PUTİN “KÖLGƏYƏ” ÇƏKİLMƏK İSTƏYİR, VARİSİ KİM OLACAQ? – “O, Patruşevdən təminat alacağına ümid edir”
Vladimir Putin hələ 2021-ci ilin payızında varis axtarışına başlamışdı, lakin döyüş meydanında davam edən uğursuzluqlar onun gələcəyini qaranlıq edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı tarixçi, siyasi təhlilçi və publisist Valeri Solovey bildirib.
Solovey deyib ki, müharibənin yaratdığı durum Putin üçün hakimiyyətin ötürülməsi prosesini çətinləşdirib: “Onun üçün hakimiyyəti öz qüdrətinin pik nöqtəsində ötürmək daha sərfəli idi. 24 fevral olmasaydı, o, payızda başlatdığı hakimiyyətin ötürülməsi prosesini davam etdirərdi və mediada Rusiyanı “diz üstündən qaldıran” obrazı ilə qalardı. Lakin Putin ölümcül səhvə yol verdi – o, bütün mirasını uduzdu. Putin üçün varis məsələsi ölüm-dirim məsələsidir. Rusiyada rəhbərə hər şeyi bağışlayırlar, yalnız hərbi məğlubiyyətdən başqa. İndi isə Rusiya hərbi məğlubiyyətin astanasındadır və hərbçilər bunu gözəl başa düşürlər”.
Siyasi təhlilçi hesab edir ki, Putinin ən real varisi Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitri Patruşevdir.
Soloveyin fikrincə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın məhz Patruşevlə məsləhətləşmələr aparması da təsadüfi deyil: “İkinci xətt Uşakovun (Yuri Uşakov – Putinin xarici siyasət məsələləri üzrə köməkçisi-C.M.) xəttidir. Lakin Patruşev daha vacibdir”.
Soloveyin bildirdiyinə görə, ABŞ-la müzakirə edilən məsələlər arasında hakimiyyətin ötürülməsi də var ki, burada da Patruşev həlledici fiqur rolu oynayır: “Putin sadəcə, kölgəyə çəkilmək istəyir. Hakimiyyətin ötürülməsini Qazaxıstan nümunəsi üzərində qururdular… Putini Patruşevlə sıx münasibətlər bağlayır. Mümkündür ki, Putin maksimum təminata ümid edir. Patruşevin bir vacib keyfiyyəti var – o, öz vədlərini yerinə yetirən adamlara aiddir. Lakin böyük ehtimalla hər şey onun üçün kədərli bitəcək. Bunun alternativi yalnız bütün dünyanı öz ardınca (o dünyaya-red.) aparmaqdır. O, elə bir vəziyyətə çatıb ki, hamını öz arxasınca aparmağa hazırdır…”
Qeyd edək ki, bundan öncə də Putinin varis məsələsi üzərində düşündüyünə və bu rol üçün bir neçə namizədin olduğuna dair məlumatlar yayılıb.
Bu sırada ən çox Nikolay Patruşevin oğlu, hazırda Kənd Təsərrüfatı naziri postunu tutan Dmitri Patruşevin və Moskva meri Sergey Sobyaninin adları çəkilir.