Qarabağ müharibəsi iştirakçılarına yardımların genişləndirilməsi planı – Mühüm və möhtəşəm vergi güzəştləri

Azərbaycanda Vətənin ərazi bütövlüyünün qorunması zamanı şəhid olan, yaralanan, şücaət göstərən insanların sosial müdafiəsi, sosial təminatı ən yüksək səviyyədə dövlətin diqqətindədir.

Ölkədə Vətənin müdafiəsi zamanı həlak olan hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi, dəfn mərasiminin təşkili üçün 3 min manat maliyyə yardımı, şəhid ailələrinə aylıq 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə aylıq pensiya ödənilir, olmadıqda isə hər ailə üzvü aylıq 80 manat məbləğində müavinət alır. Şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərinin zəruri sənədlərlə müvafiq dövlət qurumuna birbaşa müraciəti əsasında təyinat aparılır.

Azərbaycanın müdafiəsi zamanı yaralanan şəxslərə də Prezidentin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Bundan əlavə, şəhid ailələri və əlil olan vətən müdafiəçilərinə dövlət tərəfindən pulsuz mənzil və avtomobil verilir. Təkcə bu il ərzində  şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil və fərdi evin verilməsi işləri aparılıb. Artıq 1 900 mənzil bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11,1 min şəhid ailəsi və müharibə əlilinə mənzillər və fərdi evlər verilib. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evlərin verilməsini nəzərdə tutulur.

Qarabağ əlillərinə dövlət qayğısı gələn ilin dövlət büdcəsində də əksini tapıb. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsinin xərclərində 67 milyon manat vəsait nəzərdə tutulub.

Bundan başqa, bu günədək dövlət sosial dəstək paketi çərçivəsində 6 mindən çox şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib. Eyni zamanda, Ölkə başçısı tərəfindən 8 dekabr 2020-ci il tarixində təsis edilən “YAŞAT” Fondu tərəfindən indiyədək 48,49 milyon manatdan çox ödənişlər həyata keçirilib. Ödənişlərin 64,8 faizi müraciət edənlərin məişət şəraitinin yaxşılaşdırılmasına (31,8 milyon manat), 22,7 faizi tibbi xərclərin ödənilməsinə (11,13 milyon manat), 11,2 faizi borc öhdəliklərinin qarşılanmasına (5,51 milyon manat), 1,3 faizi isə təhsil peşə və s. (0,63 milyon manat) istiqamətlərə yönəlib.

Onu da qeyd etmək lazımdır ki, cari ilin yanvar-noyabr aylarında Vətən müharibəsinin 2 200 qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. 

Azərbaycan dövləti həmçinin Qarabağ müharibəsində şəhid olan hərbçilərin ailə üzvlərinə, həmçinin döyüşlərdə aldığı yaralar səbəbindən əlil olan hərbçilərə özəl qurumların da qayğısını stimullaşdırmaq istiqamətində addımlar atır. Belə addımlardan biri Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. İki gün əvvəl Milli Məclisdə qəbul olunan dəyişikliyə görə, Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olan hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur.

Xatırladaq ki, layihənin ilkin variantında vergidən azad olunan məbləğin 10 min manat olması nəzərdə tutulurdu. Milli Məclis üzvlərinin təklifini nəzərə alan hökumət məbləğin 20 min manata çatdırılmasına qərar verib.

Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsi zamanı əldə olunan gəlirlərin vergidən azad olunması maddəsi də əksini tapıb. Bu dəyişikliyə əsasən banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək. Bununla yanaşı, “yaralanan şəxslər”in “müharibə iştirakçıları” termini ilə əvəz edilməsi də Milli Məclis tərəfindən qəbul olunub ki, bu da imtiyazların əhatə dairəsini kifayət qədər genişləndirəcək. Vergi güzəştlərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə də şamil edilməsi ikinci oxunuşda qəbul olunub.

Xatırladaq ki, şəhid ailələrinin, müharibədə əlil olan şəxslərin kredit borclarının silinməsinin stimullaşdırılması ilə bağlı Prezident İlham Əliyev ötən il hökumətə tapşırıq vermişdi. Bu tapşırıq və Mərkəzi Bankın tövsiyələri əsasında bank və qeyri-bank kredit təşkilatları ötən ildən bu kateqoriya şəxslərin istehlak kreditlərini tamamilə silir, digər kreditlərə faiz hesablanmasını dayandırırdılar. Hökumət bu jesti dəyərləndirməklə yanaşı, kredit təşkilatlarını bu prosesdən itkilərinin bir hissəsini öz üzərinə götürməklə onları daha da stimullaşdırmış olur. 

Qeyd edək ki, Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqları heç bir xarici dəstək almadan öz hesabına bərpa etməkdədir. Azad olunan ərazilərdəki bütün tikinti-bərpa işləri bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilir. Belə bir vaxtda dövlətin büdcəyə çatacaq hər manata ehtiyacı var. Buna baxmayaraq, Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan, yaralanan şəxslərin, onların ailə üzvlərinin sosial müdafiəsini, sosial təminatını getdikcə gücləndirmək üçün büdcədən ayırmaları artırmaqla yanaşı, büdcəyə çatası gəlirlərindən də onların nəfinə imtina edir. Vergi Məcəlləsinə edilən dəyişikliklər bir tərəfdən bankları və qeyri-bank kredit təşkilatlarını şəhid ailələri, əlil və müharibə iştirakçılarının kredit borclarını bağışlamağa stimullaşdırır. Digər tərəfdən isə özəl qurumların ehtiyaclı şəhid ailəsi və müharibə əlillərinə yardım etməsini təşviq edir. Bu isə o deməkdir ki, belə stimullaşdırma və təşviqə görə dövlət büdcəsinə çatmayacaq gəlirlər elə dövlətin həmin şəxslərə yardımı kimi qəbul edilməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button