Qaxda keçidlərdən istifadə etməyən piyadalar barəsində tədbir görülüb
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin
qarşısının alınması, eləcə də onların maarifləndirilməsi məqsədilə şəhər ərazisində
profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
verilən məlumata görə, xüsusilə də şəhərin mərkəzi küçə və prospektlərində
keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək özlərinin, eləcə
də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan şəxslər polis
əməkdaşları tərəfindən müəyyən olunub. Onlara qaydalar barədə ətraflı məlumat
verilib və bu kimi halların piyadaların xəsarət almasına, bəzi hallarda həyatını
itirməsinə səbəb olduğu izah edilib.
Aparılan maarifləndirici tədbirlərə baxmayaraq analoji qayda pozuntusuna
yol verən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.