Putin işğal anonsu verdi: Yaralı, qisasçı və işğalçı Ayı…

Putin gənc alim və iş adamları ilə ötən gün baş tutan görüşündə özünü I Pyotrla müqayisə etdi, böyük ölkə olmağın torpaqların genişləndirilməsindən (faktiki işğaldan) keçdiyini dedi, suverenliyin əsasını, böyüklüyün təməlini ərazi ilə ölçdüyünü bildirdi. Tipik imperiya düşüncəsidir, belə yanaşma bütün post-sovet məkanı üçün təhlükə olduğunu göstərir.

Bu sözləri ReAL İH üzvü Natiq Cəfərli dünən Rusiya lideri Vladimir Putinin sözügedən görüşdə səsləndirdiyi fikirləri şərh edərkən qeyd edib.

O bildirib ki, hazırda Rusiyada böyük əksəriyyət, o cümlədən ziyalıların böyük hissəsi məhz Putin kimi düşünür:

“Çünki elə “proqramlaşdırılıblar”, böyük ölkə olmağın, “imperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olmadığını qəbul etmək istəmirlər.

Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir imperiya tipi, məsələn, Cənubi Koreyadır. Gəlin kiçik bir müqaisə aparaq:

1) 1991-ci ildə SSRİ dağlıb Rusiya müstəqil olan ildə Rusiyanın ÜDM-i 517 mlrd. dollar idi, sonra kəskin düşdü, 1996-cı ildə cəmi 396 mlrd. dollar oldu. Eyni dövrdə, 1991-ci ildə C.Koreyanın ÜDM-si 367 mlrd. dollar idi, 1996-cı ildə isə 597 mlrd. dollar oldu;

2) Sonrakı dövrlərdə Rusiyanın ÜDM-i artmağa başladı, 2021-ci ildə ölkənin ÜDM-si 1 trilyon 780 milyard dollar olub. Həmin il C.Koreyanın ÜDM-i isə 1 trilyon 800 milyard dollar olub;

3) 2021-ci ilin məlumatlarına görə, Rusiyanın əhalisi 145 mln. 557 min nəfərdir, adambaşına düşən ÜDM isə 12.200 dollar olub. Həmin dövrə C.Koreyanın əhalisi 51 mln. 780 min nəfər olub, adambaşına düşən ÜDM isə 34.865 dollar olub. Adambaşına düşən ÜDM-ə görə Rusiya C.Koreyadan 3 dəfə geridədir;

4) 2021-ci ildə Rusiyanın ixracı 491 mlrd. 600 mln dollar olub ki, bunun da 60%-ə yaxını neft-qazdır. Həmin il C.Koreyanın ixracı 644 mlrd. 540 mln. dollar olub ki, bunun da tamamı real sektor, texnoloji məhsullardır;

5) Bu qədər resursa rəğmən sanksiyalardan öncə Rusiyanın qızıl-valyuta ehtiyatları 630 mlrd. dollar idi, indi 300 mlrd. dolları “dondurulub”. C.Koreyanın qızıl-valyuta ehtiyatları isə 452 mlrd. 300 mln. dollardır”.

Ekspertin fikrincə, Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, imperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı, Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi:

“C.Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir “imperiyadır”, torpaqları yox, bazarları tutur, ərazini deyil, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir: nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, post-sovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də Azərbaycan öz “de-jure” və “de-fakto” ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir.

Şimalda həmişə Ayı olub, bu gün isə yaralı Ayı var, yaralı və ağlıni itirmiş Ayı…”

Hamısını Göstər

Related Articles

Back to top button