Qadınlarımızla bağlı köhnə stereotipləri qıran YOL
Mahirə Əmirhüseynova: “Yüksəliş” müsabiqəsi ölkənin bu günü və sabahı üçün olduqca vacib hadisədir
Azərbaycan qanunvericiliyi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməni qadağan edir. Qadınlar üçün ağır hesab edilən işlər nəzərə alınmazsa, ölkəmizdə qadınların və ya kişilərin əmək fəaliyyəti göstərəcəyi sfera ilə bağlı da hər hansı məhdudiyyət qoyulmayıb. Lakin cəmiyyətimizdə hökm sürən bəzi stereotiplər qadınlarımızın müəyyən sahələrdə çalışmasına, xüsusilə onların vəzifədə irəliləməsinə imkan vermir.
Qadının daha çox məişət qayğıları ilə məşğul olmasına adət edən Azərbaycan cəmiyyətində bir çox hallarda qadınların rəhbər vəzifədə irəliləməsi də o qədər məqbul qarşılanmır. Bütün bu amillər isə idarəetmə bacarığı olan qadınlarımızın da potensialının üzə çıxmasına imkan vermir.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli, Sərəncamına əsasən təsis edilmiş “Yüksəliş” müsabiqəsi isə bu baxımdan olduqca əhəmiyyətli hesab edilə bilər.
XXI Əsrin Qadınları İctimai Birliyin sədri Mahirə Əmirhüseynova Trend-ə açıqlamasında bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkənin bu günü və sabahı üçün olduqca vacib hadisədir:
“Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, gələcək məhz gənclərindir. Yeni dünyanın müasir tələblərinə cavab verən, milli-mənəvi dəyərlərə söykənən, məmurluğun mahiyyətini anlayan kadrların aşkara çıxarılması, onlara vəzifələr tapşırılması günümüzün reallığına çevrilib. Ölkə rəhbərliyinin yürütdüyü islahatçı siyasətin nəticəsində idarəetmə strukturlarına təyin olunan şəxslər gələcəyin daha işıqlı olmasına xidmət etmək bacarığına malikdirlər. Təkamül nəzəriyyəsinə görə yeniləşmə daim işləyən mexanizmdir. Bu baxımdan “Yüksəliş” müsabiqəsinin elan olunması həmin mexanizmin yüksək faydalı iş əmsalı ilə işləməsinə təkan verir. Sərəncamda da göstərildiyi kimi, müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Öz bacarıqlarını reallaşdırmaq istəyən gənclər bu müsabiqənin köməyilə geniş imkanlar əldə etmiş olacaqlar. Xüsusən seçimlərdə obyektivliyin qorunması, seçimlərin konkret meyarlara əsaslanması potensialı olan insanların idaretmə strukturlarında işləməsinə bir başa yardımçı olacaq”.
M. Əmirhüseynova bildirib ki, müsabiqənin məqsədlərindən biri iştirakçıların fərdi keyfiyyətlərinin və bacarıqlarının müəyyən edilməsinə imkan verən müxtəlif metodlardan yararalanmaqla onların çoxpilləli kompleks qiymətləndirilməsini həyata keçirmək, iştirakçıların idarəetmə sahəsində bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, onların inkişafına və ən yaxşı təcrübələrin yayılmasına nail olmaqdır.
Onun fikrincə, belə olan təqdirdə kadr ehtiyatının tam sağlam formalaşacağını söyləmək olar.
M. Əmirhüseynova hesab edir ki, “Yüksəliş” müsabiqəsi idaretmə bacarığı olan qadınların da bu potensiallarını təqdim etməyə çox böyük kömək göstərəcək:
“Mən deməzdim ki, ölkədə qadınların rəhbər vəzifələrə irəli çəkilməsində problemlər var. Xeyli sayda xanımları göstərə bilərik ki, onlar bu gün yüksək vəzifədə çalışırlar. Sadəcə, burada bir incə nüans var, o da milli mentalitetimizlə bağlıdır. Daha doğrusu milli mentalitetimizdə əksini tapan nüansların yanlış təqdim və təşviq olunması ilə bağlıdır. Bizdə belə bir yanlış fikir formalaşıb ki, xanımlar daha çox məişət xarakterli fəaliyyətlə məşğul olsalar yaxşıdır. Xeyr, bu, dsüzgün deyil. Bu stereotip həm köhnə, həm də qüsurludur. Tarixdə yüzlərlə Azərbaycan qadını olub ki, vətəni üçün çox böyük işlər görüb. Müasir dünyada kişi və qadın hüquqlarının tam bərabər olması, ölkədə gender problemlemlərinin sürətlə çözülərək həllinin tapılması bir daha göstərir ki, cəmiyyətdə qadınların vəzifələrə təyin edilməsində maneə yoxdur. Sadəcə xanımlar təşəbbüskar olmalı, bacarğına uyğun sahədə potensialını göstərməyi bacarmalıdırlar”.
Ekspertin sözlərinə görə, Azərbaycan qadınları “Yüksəliş” müsabiqəsinə qoşularaq gələcək kadr potensialının zənginləşməsinə töhfə verə bilərlər.
M. Əmirhüseynova bildirib ki, “Yüksəliş” müsabiqəsində iştirak edərək, bal toplamaq qadınlarımıza irəli çəkilmək üçün stimul verəcək. Onlar öz üzərlərində daha səylə, həvəslə işləyəcəklər.
Birlik sədri qeyd edib ki, bu müsabiqə insanın dolğun fərdə çevrilməsi istiqamətində püxtələşməsinə geniş imkanlar açır:
“Gələcək Azərbaycanın sağlam münasibətlər üzərində qurulacağı kimsədə şübhə yaratmır. Yetər ki, bu işdə ölkəmizə, dövlətimizə daim dəstək olaq, potensialımızı dövlətimiz üçün əsirgəməyək. İdarəçi davamlı öyrənən bir şəxsdir. Lakin o, yalnız məşğul olduğu sahənin incəliklərini deyil, paralel olaraq idarəçilik prosesini də öyrənməli, təkmilləşdirməli və tətbiq etdiyi idarəçilik metodunun, layihənin, idarə etdiyi təşkilata təsirini qiymətləndirməyi bacarmalıdır. Çox bilmək azdır, gərək öyrəndiyini dəqiq biləsən və onun tətbiqini bacarasan. Belə potensiala malik insanlar, xüsusilə qadınlar “Yüksəliş” müsabiqəsində uğur qazanacaqlar. Onların uğuru bütün cəmiyyətimizin xeyrinədir”.