Putinin NATO ilə bağlı planı üzə çıxdı – 5 ölkə təhlükə altında

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı növbəti sülh danışıqlarında NATO-nun Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcəyi ehtimal olunur.
Polise.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat verib.
Bildirilib ki, Moskva danışıqlardan NATO-nun genişlənməsi ilə bağlı güzəştlər əldə etmək və alyansın Avropadakı müdafiə imkanlarını zəiflətmək üçün istifadə etməyə çalışa bilər.
Belə bir tələb NATO qüvvələrinin Polşa, Estoniya, Latviya və Litvadan, eləcə də 2023-cü ildə alyansa qoşulan Finlandiyadan çıxarılmasını gündəmə gətirə bilər.
Adları çəkilən beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir.
Məlumata əsasən, Moskva Avropanın təhlükəsizlik məsələlərinin də danışıqlarda müzakirə olunmasında maraqlıdır.
Bununla belə, Rusiyanın irəli sürə biləcəyi tələblər barədə məlumatlar hələlik media mənbələrinin iddialarına əsaslanır və bu şərtlərin rəsmi şəkildə təqdim edildiyi təsdiqlənməyib.
Safura Bənnayeva
Globalinfo.az



