Qlobal Cənubun və Şərqin taleyi bu cəhətdən oxşardır – Ramil Usubov Moskvada maraqlı məsələ qaldırdı…

Şəmsəddin Əliyev: “Dünya ölkələri bu mesajdan nəticə çıxarıb, qlobal təhlükəsizliyin təmin olunmasına nail olmaq, qlobal təhdidləri aradan qaldırmaq üçün birlik, həmrəylik nümayiş etdirməlidir”

Təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək səviyyəli nümayəndələrin “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda 13-cü beynəlxalq görüşü Moskvada keçirilib.

Görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini bildirib. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycan Respublikasının bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.

R.Usubovun qaldırdığı bu məsələ doğrudan da çox aktualdır və bu kimi məsələləri təklikdə həll etmək mümkün deyil.

Həqiqətən də belədir ki, qlobal təhlükələr var və qlobal Cənubun və Şərqin bundan təklikdə müdafiə olunması mümkünsüzdür, bunu kiber hucumlardan, texnoloji təhdidlərdən təkbaşına qorumaq çətindir.

Qlobal Cənubun və Şərqin taleyi bu cəhətdən oxşardır.

Ekspert Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, R.Usubovun məsələyə yanaşması çox doğru yanaşmadır: “Bu, qlobal dünya üçün təkzibolunmaz bir mesajdır. Bəli, sözün həqiqi mənasında bəşəriyyət təhdid olunur. Transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin beynəlxalq səviyyədə qanunsuz dövriyyəsinə güclü dövlətlərin havadarlığı, qanunsuz silah alveri, XXI əsrin köləliyi kimi qəbul olunan insan alveri kimi neqativlər “iri addımlarla” dünyanı dolaşır.

Eyni zamanda da kiber cinayətkarlıqlar, texnoloji dələduzluqlar, təhdidlər artır. Dövlətlər nə qədər beynəlxalq konvensiyalara qoşulsalar da, o sənədləri ratifikasiya etsələr də, mübarizə tədbirləri yenə də birlikdə həyata keçirilmir.

Mübağiləsiz demək istəyirəm ki, Azərbaycan dövləti və hüquq-mühafizə orqanlarımız bəşəriyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ölkəmiz həm bu mübarizənin formaslaşdırılımasında fəal iştirak edir, həm də onun təmin edilməsini həyata keçirir. Həm də səthi yanaşmalardan, korporativ maraqlardan uzaq, sırf təhlükəsizliyin təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Elə Ramil Usubovun nazir olduğu vaxtdan indiyə qədər 100 min əhaliyə düşən cinayətlərin sayına görə Azərbaycan öncül yerlərdədir. Hətta Avropanı üstələyir. Bu gün inkişaf etməkdə olan ölkələrə, zəif dövlətlərə qarşı təhdidlər mövcuddur.

İnsan hüquq və azadlıqlarının beynəlxalq hüququn əsas prinsipləri ilə qorunduğu elan edilsə də, Helsinki Assambleyasının 1975-ci ildə qəbul olunan Yekun Aktında qəbul olunan bu mühüm norma BMT tərəfindən qorunsa da, insan hüquq və azadlıqlarına qarşı təhdidlər mövcuddur. Bu təhdidlər hər gün var. Bundan daha çox zəif dövlətlər əziyyət çəkir”.

Azərbaycan torpaqlarının 30 il işğalda olduğunu xatırladan Ş.Əliyev bildirdi ki, bu zaman beynəlxalq hüququn normaları kobudcasına pozuldu. O qeyd etdi ki, 4 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi də beynəlxalq qanun pozuntusudur. “Dünya ölkələri nə qədər ki qlobal təhdidlərə qarşı səfərbər olunmayıb, birgə müharizə həyata keçirilmir, əksər ölkələr və insanlar bu təhdidlərin qurbanına çevriləcək. Vəziyyət o həddə çatıb ki, bu gün BMT-nin, onun Təhlükəsizlik Şurasının dünyada sabitliyi təmin etmək üçün atdığı addımlar nəticə vermir, bu, havaya atılan gülləyə bənzəyir. Götürək İsraili. Heç kəs bu ölkəyə “dur” deyə bilmir. Bu açıq-aşkar təhdid diplomatiyası, təhdid siyasətidir. İsrail dövləti dostumuzdur, bizim ərazi bütövlüyümüzü həmişə dəstəkləyib, amma bəşəriyyətə, insanlığa qarşı cinayətlərinin sayı artmaqda davam edir.

Bu gün Bakıda 15 nəfər erməni əsilli müharibə canisinin məhkəməsi gedir, bu məhkəmə Nürnberq prosesini xatırladır. Zamanında beynəlxalq aləm bu canilərə “dayan, dur” desəydi, o cinayətlər baş verməzdi. Belə çıxır ki, demokratiya həddən artıq çoxdur və cəzasızlıq mühitinə imkan yaradılır. Ona görə də diqqət olmayan hər şey məhvə məhkumdur. BMT-nin üzvü olan ölkələr insan hüquqlarına diqqət yetirməlidirlər.

Ramil Usubovun mesajının ciddi mənası var və dünya ölkələri bu mesajdan nəticə çıxarıb qlobal təhlükəsizliyin təmin olunmasına nail olmaq, qlobal təhdidləri aradan qaldırmaq üçün birlik, həmrəylik nümayiş etdirməlidir. Çünki bu təhdidlərlə heç bir ölkə təkbaşına mübarizə apara bilməz. Hər bir dövlət bu sahədə gördüyü işlərlə bağlı BMT-yə hesabat təqdim etməlidir. O hesabatlar BMT-də müzakirə olunmalıdır, hansı dövlətin, hansı qitənin bu sahədə ciddi, nümunəvi iş gördüyünü dünyaya xatırlatmaq lazımdır” – deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button