Qarabağ avantürasını Ermənistanın başına uçuran 2020: 2021 onun üçün son şans ilidir
Kapitulyasiyanı “həzm edə” bilməyən düşmən ölkəni yeni fəlakət gözləyir; ərazimizdəki qanunsuz silahlı dəstələr məsələsi ilin ilk aylarının ən kəskin mövzusu olacaq; rusiyalı politoloqlar: “Belə birləşmələr Azərbaycan üçün daimi təhdid mənbəyidir”, “Onların məhvi çox vacibdir…”
44 günlük Qarabağ müharibəsində haqq elədiyi kapitulyasiyaya tuş gələn Ermənistanda ictimai-siyasi matəm, milli hüzn davam edir. Anlaşılandır. 30 ildir torpaqlarımızla bağlı əfsanələr qurub miflərlə yaşayan, misli görünməmiş həyasızlıqla hətta yaxın tarixi belə saxtalaşdırıb xəritədə özlərinə yeni uydurma dövlət cızan bədnam qonşular indi öz əməllərinin altını çəkirlər. Bütün şiddəti və dolağı ilə.
Ermənilər heç vaxt özlərinin olmayanın əllərindən çıxmasına maniakal şəkildə yanıb-yaxılmaqdadırlar. Böyük dərddir. Ələlxüsus da tarixi başdan ayağa yalanlar üzərində qurulan bir toplumdan ötrü. Ancaq onlar üçün bu da hələ fəlakətin sonu deyil. Dəfələrlə yazıldığı və deyildiyi kimi, əgər məğlub ölkə, məğlub millət başına gələn müsibətdən doğru-dürüst nəticə çıxarmazsa, – müşahidələr göstərir ki, elə belədir ki var – o zaman o, daha böyük bəlalara hazır olmalıdır. Məsələn, növbəti mərhələdə Ermənistan adlı psevdodövlət ümumiyyətlə, xəritədən silinə bilər. Bunu indi təkcə biz demirik, Rusiyadakı ağıllı başlar, siyasi və hərbi analitiklər də bu barədə neçə vaxtdır xəbərdarlıq edirlər.
*****
2020-ci ildə Qarabağ avantürası Ermənistanın başına uçdu. Ancaq İrəvandakı və Xankəndidəki avantüristlər belə görünür ki, Azərbaycanın möhtəşəm zəfərini təftiş etməyə qalxıblar. Rusun arxasında gizlənib yenə “qan-qan” deyir, “status-arsax”dan dəm vurur, hətta hədələyirlər. Bu minvalla qanlar əlbəttə, yenə töküləcək, amma müstəsna olaraq, Qarabağda ilişib qalmış silahlı erməni terrorçularının və onların başında duranların qanı.
Əgər erməni tərəfdə kimsə düşünürsə ki, Azərbaycan Ordusu artıq kazarma rejiminə keçib və bundan sonra ərazimizdə separatçılıq hoqqalarını, dövlətcik oyunlarını rahatca davam etdirmək olar, səhv edir. Azərbaycan Ordusu, xüsusi təyinatlılarımız Xankəndinin cəmi bir-neçə kilometrliyindədir və daim döyüş hazırlığı vəziyyətindədir.
Separatçı tör-töküntülər bunu da qulaqlarında sırğa eləsinlər ki, ərazimizdəki qanunsuz silahlı birləşmələr məsələsi ilin ilk aylarında ən kəskin şəkildə gündəmə gələcək. Odur ki, nə qədər gec deyil, nə qədər ki, başları salamatdır, terrorçu-quldurlar ərazimizi xoşluqla tərk etsinlər, ya da Azərbaycan dövlətinə təslim olsunlar. Əks halda, qaldıqları yer gorbagor olmuş işğalçı erməni hərbçiləri kimi, onlar üçün də məzar olacaq.
Təbii ki, Ermənistan rəhbərliyi də Qarabağda qalmış separatçı-terrorçu ünsürlər probleminin sakit, dinc yolla həllində maraqlı olmalıdır. Ən azı o səbəbə ki, sonuncu erməni banditi ərazimizi tərk etməyənədək Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında heç bir normal əlaqədən söhbət getməyəcək.
Belə əlaqələrin qurulması isə indi ilk növbədə İrəvana, həm də hava-su kimi lazımdır. Seçim indi özlərinin, erməni xalqınındır. 2021-ci il bu mənada Ermənistan üçün də, erməni xalqı və ermənilik üçün də axırıncı şans ilidir. Səhv eləmək limiti bitib, tarix bir də ermənilərə belə fürsət tanımayacaq. Buna əminik…
*****
Rusiyalı hərbi ekspert və siyasi məsləhətçi, tarixçi Oleq Kuznetsov da Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan vətəndaşları üçün davamlı təhdid mənbəyi olduğu barədə xəbərdar edir.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” portalına açıqlamasında bildirib.
“Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki bu birləşmələr problemlər yaradır. Onların mövcudluğu sabitliyi pozan amildir və çox güman ki, Azərbaycan ərazilərində diversiya əməliyyatları həyata keçirmək üçün hım də kadr mənbəyidir. Bu isə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan anlaşmaya əsla kömək eləmir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu qanunsuz dəstələr çıxmayınca Rusiya sülhməramlıları da öz missiyalarını yerinə yetirə bilməyəcək. “Ona görə də 10 noyabr tarixli razılaşmanın icrası prosesi ləngiyir. Lakin gözlənilən odur ki, azad edilmiş ərazilərdə Azərbaycan öz mülki administrasiyasını yaratdıqca belə bir proses mütləq şəkildə başlayacaq və müəyyən təşkilati tamlıq əldə edəcək. O zaman Ağdam, Kəlbəcər və Laçın bölgələrində olduğu kimi, onların Azərbaycandan çıxarmaq nisbətən asan olacaq”.
Rusiyalı analitik hesab edir ki, İrəvan da bütün erməni hərbi qüvvələrinin Azərbaycandan çıxarılmasının qaçılmazlığını dərk etməlidir. “O zaman bölgədə sülh və sabitlik üçün məcburi olan bu proses ən qısa müddətdə və yeni insan itkiləri olmadan həyata keçirilə bilər” – politoloq əlavə edib.
“Qarabağı tərk etməyən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar”.
Bunu isə Rusiyanın “İnfo24.ru” saytına açıqlamasında digər rusiyalı tanınmış politoloq Sergey Markov deyib (Axar.az).
Politoloqa görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal qüvvələrin nümayəndələri qalıb: “Həmin qüvvələr Rusiya sülhməramlılarına da təhlükədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhaliyə, amma ilk növbədə terror fəaliyyətində zəngin təcrübəsi olan Daşnaksütyun Partiyasından olan ultramillətçilərə bağlıdır. Bu birləşmələrin məhv edilməsi çox vacib vəzifədir”.
Markovun fikrincə, bundan ötrü həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya sülhməramlılarının iştirak edəcəyi üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır. “Əgər bu baş verməsə, onda Azərbaycan birtərəfli şəkildə hərbi əməliyyat keçirəcək. Bu hücumlar davam edərsə, onların məhv edilməsinin zəruriliyi məsələsi gündəmə gələcək”, – deyə analitik vurğulayıb.
*****
Sözsüz ki, prosesin qansız bitməsində rəsmi Moskva da maraqlı olmalı və bunu İrəvana aşılamalıdır. Çünki erməni separatçı tör-töküntülərinə görə yeni gərginlik və yeni müharibə Rusiyaya qətiyyən əl vermir. Hər halda, Kreml Azərbaycan və Türkiyə ilə münasibətlərin pozulmasında maraqlı deyil və üçtərəfli anlaşmanın bütün bəndlərinin reallaşması onun da mənafeyinə cavab verir. Moskva eyni mesajı Nikol Paşinyanın rusiyayönlü alternativlərinə də çatdırsa, pis olmaz.
Rusiyayönlü alternativlərdən söz düşmüşkən, bu arada Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Köçəryanı Yeni il münasibətilə təbrik edib. Məlumatı və məktubun surətini Köçəryanın ofisi ictimailəşdirib. “Putin Köçəryana və onun ailəsinə möhkəm cansağlığı və sülh arzulayıb”, – xəbərdə deyilir.
Yada salaq ki, az öncə Köçəryan Rusiyaya səfər etsə də, Moskvada yüksək səviyyəli heç bir görüşə nail ola bilməmişdi. Əvəzində isə onun Putinlə telefonla 1 saat danışdığı və regional məsələləri müzakirə etdiyi bildirilmişdi.
Yeni il təbrikinə gəlincə, yəqin bu da Kremlin 2021-ci illə bağlı özünəməxsus və maraqlı anonslarındadır. Çünki Paşinyanın siyasi taleyi də məhz gələn ilin ilk aylarında bəlli olacaq. Elə Azərbaycan ərazilərində qalmış erməni qanunsuz silahlıları və terrorçularının aqibəti kimi…