasaq da, “sağ ol” demişdik. Özü danışmırdı, amma Zatulinin, Miqranyanın, Vardanyanın, Köçəryanın, tvlərinin dili ilə danışırdı. Nəhayət, Putin də bu gün dedi ki, “əgər ermənilər Qarabağın üzərində Azərbaycanın suverenliyini – Qərbin irəli sürdüyü layihə variantı qəbul etmək istəyirlərsə, bu onların öz işidir”. Digərlərinin dili ilə danışanda məqsəd ermənilərin radikal və milliyyətçi damarına basıb, Paşinyana qarşı çıxarmaq və küçələrə tökmək idi. Putinin bu çıxışının da məqsədi odur. Belə başa düşürük ki, Qərbin irəli sürdüyü variant Azərbaycanın Qarabağın üzərində suverenliyini tanıyır, eyni zamanda statusu nəzərdə tutur. 

Status məsələsini Azərbaycan qəbul etmir və konkret mövqe var, bununla bağlı tənqidlər edilir, bu başqa məsələdir. Amma indi necə başa düşək, Rusiyanın Qarabağ üçün nəzərdə tutduğu və ermənilərə vəd etdiyi variant heç hər hansı statusla belə Azərbaycanın suverenliyini nəzərdə tutmur? Səmimiyyətə və nəhayət, açıq danışdığına görə Putinə təşəkkür düşür. 

Amma bununla eyni zamanda gərək yaxşı anlayalar ki, Rusiyanın Azərbaycanda onsuz da olmayan nüfuzuna və yumşaq gücünə zərbə vurdu. Putin demiş, özləri bilər. Hələ 10 il əvvəl bir Rusiya portalına müsahibədə demişdim ki, əgər Rusiya bölgədə öz mövqelərini itirməsini istəyirsə, belə də davam etsin. Edir, lap yaxşı…”

Hamısını Göstər

Related Articles

Back to top button