Putinin büdrəməsi və öz saatını gözləyən “Medved”… – Sabiq prezidentin aktivləşməsi və tez-tez Qərbi hədələməsi nə ilə bağlıdır?

Sabiq prezident və hazırkı Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin qabaritləri “rus ayısı” ifadəsinə uyğun gəlməsə də, onun ayı mənası daşıyan soyadı ilə son zamanlar səsləndirdiyi diplomatiyadan uzaq, kobud, hədə-qorxu dolu bəyanatları müəyyən dərəcədə bir-birini tamamlayır. 

Hələ tam müharibə ərəfəsində Putinin keçirdiyi Rusiya Təhlükəsizlik Şurasının məşhur iclasındakı çıxışında Medvedev Ukraynaya qarşı işğal planını müdafiə edərək, bunu olduqca kobud və primitiv şəkildə əsaslandırmağa çalışmışdı. Özündən və Rusiya ordusundan razı şəkildə danışan Medvedev öz prezidentlik dövrünü iclas iştirakçılarına xatırladaraq demişdi ki, onun zamanında da (Gürcüstana qarşı 2008-ci ildəki işğalçılıq müharibəsi nəzərdə tutulur-red.) Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə, təzyiq göstərməyə başlasa da, sonradan vəziyyətlə barışmalı oldu. Bu dəfə də belə olacaq. Yəni, Medvedev bir yandan Putinə dəstək vermiş, digər yandan isə cəmiyyətə və elitaya mesaj vermişdi ki, “unutmayın, mən də bir vaxtlar prezident olmuşam”…

Lakin Ukraynada artıq 4 aydır davam edən savaşın bu günə olan nəticələri və mümkün perspektivi göstərir ki, Medvedev həmin fikirlərində yumşaq desək, bərk yanıldı. Bu dəfə onun düşündüyü kimi, yəni Gürcüstanda, yaxud Krımda olduğu kimi olmadı və olmayacaq da.

Qərbin və dünya birliyinin Ukraynaya qarşı bu amansız işğalçılıq müharibəsinə münasibəti Kremlin və Medvedev kimilərin gözlədiyindən qat-qat sərt və Rusiyanın özü üçün təhlükəli, sarsıdıcı oldu. Kremlin “xüsusi əməliyyat” adı qoyduğu işğalçılıq savaşı qətiyyən nə Putinin, nə də Medvedevin istədiyi və düşündüyü kimi getmir.

72-96 saata diz çökməli olan Ukrayna 100 gündən artıqdır ki, ayaq üstədir, müqavimət göstərir və dünyanın ikinci ordusu sayılan rus ordusuna ağır zərbələr vurur, onu həm gücdən, həm də nüfuzdan salmaqda davam edir.

Son günlər xarici mətbuatda ən çox müzakirə olunan mövzulardan biri Qərbin Rusiya siyasi və biznes elitasına qarşı tətbiq olunan ünvanlı sanksiyalardır. Qeyd olunur ki, bu cür personal sanksiyalar Kreml tərəfindən çox ağrılı qarşılanır. Çünki elitanın var-dövləti, kapitalı, eləcə də ailə üzvləri uzun illərdir Qərb ölkələrində yerləşir. Ailə üzvlərini, övladlarını, pullarını, malikanələrini və s. “çiçəklənən” Rusiyada yox, özlərinin rəsmi nitqlərində “çürümüş”, “pozulmuş”, “ölüm ayağında olan” məkan kimi ifadə etdikləri Qərbdə yerləşdirən Kreml təmsilçiləri həyatlarındakı bu dönüşdən olduqca narahatdırlar.

Məlum olduğu kimi, Putindən Lavrova, Peskovdan Medvedevə qədər demək olar, bütün iri ranqlı hakimiyyət təmsilçilərinin yaxınları ABŞ və Avropada məskunlaşıb. Məlum olduğu kimi, Putinin qızlarına, eləcə də qeyri-rəsmi nigahda olduğöu bildirilən Alina Kabayevay, Lavrovun və Peskovun qızlarına qoyulan sanksiyalar Medvedevin oğlundan da yan keçməyib.

Xarici mətbuat yazır ki, Medvedevin İlya adlı gülməşəkər oğlu artıq uzun müddətdir ABŞ-ın Kaliforniya ştatında yaşayır. Xəbər verilir ki, ABŞ İlyanın vizasını dayandırıb və ona ölkəni tərk etmək üçün 48 saat vaxt verib. Ancaq Medvedevin “çürümüş” Qərbi tez-tez hədələməsi, Ukraynanı təhdid və təhqir etməsi, hətta nüvə silahından istifadə olunacağının anonsunu verməsi əlbəttə ki, oğlunun ABŞ-dan qovulması perspektivi ilə bağlı deyil…

Bir çox təhlilçilər hesab edirlər ki, vaxtilə Putinin əlaltısı qismində olsa da belə, prezidentliyin “dadı” ilə tanış olan Medvedev yenidən ən yüksək məqamda oturmağın qətiyyən əleyhinə deyil. Əksinə, sabiq prezidentin aktivliyinin onun “öz saatı”nı gözləməsilə bağlı olduğu qətiyyən istisna edilə bilməz.

İndi belə görünür ki, Ukraynadakı hərbi kampaniyanın uğursuzluğunu və perspektivsizliyini anlamağa başlayan Kreml elitasını rus əsgərlərinin, ordusunun, iqtisadiyyatının taleyi və nüfuzu yox, daha çox öz gələcəkləri maraqlandırır. Bu sarıdan da Medvedev istisna deyil. Əksinə, gələcək hakimiyyət perspektivlərilə bağlı fəaliyyətdə ən aktiv olanlardan biri məhz odur.

Artıq Kremldə demək olar hamı Putindən sonrakı Rusiyaya hazırlaşır. Çoxları hesab edirlər ki, Putinin həm yaşı, həm səhhəti, həm də Ukraynadakı uğursuzluğu onun uzun müddət hakimiyyətdə qalmasını mümkünsüz edir. Ya zəlzələdən, ya vəlvələdən onun çarlıq dövrünün bitməsinə elə də çox vaxt qalmadığı qənaəti formalaşıb və bu qənaət kifayət qədər ciddi reallıqlara söykənir.

Medvedevinsə istər Putinin səhhətinin real durumu, istərsə də onun gələcək planları barədə ən məlumatlı şəxslərdən biri olduğu az şübhə doğurur. Bu baxımdan Medvedevin Kreml elitasının digər nümayəndələrindən daha aktiv olması, tez-tez Qərbi hədələyən və bəzən də gülüş obyektinə çevrilən bəyanatları, paylaşımları təsadüfi görünmür.

Çoxları Putinin yerinə ən real namizəd kimi FTX sədri Nikolay Patruşevi göstərsələr də, Medvedev daxil olmaqla başqa şəxslərin də adı çəkilir. Məsələn, Rusiyanın ən populyar portallarından biri olan “Meduza” bir neçə gün əvvəl hakimiyyətdəki mənbələrinə istinadla yazmışdı ki, Kremldə pərdə arxasında Putinin varisinin kim olacağı barədə müzakirələr gedir: “Onların arasında Moskva meri Sergey Sobyanin, Dmitri Medvedev və bu yaxınlarda Kremlin Donbas üzrə kuratoru təyin olunan Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kirienko var”.

Qeyd edək ki, Medvedevin Qərbə yönəlik təhdid və hədə-qorxu dolu ritorikasına xaricdə ciddi yanaşmasalar da, bu mövqe böyük qismi zombiləşmiş rus cəmiyyəti üçün təsirli və keçərlidir. İndiki Rusiya əhalisinin yarıdan çoxuna aqrressiv, “asıb-kəsən” lider lazımdır və Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, bu reallıq dəyişməyəcək. 

Bu baxımdan Medvedevin hazırkı ritorikası anlaşılandır və özünün gələcək hakimiyyət perspektivi üçün faydalıdır. O, artıq başqa məsələdir ki, hakimiyyətə gələcəyi təqdirdə də indiki kimi aqressiv olacaq, yoxsa Qərblə razılaşma yolunu seçəcək...

Əlbəttə, Medvedevin digər namizədlərdən fərqi və müəyyən üstünlüyü odur ki, adam pis-yaxşı 4 il prezident olub. Ancaq bu amil ona bir tərəfdən üstünlük qazandırırsa, digər yandan ziyanına işləyir. Çünki onun 2008-2012-ci illərdəki prezidentliyinin formal xarakter daşıdığını, real hakimiyyətə malik olmadığını, ölkəni o vaxtkı Baş nazir postunu daşıyan Putinin idarə etdiyini Rusiyada və dünyada bilməyən yoxdur. Medvedevinsə həmin illərdə özündən dublyor kimi istifadə edilməsinə razılıq verməsi nə bir siyasətçi, nə də şəxsiyyət kimi ona divident qazandırmır…

Ancaq bütün bunlara baxmayaraq, Kremlin indiki elitasında Putindən sonrakı Rusiyaya rəhbərlik edəcək hər hansı parlaq fiqur görünmür. Patruşev, Kirienko və bu kimi digər sönük, solğun fiqurlar palitrasında kifayət qədər təcrübə qazanmış və saray daxili intriqalardan pis baş çıxarmayan Medvedev heç də rəqabətdən kənar təsir bağışlamır.

Onu da nəzərə alsaq ki, hazırda Medvedevin tutduğu postun rəsmən həlledici qərarların qəbuluna və icrasına birbaşa aidiyyatı yoxdur, o zaman istər Ukraynadakı hərbi uğursuzluq, istərsə də bu müharibənin nəticəsi olaraq yaranacaq hər hansı mümkün böhran situasiyasına görə onun birbaşa məsuliyyətdən kənarda qalacağını söyləmək olar…

Hamısını Göstər

Related Articles

Back to top button