Qarabağ: Danışıqlar bərpa edilir?

Xəbər verildiyi kimi, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov atəşkəs rejiminin nəzarətdə saxlanılması ilə bağlı müxtəlif beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyini bildirib.

Nazir qeyd edib ki, biz əsas vəzifələrin həllində cəmləşməyi zəruri hesab edirik.Gərginliyin olmasının əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsidir.Ona görə də işğalın özünün aradan qaldırılması, yəni Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması lazımdır.

İşğalçı qüvvələrin çıxarılması cədvəlinin razılaşdırılması danışıqların predmeti olmalıdır.Monitorinq məsələsini qoşunların çıxarılması və qovulmuş əhalinin geri qaytarılması kontekstində nəzərdən keçiririk.Bu istiqamətdə növbəti fəaliyyət ərazilərin azad edilməsi ilə sinxronlaşdırılmalıdır.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında problemin danışıqlar yolu ilə həllinin mümkünsüz olduğunu və Rusiyanın sülh yolu ilə heç zaman bu prosesə razı olmayacağını deyib:

“Xarici İşlər naziri Ceyhun Bayramovun Moskva səfəri öncəsi Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakıya gəlişinin heç də təsadüf olmadığını düşünürəm. Hesab edirəm ki, bu daha çox qabaqlayıcı tədbir idi.Çünki Ceyhun Bayramovun Rusiyaya səfəri öncəsi arqumentlər Azərbaycan-Türkiyə birliyinin xeyrinə idi.Çünki Rusiya Tovuz təxribatı ərəfəsi və sonra bir boşluq buraxmışdı.Türkiyə və Azərbaycan prezidentləri bu məsələdən istifadə etdi.Hər iki prezident Putinə zəng edib Ermənistana gedən tonlarla silaha görə Rusiyadan narazılıqlarını bildirdilər.Hesab edirəm ki, bu güclü arqumentlərlə Azərbaycan Türkiyənin ölkəmizdəki varlığını kompensasiya edə bilirdi.Çünki Türkiyənin Azərbaycana gəlməsini şərtləndirən əsas amil Ermənistanın Azərbaycana qarşı təxribatı və Rusiyanın səhnə arxasından ermənilərə dəstək verməsi idi.Çünki həm Serbiyadan, həm də Rusiyadan Ermənistana minatanlar və digər silahlar ötürülmüşdü.Tovuz hadisələrindən sonra Rusiyanın Ermənistana 400 ton silah göndərməsi də Azərbaycanın və Türkiyənin arqumentlərini gücləndirirdi.Şoyqu da, məhz bu arqumentləri zərərsizləşdirmək üçün Bakıya gəlmişdi.Hesab edirəm ki, bu məqsədlə də Bakıya gələn Şoyqu Azərbaycan cəmiyyətinin “qulağından sırğa asaraq” geri qayıtdı. O, bildirdi ki, guya Ermənistana gedən 400 ton yük silah yox, yalnız inşaat materialları imiş. Rusiya nə zamandan bəri 400 tonluq inşaat materiallarını bahalı təyyarələrlə Ermənistana daşıyır?Bu qədər absurd açıqlamalar verməklə Şoyqu Ceyhun Bayramovun Sergey Lavrov qarşısında arqumentlərini zəiflətmək istəyirdi.Digər bir məqam Lavrovun Ceyhun Bayramovla görüşündən sonra Ermənistanın Xarici İşlər naziri Mantsakanyanla danışığıdır.Bu danışıq da onu göstərir ki, Rusiya yenidən münaqişə tərəfləri arasında vasitəçi olmaq istəyir.Bu Azərbaycana lazım deyil”.

Politoloq Xarici İşlər naziri Ceyhun Bayramovun münaqişə tərəflərinin danışıqlara getmə şərtlərinə də toxunub:

“Digər bir məqam Ceyhun Bayramovun dolayısı ilə yeni danışıqların olacağını təsdiqləməsidir. Əgər 27 il müddətində danışıqlardan hər hansı bir siyasi nəticə əldə edilməyibsə, bundan sonra hər hansı bir siyasi nailiyyətin əldə ediləcəyinə kim zəmanət verə bilər? Eyni zamanda Azərbaycan rəhbərliyi bəyan edir ki, biz protokollar xatirinə danışıqlar aparmaq fikrindən uzağıq.Bununla da Minsk qrupu həmsədrlik institutunun gələcək fəaliyyəti sual doğurur.Belə çıxır ki, Azərbaycan yenidən sıfır nöqtəsinə qayıdır?Axı 27 ildə məlum oldu ki, Rusiya Dağlıq Qarabağ problemini Cənubi Qafqazda təzyiq mexanizmi kimi görür.Rusiya heç zaman bu problemin həllinə razı olmayacaq.Çünki problem həll olunarsa, Rusiya bu dövlətlərin tez bir zamanda onun orbitindən çıxıb Qərbə inteqrasiya edəcəyini görür.Əgər Rusiya öz siyasi kursunda müsbət dəyişiklik etməyibsə, əksinə, daha da aqressivləşərək imperiya siyasətini ortaya qoyubsa, onda Azərbaycanı öz xarici siyasətini dəyişməyə nə vadar etdi?Nə oldu ki, Şoyqunun Bakıya səfəri və naşı Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri bütün prioritetləri dəyişdi?Bu, Türkiyə tərəfindən də müsbət qarşılanmayacaq.Türkiyə yanımızda olmaq üçün Azərbaycana güvənməlidir.Bu siyasətlə o, bizə heç zaman güvənə bilməz.Güvənə bilmədiyi ölkəyə də heç vaxt ordusunu göndərməz.Ceyhun Bayramovun Moskva səfəri bizim əlimizdəki ən güclü arqumenti tamamilə zərərsizləşdirdi.Düşünürəm ki, Ermənistanla heç bir halda danışıqlara getmək olmaz”.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button