Qaribaşvili qovluğunda Bakıya nələr gətirmişdi: mina xəritələri və…

ABŞ Gürcüstan vasitəsilə bölgədə iştirakını təmin etməyə çalışır; Qabil Hüseynli: “Tiflis çox istəyir ki, Rusiyanın Cənubi Qafqazdan ayağını kəssin”

Gürcüstan yenidən təşəbbüsü ələ almaq istəyir. Buna daha çox ABŞ-ın səyləri də demək olar. Vaşinqton Cənubi Qafqazda ən yaxın siyasi partnyoru olan Tiflislə regional məsələlərdə aktiv iştirak etməkdə həvəsli görünür. Buna qədər Ağdamın mina xəritələrinin qaytarılması müqabilində 15 diversantın Ermənistana təhvil verilməsində ABŞ təşəbbüskar, Gürcüstan vasitəçi rolu oynamışdı. Bu dəfə də analoji anlaşmanın olması istisna edilmir.

“Yeni Müsavat”a bildirir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Bakıya bir günlük səfərindən və verdiyi açıqlamalardan bunu sezmək mümkündür. Düzdür, səfərin ağırlıqlı hissəsi iqtisadi əlaqələrin müzakirəsi idi, lakin  siyasi mövzular da gündəmdə olub.

Gürcü baş nazir Bakıya hələ gəlməzdən əvvəl ölkəsinin “İmedi” telekanalına müsahibəsində Bakı ilə İrəvan arasında “xeyirxah qonşuluq münasibətlərinin qurulmasına” kömək göstərmək arzusunu ifadə etmişdi. Və Bakı ilə İrəvan arasında bu ilin yayında baş tutmuş mübadiləyə – bir qrup erməni hərbçisinin işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritəsi ilə dəyişdirilməsinə toxunmuşdu. Onun sözlərinə görə, prosesi sona çatdırmaq arzusu var. Gürcüstanın baş naziri Azərbaycandan sonra Ermənistana da səfər edəcəyini anons edib. Qaribaşvili deyib ki, Prezident Əliyevlə çox yaxşı münasibətləri var, bir-birinə etibar edirlər. Onun sözlərinə görə, Paşinyanla da yaxşı münasibətləri var: “Hesab edirəm ki, bütün enerjimi münasibətlərin nizamlanmasına sərf edə və pozitiv rol oynaya bilərəm”.

Qaribaşvili sentyabrın 27-də keçirilən brifinqdə isə Tiflisdə Ermənistan və Azərbaycanın yüksək vəzifəli şəxslərinin daimi əlaqələri üçün platforma yaratmağı təklif etmişdi. Belə güman etmək olar ki, Gürcüstan yenə də mina xəritələrinin və diversantların dəyişdirilməsinə vasitəçilik edə bilər. Bununla paralel olaraq isə hər iki ölkənin bir neçə mühüm nazirlik və komitə nümayəndələrindən ibarət müzakirə platforması yaradıla bilər. Rusiya-Azərbaycan-Ermənistan baş nazir müavinləri səviyyəsində İşçi Qrupu yaradılsa da, hələ ki bu formatda irəliləyiş yoxdur. O halda, Gürcüstanın təklif etdiyi birgə platforma nəyi dəyişə bilər? Ermənistan Rusiyanın vasitəçiliyini boykot edib, Gürcüstana etimad göstərə bilərmi?

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Gürcüstanın bu məsələlərdə rol oynaması müsbət nəticə verə bilər: “Qaribaşvili Azərbaycanı strateji tərəfdaş, Ermənistanı dost ölkə adlandırdı. Deməli, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstan çox istəyir ki, Rusiyanın Cənubi Qafqazdan ayağını kəssin. Gürcü baş naziri hesab edir ki, bölgədə sülh yaranmasında Moskva maraqlı deyil. Ona görə Azərbaycan-Ermənistan arasında mürəkkəb münasibətlərin çözülməsində Tiflis daha yaxşı rol oynaya bilər”.

Q.Hüseynlinin fikrincə, Gürcüstanın Türkiyə ilə də yaxşı əlaqələri var: “O baxımdan Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə arasında münasibətlərin yaradılmasında vasitəçi missiyasını üzərinə götürmək istəyir. Ərdoğan isə Paşinyanla görüşə qədər İrəvanın bir sıra addımlar atmalı olduğunu qeyd etmişdi. Zənnimcə, Gürcüstanın baş nazirinin Bakıda bir sıra önəmli təklifləri olmamış deyil. Ona görə Qaribaşvilinin bir günlük işçi səfərinin ciddi məqsədlərinin olduğunu güman edirəm. Rəsmi Tiflis regionda əmin-amanlıq yaranmasında çox maraqlıdır. Gürcüstan öz dərisində hiss edib ki, bölgəni qarışdıran, ilhaq prosesi həyat keçirən Rusiyadır. Onun Ermənistanın təkliflərini Azərbaycan rəhbərliyinə çatdırdığını da ehtimal etmək olar. Minsk Qrupunun vasitəçilik səylərindən daha çox Gürcüstanın təşəbbüsləri hər iki ölkə üçün faydalı olardı”. Politoloq hesab edir ki, Ermənistanın vasitəçilik məsələsində Rusiyadan imtina edib Gürcüstanı seçəcəyi çətin görünür: “Amma Paşinyan özü Tiflisə səfər etdi. Onsuz da üçtərəfli İşçi Qrupunun fəaliyyətində tormozlanma var. Hər halda, Gürcüstanın xoş niyyəti ortalıqdadır”.

ARAMCO”nun partladılması kimə xidmət edir? - Ramiyə Məmmədova

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ Gürcüstan vasitəsilə bölgədə iştirakını təmin etməyə çalışır. Onun fikrincə, bölgədə dominantlıq Rusiya və Türkiyədədir: “Amma Tiflis də təşəbbüskar və fəal görünür. Qaribaşvilinin Bakıdan İrəvana səfəri də göstərir ki, buradan aldığı təklifləri Ermənistana çatdıracaq. Əlbəttə, mina xəritələrinin verilməsi istisna deyil. Amma Prezident İlham Əliyev açıqladı ki, bundan qabaq verilmiş mina xəritələrinin cəmi 25 faizi həqiqidir, yerdə qalanı saxta olub. Belə çıxır ki, Ermənistan həm Gürcüstanın, həm Rusiyanın vasitəsilə baş tutan razılaşmalarda saxtakarlığa yol verib. Bu, həm İrəvana olan inamı dəfn edir, həm də vasitəçilərə olan etimadı sarsıdır. O baxımdan Qaribaşvilinin daha çox başqa təkliflərlə çıxış edəcəyini güman edirəm. Məsələn, Gürcüstanda hər iki ölkə rəsmilərinin görüşünün təşkili daha realdır. Azərbaycan Prezidenti Fransa telekanalına bildirib ki, bütün hərbi əsirlər qaytarılıb, 10 noyabrdan sonra saxlanan diversantlardan isə kimlərin cinayəti sübut olunubsa, mühakimə ediliblər. Ona görə mina xəritələri və əvəzində ermənilərin verilməsi anlaşması bu ərəfədə sual doğurur”. Ekspert işğaldan azad edilən ərazilərin minadan təmizlənməsi işlərinin davam etdiyini, Ağdam şəhərinin tamamilə minadan təmizləndiyini xatırlatdı: “Azərbaycan xarici şirkətlərlə də işləyir, Qarabağda minatəmizləyənlər arasında Britaniya, Türkiyə var. Artıq masada başqa təkliflər olmalıdır: sərhədlərin delimitasiyası, sülh sazişi üçün atılacaq addımların müzakirəsi və s.

Amma Rusiya vasitəçilikdə monopoliyanı əldən verməməyə çalışacaq. Çünki üçtərəfli bəyanat əsas razılaşma hesab olunur, Gürcüstan isə kənardan öz təkliflərini irəli sürür. Hər halda, Qaribaşvili Bakıdan İrəvana çantasında təkliflər paketi aparmamış olmaz”.

Hamısını Göstər

Related Articles

Back to top button