Putin Əsədi yarıyolda qoydu…
Silahlı müxalif qruplar Suriyada əvvəlcə İdlib və Təl Rıfat vilayətlərini ələ keçirdikdən sonra ölkə lideri Bəşər Əsəd 2015-ci ildə olduğu kimi, yenidən rusiyalı həmkarı Vladimir Putinin qapısını döyüb. Rusiya liderinin cavabı bu dəfə çox fərqli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Independent Türkçe” yazıb.
Kremlə yaxın mənbə Türkiyə nəşrinə deyib:
“Əsəd Hələbin qərbində münaqişənin başlamasından təxminən, 24 saat sonra (noyabrın 28-də) Moskvaya gəldi. Amma Putinin qrafiki Əsədlə görüşə imkan vermədi. Görüş sabahkı günə təxirə salındı. Əsəd müxalifətin irəliləməsinin, Hələb və digər əraziləri ələ keçirməsinin qarşısını almaq üçün Putindən təcili hərbi yardım istəyib. Amma Putin 2015-ci ildə olduğu kimi, tam müdaxilə vəd etmədən mümkün olana söz verib. Görüşdən dərhal sonra Əsəd Dəməşqə qayıdıb”.
Mənbə sözünə belə davam edib:
“Olaylar başlayandan Moskvada iki toplantı keçirilib. Birinci toplantıda irəli sürülün fikir Suriya müxalifətini tamamilə darmadağın etmək, Hələb və İdlibi geri almaq və bütün Suriya ərazisi üzərində Dəməşqin nəzarətini bərqərar etmək yönündə oldu. İkincisində belə bir fikir deyildi ki, Suriya hökuməti adından heç bir ciddi müdaxiləyə yol verilməməlidir, çünki bu, bir tərəfdən Rusiyaya baha başa gələcək, digər yandan isə onun maraqlarını təhdid edə bilər. Ona görə də Rusiyanın indiyə qədərki münasibəti məhdud müdaxilə istiqamətindədir”.
Mənbə qeyd edib ki, Rusiyanın güclü müdaxilə etməsinə mane olan səbəblər var:
“Bunlardan birincisi, Rusiya ordusunun Ukrayna müharibəsindən sonra hərbi texnikasının böyük hissəsini Suriyadan çıxarması, ikincisi, Suriyada yeni cəbhənin açılmasının Ukrayna cəbhəsini zəiflədəcəyi və ya Moskva üçün Kiyevin Dəməşqdən daha önəmli olması, üçüncüsü, müxalifətin rejimi devirməsi durumunda Rusiyanın Suriyada öz maraqlarını qorumaq istəyidir. Çünki ruslar müxalifətlə anlaşa biləcəklərinə inanırlar. Bu, Rusiya üçün İranda olmayan bir üstünlükdür.
Tehran hərbi yolla həll istəyir, çünki Suriya müxalifəti Rusiya ilə razılaşmaya gedə bilər, İranla isə hər cür anlaşmanı rədd edəcək. Suriya müxalifətinin bu cür münasibətinin səbəbi odur ki, Tehrandan fərqli olaraq, Moskva Suriyada demoqrafik dəyişiklik yaratmağı qarşısına məqsəd qoymur”.